«Nə dərəcədə qənaət etməyimiz neftdən nə qədər gəlir əldə etməyimizdən asılı olmalı deyil»
Məhəmməd Talıblı: «Büdcə xərcləmələrində orta xərcləmə strategiyası tətbiq olunmalıdır»
Hazırda dünya bazarında neftin qiymətinin ucuzlaşması müşahidə olunur. Ilin əvvəlində qalxan neft qiymətləri hazırda aşağıya doğru getməkdədir. Ekspertlər ayın sonuna kimi bir barrelin qiymətinin 100 dollardan aşağı düşəcəyini proqnozlaşdırırlar.
Onu da qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində neftin bir barreli 100 dollar müəyyənləşdirilib. Ekspert Ilham Şaban “Bizim yol” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan riskli dönəmə yaxınlaşdığından, təcili neftdən gələn gəlirlərə bağlı olan xərclər azaldılmalı və neft vəsaitlərindən səmərəli istifadə təmin edilməlidir.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, neftin qiyməti dünya bazarında yüksək olan zaman da, bu qiymət aşağı düşəndə də dövlət siyasətini elə tənzimləməlidir ki, xərclərə hər bir halda qənaət edilsin. Ona görə bizim nə dərəcədə qənaət etməyimiz neftdən nə qədər gəlir əldə etməyimizdən asılı olmalı deyil: “Büdcə xərcləmələrində orta xərcləmə strategiyası tətbiq olunmalıdır. Dünyanın əksər ölkələrində bu strategiyadan istifadə edilir. Biz uzun müddət üçün xərcləməlrimizin strategiyasını müəyyən etməliyik. Bu zaman xərclər uzun müddət üçün ölkədə iqtisadi dayanıqlığı təmin etməlidir. Bu zaman xərcləmələr gələcək üçün də müəyyən edilməlidir”.
M.Talıblı bildirdi ki, bir qayda olaraq diletant insanlar çox pulu olan zaman çox, az vəsaiti qalanda az xərcləmə etməyə çalışır. Dövlətlərin də bəzən səriştəsiz siyasət yürütməsinin buna bənzədiyini deyən M.Talıblı bildirdi ki, dünya bazarında qiymətlərin dəyişməsindən asılı olmayaraq siyasəti elə müəyyən etmək lazımdır ki, büdcə təsadüfi qiymət dəyişmələrindən asılı olmasın.
Xəyal