Dəyişiklik artıq parlamentin komitəsindən keçdi
Vətəndaşların bank əmanətlərindən əldə etdiyi faizin gəlir vergisinə cəlb olunmasını nəzərdə tutan dəyişiklik Milli Məclisin iqtisadi siyasət komitəsində qəbul olunub.
“Mediaforum”un məlumatına görə, komitənin dünən keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Vergilər nazirinin birinci müavini Natiq Əmirov iclasda iştirak edərək bildirib ki, dəyişikliyə görə, yerli bankların, eləcə də xarici bankların Azərbaycandakı filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi gəlir vergisindən azaddır: “Illik gəlirin 500 manatdan çox olan hissəsindən isə gəlir vergisi tutulacaq. Məsələn, əmanətçinin bir bankda 30 min manat həcmində əmanəti olarsa, həmin şəxs ildə 300 manat gəlir vergisi ödəməli olacaq. Əgər əmanətçi gəlir vergisindən azad olmaq istəyirsə, o zaman bu məbləği altı bankda illik gəliri 500 manatdan çox olmamaq şərti ilə yerləşdirə bilər”.
Rublun qiymətdən düşməsi fonunda digər valyutalara da təhlükə yaranması şəksizdir. Bu xüsusda ekspertlər, hətta manatın da dəyərini itirəcəyi proqnozunu verir. Belə olan təqdirdə, əhali bank əmanətlərini geri çəkməyə çalışacaq və nəticədə sözügedən sektora ciddi ziyan dəyəcək. Görəsən, məlum dəyişiklik qəbul edilərsə, vəziyyət necə olacaq?
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, əmanət faizlərinin gəlir vergisinə cəlb edilməsi barədə pozitiv qərar qəbul edilə və məsələyə yenidən fasilə də verilə bilər. Ekspertin sözlərinə görə, hökumətin yürütdüyü iqtisadi siyasət sosial-iqtisadi kataklizmlə müşayiət olunur. Yəni, makroiqtisadi göstəricilər pisləşir, gəlir gətirən sahələrin sayı, gəlirlərin həcmi azalır: “Bütün bunlar deməyə əsas verir ki, hökumət əmanətçilərin əldə etdiyi faizlərə gəlir vergisi tətbiq edəcək. Böyük ehtimalla, bunu qəbul edəcəklər. Çünki bu artıq büdcə zərfinə də daxil edilib və onun qəbul olunacağıyla bağlı ehtimal çox yüksəkdir”.
Nigar