“Devalvasiyadan 15 gün keçməsinə baxmayaraq hələ də Mərkəzi Bank mövqeyini ortaya qoymayıb”
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov Moderator.az-a açıqlamasında gündəmin ən aktual mövzusuna – manatla götürülmüş bank kreditlərinə görə devalvasiyadan sonra məzənnə fərqinin də tələb olunması probleminə toxunub.
“Bir neçə gün öncə Ali Məhkəmənin bir hakiminin açıqlaması oldu və sonradan Ali Məhkəmə də bəyanat yaydı ki, bu, rəsmi mövqe deyil. İndi də deyirlər ki, Konstitusiya Məhkəməsi şərh verməlidir. Burda şərh eləməyə nə ehtiyac var axı? Banklar haqqında və Mərkəzi Bank haqqında qanun var. Azərbaycanda pul-kredit siyasətinə cavabdeh təşkilat Mərkəzi Bankdır. Devalvasiyadan 15 gün keçməsinə baxmayaraq mən çox təəssüf edirəm ki, hələ də Mərkəzi Bank mövqeyini ortaya qoymayıb. Amma cavabını gözləyən suallar çoxdur. Şəxsən mənə çoxsaylı suallar verirlər. Burda bir neçə məsələ var ki, Mərkəzi Bank mövqeyini bildirməlidir. Birincisi banklarla həmin kreditləri götürən vətəndaşlarla və sahibkarlarla müqavilə bağlanılıb. Fiziki və hüquqi şəxslərlə banklar arasındakı müqavilənin heç bir bəndində göstərilməyibsə fors-major situasiyada tərəflərin öhdəliyi nədir, o zaman banklar əlavə ödəniş tələb edə bilməzlər. Yəni manatın məzənnəsi dəyişəndə müqavilə şərtlərində hansısa dəyişikliyin olması nəzərdə tutulmayıbsa banklar heç bir halda insanlardan yeni məzənnə ilə pul tələb edə bilməz. Konkret olaraq tutaq ki, o vaxt dollarla kredit götürəndə kurs bir manata görə 78 qəpik idisə, bu gün də elə həmin məzənnə ilə geri qaytarılmalıdır. Yox, əgər müqavilədə məzənnə dəyişikliyi olacağı halda şərtlərin dəyişəcəyi nəzərdə tutulubsa o zaman həmin sahibkar indiki məzənnə ilə ödəməlidir. Çünki bu zaman onun məhkəməyə müraciəti də nəticə verməyəcək. Bu məsələ o qədər aydındır ki, bundan ötrü hansısa məhkəmə instansiyasının şərh verməsinə nə ehtiyac var? Amma mənə çoxsaylı şikayətlər var ki, banklar inadkarlıq edərək heç bir əsasları olmadan yeni məzənnə ilə kreditlərin ödənilməsini tələb edirlər. Niyə? Niyə mən 33 faiz əlavə pul ödəməliyəm? Səndən pul götürəndə bu barədə razılaşmışdıq? Bu məsələdə hesab edirəm ki, dövlət başçısının da müdaxiləsinə ehtiyac yoxdur. Mənə müraciət edənlərə də başa salıram ki, əgər bankdan kredit götürərkən müqaviləndə məzənnə dəyişikliyi barədə bənd yoxdursa, yəni fors-major hallarda bankların əlavə pul tələbi yoxdursa, sənin üzərinə əlavə öhdəliklər qoyulmayıbsa, bu gün onlar 33 faizlik devalvasiyanı vətəndaşa yükləyə bilməz və dərhal məhkəməyə müraciət edərək bankı yerində oturtmaq lazımdır”, – deyə V.Əhmədov bildirib.