Büdcəyə vergi daxil olmalarının 25 faizi ARDNŞ-in payına düşür
Məhəmməd Talıblı: «Neft sektorundan daxil olmaları yalnız qeyri-neft sektorunun inkişafı hesabına azaltmaq olar»
2013-cü ildə dövlət büdcəsinə vergi şəklində köçürülən vəsaitlərin ümumi həcminin 23,6 faizi ARDNŞ-nin payına düşür. Bu barədə ARDNŞ-nin saytında dərc edilmiş 2013-cü ilin hesabatında deyilir.
Hesabatda bildirilir ki, 2013-cü ildə 6 663 633,4 min manat dövlət büdcəsinə ödənilən vergi və s. daxilolmalardan 1 574 494,0 min manatı ARDNŞ-nin payına düşür ki, bu da faiz nisbəti ilə respublika üzrə ümumi vergi ödənişlərinin 23,6%-ni təşkil edir.
Əslində bu cür statistik rəqəmlər ölkə iqtisadiyyatının bərbad durumda olduğunu göstərir. Çünki dövlət büdcəsinin gəlirlərinin 25 faizi məhz ARDNŞ-in payına düşür. Halbuki normal ölkələrdə büdcə gəlirlərinin əsas payı məhz sahibkarlıq subyektlərinin, özəl sektorun payına düşür.
İqtisadçı Məhəmməd Talıblı hesab edir ki, bu göstərici ondan xəbər verir ki, Azərbaycanda neftdən büdcəyə daxil olmalar təhlükəli həddə çatıb. Neft sektorunun Azərbaycan iqtisadiyyatında uzun müddətdir ki, dominantlıq etdiyini deyən M.Talıblı vurğuladı ki, Azərbaycan iqtisadiyyatının inkişafı deyiləndə əslində neft sektorunun inkişafı nəzərdə tutulur: «Azərbaycanın həm büdcəsi, həm də ümumi daxili məhsulu neft sektorundan asılı vəziyyətdədir. Amma dövlət büdcəsinə neftdən gəlirlər təkcə ARDNŞ-dən gəlmir. Neft Fondundan büdcəyə edilən transfertləri də nəzərə almaq lazımdır. Digər bir tərəfdən trans-milli kompaniyaların büdcəyə ödədiyi vergiləri də unutmaq lazım deyil. Azərbaycanın dövlət büdcəsində neftdən daxil olmalar 73 faizdir».
M.Talıblının sözlərinə görə, Azərbaycanda qeyri-neft sektorunda iqtisadi dinamizmi təmin edən də elə neft sektorudur. Azərbaycan iqtisadiyyatının ən böyük problemlərindən birinin məhz qeyri-neft sektorunun inkişafı olduğunu deyən M.Talıblı vurğuladı ki, qeyri-neft sektorunun inkişafı hesabına neft sektorundan daxil olmaları azaltmaq olar: «Hazırda Azərbaycan iqtisadiyyatında holland sindromu hiss olunmaqdadır. Ona görə həm regionların sosial-iqtisadi inkişafı, həm yoxsulluqla real mübarizə qeyri-neft sektorunu inkişaf etdirən amillərdəndir».
Xəyal