Çünki gəlirlərinin 73,5%-ni ərzağa xərcləyir
Qubad Ibadoğlu: «ABŞ standartlarına əsasən, əhali öz gəlirlərinin 35 faizdən çoxunu ərzağa xərcləyirsə, bu, yoxsul əhali sayılır»
Azərbaycan növbəti dəfə beynəlxalq təşkilatın hesabatında rusvayçı yerdə qərarlaşıb. ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin Iqtisadi Tədqiqatlar Xidmətinin 2011-ci il üzrə “Cross-Price Elasticities of Demand” adlı hesabatına əsasən, Azərbaycan ailələrin ərzaq büdcəsinə görə 114 ölkə arasında liderdir.
Yəni Azərbaycanda ailələr öz xərclərinin 73,5%-ni ərzaq alışına yönəldirlər. O da məlum olub ki, ölkədə ailələrin ərzağa əlçatanlıq səviyyəsi inkişaf etmiş ölkələrdən 6 dəfə aşağıdır. Inkişaf etmiş ölkələrdə ailələrin ərzaq xərcləri ümumi xərclərin az hissəsini təşkil edir. Qeyd edək ki, 2009-cu ilin hesabatında Azərbaycan əhalisinin öz xərclərinin təxminən yarısını ərzağa yönəltdiyi göstərilirdi. Bu hesabat bir daha hakimiyyətin inkişafla bağlı dediklərinin həqiqətən uzaq olduğunu göstərir. Qeyd edək ki, ölkədə istehlak edilən ərzağın böyük hissəsi idxal olunan mallardır. Ərzağın qiymətinin bahalığı da bəzi məqamlardan xəbər verir. Əgər eyni ərzaq qonşu ölkələrə daha ucuz başa gəlirsə, söhbət artıq monopoliyadan gedir. Ekspertlər də Azərbaycanın son hesabatda qərarlaşdığı yeri acınacaqlı hesab edir.
Iqtisadçı-ekspert Qubad Ibadoğlunun sözlərinə görə, ABŞ standartlarına əsasən, əhali öz gəlirlərinin 35 faizdən çoxunu ərzağa xərcləyirsə, bu, yoxsul əhali sayılır. Azərbaycanın hesabatda birinci yerdə qərarlaşması isə ölkədə yoxsulluğun səviyyəsinin kifayət qədər çox olduğunu göstərir. Bu da ən azı üç nəticədən xəbər verir: “Bir nəticə ondan ibarətdir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi hökumətin dediyi kimi 7,6 faiz deyil, kifayət qədər yüksəkdir. Çünki əgər əhali Amerika standartlarına görə öz gəlirlərinin 35 faizini ərzağa xərcləyirsə, yoxsul əhali sayılır. Ikinci nəticə odur ki, Azərbaycanda ərzaqların qiyməti və ərzaq inflyasiyası kifayət qədər yüksəkdir. Bu da Azərbaycan hökumətinin ölkədə inflyasiyanın olmaması ilə bağlı dediklərinin əksidir. Üçüncü nəticə ondan ibarətdir ki, Azərbaycan əhalisi, vətəndaşı özünün gələcəyi üçün investisiya qoya bilmir. Onun qazandığı hamısı ərzağa gedir. Bu o deməkdir ki, vətəndaşın gələcəklə bağlı heç bir proqramı, heç bir investisiyası yoxdur”.
Ekspertin fikrincə, bütün bunlar Azərbaycanda hələ də gəlirlərin və sərvətlərin ədalətsiz bölüşdürüldüyünü və eyni zamanda əhalinin böyük bir hissəsinin yoxsul olduğunu deməyə əsas verir. Eyni zamanda vəziyyətin bu həddə çatmasında ölkədəki monopoliyanın mövcudluğunu, pis idarəçiliyi və dövlətin bununla bağlı siyasətinin olmamasını da göstərmək olar. Q.Ibadoğlu burada korrupsiya və digər amillərin də böyük rolu olduğunu deyir.
Fizzə