Qiymət artımına səbəb nədir?
Son illər mənzil bazarında fantastik həddə qiymət artımı baş verdi və bu proses davam etməkdədir. Ümumiyyətlə daşınmaz əmlak bazarında qiymətlər son 5 ildə ən yüksək həddə çatıb. Dəqiq rəqəmlərlə ifadə etsək qiymət artımı 2011-ci ildə 4 faiz, 2012-ci ildə 12 faiz, 2013-cü ildə 26 faiz olub. Bu il isə daşınmaz əmlak bazarında bahalaşma 32.6 faiz təşkil edib.
Ekspertlər bu tendensiyanın davam edəcəyi qənaətindədir. Ekspert Nüsrət Ibrahimov “Şərq” qəzetinə açıqlamasında bildirib ki, bazarda təklif azaldıqca qiymətlər artır: “Qiymət artımı şəhərin mərkəzində deyil, xüsusən Bakı ətrafında müşahidə olundu. Burda daşınmaz əmlakla yanaşı torpaq sahələrinin də qiyməti artır. Bu artıma səbəb ölkədə aparılan tikinti layihələri, Rusiya və Ukraynada baş verən hadisələr və şəhərin mərkəzində söküntülər olub”.
Başqa bir ekspert Akif Mehrəliyev isə bildirib ki, daşınmaz əmlak bazarında gedən bahalaşma növbəti 5-8 il ərzində davam edəcək və yalnız bundan sonra ucuzlaşma baş verəcək.
Təbii ki, qiymət artımına göstərilən amillər səbəb ola bilər. Ancaq, mənzil bazarındakı fantastik artıma səbəb olacaq digər amillər də var.
Əvvəla qeyd etmək lazımdır ki, Bakı şəhərində həmişə 6-7 min mənzil satışa çıxarılıb. Bu rəqəm heç vaxt 10000 həddində olmayıb. Bu gün “Sovetski” də 10000 ev sökülüb və insanlara verilən kompensasiya təkrar mənzil bazarına qayıdır. Bu da qiymət artımına şərait yaradır.
Ancaq, qiymətlərin süni artımına mənzil monopoliyası ciddi təsir göstərir. 2005-ci ildən ölkədə tikinti bumu başladı və yeni tikililər meydana çıxdı. Ancaq, bir müddətdən sonra əksər tikinti şirkətləri müxtəlif yolarla sıradan çıxarıldı. Nəticədə bəzi oliqarxların nəzarətində olan tikinti şirkətləri bazarda “lider”lik etdilər və monopoliya yarandı.
Qiymət artımının başqa bir səbəbi sənədləşmə ilə bağlıdır. Məlumatlara görə, Bakıda 500 min sənədsiz ev var. Hətta, ölkə başçısı bununla bağlı sərəncam versə də, nəticə dəyişmədi. Çünki, evlərin kütləvi şəkildə sənədləşdirilməsi, oliqarxlara sərf etmir. Belə ki, ölkədə satışa çıxarılan xeyli mənzil var ki, sənədi olmadığı üçün alıcı tapa bilmir. Bu mənzillərin sənədləşdirilməsi bazara 10000-lərlə mənzilin daxil olması deməkdir. Bu isə mənzil qiymətlərinin avtomatik olaraq ucuzlaşmasına xidmət edir. Indiki halda sənədsiz evləri nə ipoteka yolu ilə almaq mümkündür, nə də alıcı belə bir risk etmək istəmir.
Bir sözlə, mənzil bazarında fırtınaya səbəb hazırki söküntülər olsa da, bu müvəqqəti səbəbdir. Əsas səbəb hökumətin bu sahədə də inhisarçı siyasət yürütməsidir.
Akif