Nemət Əliyev: «Ziyanın miqyasının azaldılması üçün Azərbaycan hökuməti indiki dönəmdə ölkədaxili siyasətində dəyişiklik etməlidir»
Iranla Azərbaycan arasında korlanan siyasi münasibətlər artıq digər sahələrə də təsirini göstərir. Baxmayaraq ki, hər iki dövlətin nümayəndələri münasibətlərin normal olduğunu deyir. Ancaq baş verənlər bunun əksini göstərir.
Xatırladaq ki, bir neçə gün öncə Iranın Azərbaycana nota verməsi gərginliyi bir qədər də artırdı. Bundan əvvəl isə Azərbaycan MTN-i Iranın Bakıda terror aktı hazırlamasına dair məlumat yaydı. Buna qədər hakimiyyət dairələrinin jurnalist Rafiq Tağının qətlini Iranla əlaqələndirməsi də münasibətlərdə öz rolunu oynadı. Iran da öz növbəsində Azərbaycanı təhdid etməkdə davam edir. Artıq siyasi münasibətlərdəki soyuqluq iqtisadi münasibətlərdə də özünü göstərməkdədir. Son bir neçə gündə Iran-Azərbaycan sərhədində gərginlik yaşanır. Azərbaycandan gedən yük maşınları Iran ərazisinə buraxılmır. Buna səbəb kimi isə onların standartlara uyğun gəlmədiyi göstərilir. Azərbaycan tərəfi də bunu cavabsız qoymayıb və Irandan gələn avtomobillər eyni səbəb göstərilərək geri qaytarılır. Iki ölkə arasında siyasi gərginliyin iqtisadi müstəviyə keçməsi Azərbaycana nə vəd edir? Bu yerdə başqa bir məqamı da xatırlatmaq yerinə düşər. Son illər Azərbaycandan müalicə üçün Irana üz tutanların sayı da artıb. Sərhəddə gərginlik yaşanacağı təqdirdə bu insanların da Irana buraxılmaması ehtimalı var. Eyni zamanda Irandan Azərbaycana turist axınının da qarşısı alına bilər. Bütün bunların hansı fəsadları yarana bilər?
Iqtisadçı-ekspert Nemət Əliyev Iranla münasibətlərin korlanmasının ciddi iqtisadi təsirlərinin olacağını deyir. Azərbaycanın Iranla 250-300 mln dollarlıq ticarət dövriyyəsi var. Problem bu maliyyə əməliyyatlarının həyata keçirilməsi baxımından özünü göstərəcək.
Ekspert baş verə biləcək problemlərin qarşısının alınması, ziyanın miqyasının azaldılması üçün Azərbaycan hökumətinin indiki dönəmdə ölkədaxili siyasətində dəyişiklik etməli olduğunun vacibliyini vurğuladı. Ancaq hər bir halda baş verənlər iqtisadi münasibətlərə və sosial proseslərə öz təsirini göstərəcək.
Fizzə