“50 milyonu yığa bilməyən banklar çoxdan ləğv olunmalıydı”
Millət vəkili, iqtisadçı ekspert Vahid Əhmədov 3 aydan sonra möhlət hüquq başa çatan bankların gələcək aqibətləri və Mərkəzi Bankın vətəndaşların belini qıran yuxarı faizlərin aşağı salınması üçün atmalı olduğu addımlarla bağlı Moderator.az-ın sualını cavablandırıb:
“Hal-hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir. Mən bir millət vəkili və iqtisadçı kimi hesab edirəm ki, Azərbaycanda 46 banka ehtiyac yoxdur. Bu bankların çoxunun nizamnamə kapitalı, dövriyyə vəsaiti aşağıdır, ona görə də onlar insanlara kreditləri çox yüksək faizlərlə verirlər. Diqqət yetirmisinizsə bu gün bu banklar hətta 30-35 faizlə vətəndaşlara kredit verirlər. Bunları nizama salmaq üçün Mərkəzi Bank bir sıra addımlar atmalıdır. Bunlardan da biri həmin bankların nizamnamə kapitalının artırılmasıdır. Nizamnamə kapitalı bankın çevik və səmərəli fəaliyyət göstərməsi üçün əsas vəsaitdir. Banklar həmin vəsaitə uyğun da fəaliyyət göstərirlər. Hal-hazırda bankların nizamnamə kapitalı 10 milyon manatdır. Amma 2013-cü ildə Mərkəzi Bank bununla bağlı qərar qəbul etmişdi ki, bankların nizamnamə kapitalı 2014-cü il yanvarın birindən 50 milyon manat olsun. Amma sonradan naməlum səbəblərdən bu möhləti bir il də uzadaraq 2015-ci ilin yanvarın birinə keçirdilər. Hesab edirəm ki, bu səhv addım idi. Həmin 50 milyonu yığa bilməyən banklar ya ləğv olunmalı, ya da hansısa banklarla birləşməlidir. Nəticədə iri bankların yaranması dövriyyə vəsaitlərinin çoxalmasına, nizamanmə kapitalının artmasına, onun likvidlkiyinin təminatına imkan yaradardı, kreditləri də bu zaman aşağı faizlərlə vermək mümkün olardı. Necə ki, Mərkəzi Bank mərkəzləşdirilmiş kredit faizlərini aşağı saldı, eynilə də bankların nizamnamə kapitalını artırmaqla onların daha səmərəli fəaliyyət göstərməsinə töhfə vermək olardı.
Onsuz da bu bankların hamısının arxasında müəyyən insanlar dayanıb. Amma elə banklar da var ki, o səviyyəyə gəlib çıxa bilməyib. Yəni 50 milyon manatı yığa bilmirlər. Ona görə də məcbur olub yuxarı faizlərlə kredit verirlər, bu isə sonradan banklarla vətəndaşlar arasında çoxsaylı problemlərə yol açır. Mən hesab edirəm ki, bu cür xoşagəlməz hallardan sığortalanmaq üçün bankların sayı azaldılmalı və nizamnamə kapitalı artırılmalıdır ki, faizlər aşağı salınsın.”