Biznes mühitinin bu qədər bərbad olması nə ilə bağlıdır?
Məhəmməd Talıblı: «Məmurların ”monopoliya”sı, mürtəce qanunlar, əlçatmaz kredit şərtləri, biznes mühitinə mənfi təsir edən amillərdəndir»
Economist Intelligence Unit təşkilatı 82 ölkə üzrə “Biznes Mühiti Reytinqi” adlı yeni hesabatını hazırlayıb. Hesabata görə, dünyada iş görməyə ən əlverişli ölkə Sinqapurdur. Azərbaycan isə 82 ölkə arasında 73-cü yeri tutub. Iş görməyə yaradılan şəraitə görə Sinqapur 8,56 bal alıbsa, Azərbaycan 4,66 balla qiymətləndirilib.
Başqa sözlə, Azərbaycanda biznesə şərait dünya lideri olan Sinqapurdakından təxminən 2 dəfə pisdir. Hesabatda aldığı qiymətə görə Azərbaycanda biznesə yaradılan şərait Pakistan, Nigeriya və ya Əlcəzairdəki kimidir. Yəni hakimiyyətin fəxrlə danışdığı iqtisadi inkişafı, sahibkarlara qayğını, münbit biznes şəraitini bizim kimi dünya da müşahidə edə bilmir. Bəs, Azərbaycanda biznes mühitinin bu qədər geridə qalmasının səbəbi nədir?
Iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, müəyyən nəticələr əldə etmək üçün müxtəlif indekatorlar üzrə qiymətləndirmələr aparılır. Qiymətləndirmədə biznesin hüquqi qanunvericiliyinə diqqət yetirilir, fiskal siyasətin əsas konturları, biznes subyektlərinin maliyyə-kredit resurslarına çıxış imkanlarının olması, biznes qurumlarının qeydiyyata alınma müddəti və s. istiqamətlər nəzərə alınır: “Azərbaycanın bu qiymətləndirmə meyarlarına görə aşağı yerlərdə olmasının müxtəlif səbəbləri var. Ilk növbədə ölkədəki ”monopoiya”nı göstərmək lazımdır. Məmurların geniş bizneslə məşğul olması, biznes mühitini iflic edib və orta sahibkarlığın sıradan çıxarılmasına gətirib çıxarır. Başqa bir səbəb sahibkarların maraq və mənafeyini ifadə etməyən mürtəce qanunların qəbul edilməsidir. Yəni qanunvericilikdəki boşluqlar sahibkarlara problem yaradır. Digər tərəfdən, hələ də Antiinhisar qanunu qəbul olunmayıb. Ümumiyyətlə, məmurların biznes mühitinə təsir etməsi azad rəqabətə imkan vermir. Eyni zamanda idxalın artması da sahibkarların fəaliyyətini çətinləşdirir. Kredit resurslarının əlçatan olmaması da biznes mühitinə ciddi maneə yaradır. Başqa bir maneə həmin kreditlərin ağır şərtlər daxilində verilməsidir”.
Ekspert onu da əlavə etdi ki, yaranmış vəziyyət investorların ölkədən çıxmasına səbəb olur ki, bu da milli iqtisadiyyatı təhdid edən amillərdəndir: “Qiymətləndirməyə mənfi təsir göstərən amilllərdən biri də investorların digər ölkələrə maraq göstərməsidir. Azərbaycanda investorları razı salmayan siyasi, hüquqi və iqtisadi faktorlar var ki, bazarda neqativ tendensiyalara səbəb olur. Buna görə də investorlar ölkədən uzaqlaşırlar. Nəticə etibarilə bu investorlar digər ölkələrin vergi ödəyicilərinə çevrilirlər. Azərbaycana indi neft gəlirləri daxil olur. Ancaq bir müddət sonra bu gəlirlər azalacaq. Bunu nəzərə alaraq investorları ölkəyə cəlb etmək lazımdır. Çünki investorların ölkədən uzaqlaşması, milli iqtisadiyyatı çətin vəziyyətə sala bilər”.
Akif