Məhəmməd Talıblı: «Naxçıvanda əlverişli biznes mühitindən yox, inhisarçılıqdan söhbət gedə bilər, orada məhdud sayda şəxslərin əlində böyük biznes səlahiyyətləri var»
Naxçıvan Muxtar Respublikasının bu ilki xərcləri 366.7 milyon dollar proqnozlaşdırılır. Xərclərin 18.8 faizi və ya 69 milyon manatı Naxçıvanın öz gəlirləri, 81.2 faizi və ya 297.7 milyon manatı isə dövlət büdcəsindən dotasiya hesabına formalaşacaq.
Bu il dövlət büdcəsindən Naxçıvana ötən illə müqayisədə 14 milyon dollar artıq vəsait ayrılması proqnozlaşdırılır. Naxçıvanın 2014-cü il üzrə 350,5 milyon manat proqnozlaşdırılan büdcəsinin xərclərinin 80,9 faizi və ya 283,7 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına, 19,1 faizi və ya 66,8 milyon manatı Muxtar Respublikanın öz gəlirləri hesabına formalaşacağı nəzərdə tutulmuşdu. Bundan başqa, Naxçıvanda həyata keçirilən infrastruktur və sosial təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən müvafiq məbləğdə vəsait ayrılacaq.
Naxçıvanın gəlir və xərclərilə bağlı məsələni şərh edən iqtisadçı-ekspert Məhəmməd Talıblı Muxtar Respublikanı Ermənistanla mühasirədə olmaqla yanaşı, eyni zamanda, Türkiyə və Iranla xarici iqtisadi əlaqələr həyata keçirən, əlverişli bir ərazidə yerləşən region kimi xarakterizə edir. Ekspert bu mənada, bölgənin iqtisadi göstəricilərinin müsbət tərəfinin olduğunu yada salır: “Indiyə qədər orada həyata keçirilmiş iqtisadi islahatlar, imkanlar ona gətirib çıxarmalıydı ki, büdcənin 40-50 faizi və ya əhəmiyyətli hissəsi daxili gəlirlər hesabına formalaşmalıydı. Amma indiki halda, gəlirlərin 80 faizini Azərbaycanın dövlət büdcəsi verir. 20 faiz isə daxili imkanlar hesabına formalaşır. Regionun sosial-iqtisadi vəziyyətinin inkişafıyla bağlı müxtəlif investisiya layihələri həyata keçirilib. Həmin layihələr özünün geriyə dönüşüylə büdcəyə əlavə gəlirlər gətirməliydi. Yaradılmış yeni müəssisələr, yeni infrastruktur biznes üçün əlverişli şərait yaratmalıydı. Lakin orada əlverişli biznes mühitindən deyil, sadəcə, inhisarçılıqdan söhbət gedir. Müəyyən məhdud sayda şəxslərin əlində böyük bir biznes səlahiyyətləri var. Yerdə qalan əksəriyyət isə yalnız başqa yerlərdə özünə iş axtarmaqla məşğuldur. Belə bir vəziyyətdə əmək ehtiyatlarının da düzgün yerləşdirilməməsi Naxçıvanda miqrasiya proseslərini sürətləndirir, vətəndaşların gəlir imkanlarını çətinləşdirir”.
Ekspert qeyd edir ki, artan investisiya layihələri həm dövlət büdcəsi qarşısında əlavə gəlirlər gətirməli, həm də investisiya, sosial layihələrin həyata keçirilməsi orada məşğulluğun təmin olunmasını stimullaşdırmalıdır: “Təəssüf ki, indiki halda hər iki sahədə çox ciddi problemlər var”.
Nigar