Rəsmi Bakı hələ də ortaya qəti mövqe qoymayıb
Razi Nurullayev: «Azərbaycanın belə manevr etməsi çox şübhəli görünür»
“Nabukko” kəməri ilə bağlı qəti mövqeyini hələ də açıqlamayan Azərbaycan hakimiyyətinin bunu noyabrın sonlarında edəcəyi gözlənilirdi. Lakin bu günlərdə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xəzər enerjisinin gələcəyi mövzusunda Bakıda təşkil etdiyi tədbir ortaya başqa fikirlər çıxardı.
Belə ki, tədbirdə Vaşinqtonda yerləşən Qlobal Təhlükəsizlik Araşdırmaları Institutunun icraçı direktoru Qal Laft Cənub-Şərqi Avropa kəməri – SEEP və TAP kimi kiçik, tədricən inkişaf edən layihələrin daha da güclənəcəyini, “Nabukko” kimi böyük ambisiyalı layihələrin qaranlığa qərq olaraq yavaş-yavaş öləcəyini deyib. Bəs hakimiyyətin Qərb təmsilçilərinin dili ilə “Nabukko” layihəsini pisləməsi hansı məqsəd daşıyır? Bunu rəsmi Bakının layihədən imtinası kimi qəbul etmək olarmı?
Politoloq Razi Nurullayevin fikrincə, “Nabukko” ilə bağlı Azərbaycanın qəti qərar verməməsi Rusiya faktoru ilə bağlıdır. Çünki rəsmi Bakının müsbət cavabı Moskvanı qəzəbləndirəcək. Bunun nəticəsində Rusiya Azərbaycana təzyiqlərini daha da gücləndirəcək.
Ekspertin sözlərinə görə, digər tərəfdən Azərbaycan qəti qərar verməməklə balanslı siyasət yürütməyi düşünür. Amma bir məsələni unudur ki, Azərbaycanın artıq yeritdiyi balanslı siyasət Avropa kuluarlarında müəyyən mənada gülüş doğurmaqdadır: “Artıq dünya qütbləşməyə doğru getmir. Hər şey aydın şəkildə bildirilməli və Azərbaycan da qəti mövqeyini ortaya qoymalıdır. Lakin rəsmi Bakı bunu etmir”.
Ekspert hesab edir ki, Avropa Birliyi dövlətləri və ABŞ “Nabukko” ilə bağlı qəti mövqeyi ortaya qoysa, Azərbaycan heç bir halda layihədən imtina edə bilməz: “Qərbin ”Nabukko” ilə bağlı hələ tam rəy verməməsi Azərbaycanın müəyyən manevr etməsinə imkan yaradır. Əlbəttə, bu, Azərbaycana başucalığı gətirmir. Digər tərəfdən isə “Nabukko”dan daha ucuz başa gələcək başqa layihələri də Avropa Birliyi dövlətləri nəzərdən keçirir. Bununla da Azərbaycana şans verir. Qəribədir ki, hətta Türkmənistan rəhbərliyi “Nabukko” ilə bağlı strateji qərar qəbul edib. Amma bu, daha çox Azərbaycana xeyir gətirəcək bir layihədir. Azərbaycanın belə manevr etməsi isə çox şübhəli görünür.
Fizzə