Ötən illə müqayisədə Bakıda qiymətlər 17,67 faiz qalxıb
Iqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycanın 10 regionunda 2011-ci ilin noyabr ayı ərzində arardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. ITM-dən APA-ya verilən məlumata görə, ay ərzində Azərbaycanda istehlak qiymətləri 1,95% artıb.
Bu zaman ərzaq məhsulları 3,69% artıb, qeyri-ərzaq məhsulları 0,21% azalıb, xidmətlər isə 0,05% bahalaşıb.
Noyabrda oktyabr ayına nisbətdə Bakıda qiymətlər 2,22%, regionlarda 1,68% artıb, o cümlədən ərzaq məhsulları Bakıda 4,16%, regionlarda 3,23% bahalaşıb, qeyri-ərzaq məhsulları isə müvafiq olaraq 0,13% və 0,30% ucuzlaşıb.
Xidmətlərin dəyəri noyabr ərzində Bakıda 0,04% və 0,06% artıb. Noyabrda ən çox yer pomidoru (47,40%), yer xiyarı (43,18%), qatıq (4,15%) bahalaşıb. Ucuzlaşma isə lumu (5,91%), kəsilmiş taxta (4,48%), qadın üçün don (2,42%) və digər məhsullarda qeydə alınıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 13,53% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 17,67%, regionlarda isə 9,45% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (22,27%) olub.
Qeyri-ərzaq məhsullarında artım 3,53%, xidmətlərdə isə 4,65% təşkil edib. Cari ilin 11 ayında ölkədə istehlak qiymətləri 11,18%, o cümlədən ərzaq məhsulları 18,08%, qeyri-ərzaq məhsulları 2,94%, xidmətlər isə 4,36% yüksəlib.