Qiymətin, üstəlik Azərbaycanda neft hasilatının da aşağı düşməsi ölkəni ağır vəziyyətə salacaq
Dünya bazarında neftin qiyməti 80 dollara qədər düşəcək. “Layt Svit Fuller” analitik araşdırma şirkəti belə bir bəyanatla çıxış edib.
Şirkət gələn ilin əvvəlinə qədər dünya bazarında neftin bir barelinin 75-80 dollara satılacağını deyib. Kompaniya bu cür düşmənin əsas səbəbinin ABŞ-ın şərq sahillərində neft yataqlarına qoyduğu embarqonun götürülməsini göstərib. Ekspertlər həmçinin neftin qiymətinin belə tərzdə düşməsinin Rusiyanın da iqtisadiyyatına çox mənfi təsir edəcəyini bildirib.
Iqtisadçı-ekspert Nemət Əliyev də deyir ki, neftin hasilat həcminin və qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərəcək. Ekspert ölkə iqtisadiyyatının əsasən neftdən asılı vəziyyətə gətirildiyini vurğulayaraq, hökumətin yeritdiyi yanlış siyasətin hazırkı vəziyyəti yaratdığını bildirir: “Bu ilin dörd ayının yekunlarına görə, artıq bəlli idi ki, ötən ilin eyni dövrü ilə müqayisədə neftin hasilatı xeyli aşağı düşüb. Bu tendensiya davamlı olacaqsa, ilin sonunadək onun daha da aşağı düşəcəyi gözlənilir. 2013-cü ildə təxminən 43,1 milyon ton neft hasil olub ki, onun getdikcə aşağı düşəcəyi proqnozlaşdırılır. Deməli, tendensiyanın davam edəcəyi təqdirdə, onun 42 milyon ton olacağı qaçılmazdır”.
Ekspert qeyd edir ki, iqtisadiyyatı neftdən asılı olan bir ölkədə onun hasilatı və növbəti ildən hər barelə görə təxminən 20-30 dollar civarında aşağı düşəcəyi gözlənilir. Bu isə Azərbaycan iqtisadiyyatı üçün çox böyük itkidir. Belə ki, büdcə gəlirlərinin ödənilməsində, insanların əməkhaqqısının verilməsində, nəqliyyat sistemində ciddi problemlərin yaranacağı mümkündür. Bir sözlə, neftdən asılı olan bütün sahələrdə birbaşa və dolayı yolla çətinliklərin olacağı gözlənilir: “Biz bunu istəməzdik. Lakin əlahəzrət faktın qarşısında hər şey acizdir. Belə olacağı təqdirdə, çox ağır günlər gözlənilir. Hökumət buraxdığı yanlışlığı heç olmasa, bundan sonra etməməlidir. Korrupsioner, rüşvətxor, monopolist maraqlarından imtina edib heç olmasa, indi xalqı düşünməli, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atmalıdır”.
Sosial şöbə