«Tarixi xidmətləri olan «Azadlıq» radiosuna qarşı hakimiyyətin tutduğu mövqe antimillidir»
Cəmil Həsənli: «Baş verənlər hakimiyyətin Ukrayna hadisələrindən çıxardığı nəticələrin praktiki görüntüsüdür»
Hakimiyyətin repressiya siyasətini daha da gücləndirməsi “Azadlıq” radiosunun bağlanması ilə nəticələndi. Vətəndaş cəmiyyətinin sıxışdırılması kampaniyasının növbəti mərhələsi məhz Azərbaycan tarixində müstəsna xidmətləri olan “Azadlıq” radiosunun fəaliyyətinə son qoyulması oldu. Hakimiyyətin sərt beynəlxalq tənqidlərlə üzləşməsinə baxmayaraq iqtidar daxildə yürütdüyü siyasəti davam etdirir. Müsahibimiz Milli Şuranın sədri Cəmil Həsənlidir. Cəmil Həsənli ilə söhbətimizə hakimiyyətin “Azadlıq” radiosuna qarşı atdığı addımın mahiyyətinə aydınlıq gətirməyə çalışdıq.
– Hakimiyyətin bu addımının arxasında hansı mübhəm məqamların dayandığını izah etmək çətindir. Amma bütün hallarda məqsəd azad sözə qarşı hücumdur, azad sözü susdurmaq cəhdidir. “Azadlıq” radiosu Azərbaycanın ictimai fikrində böyük rol oynamış, dərin iz buraxmış informasiya orqanıdır. Həmişə “Azadlıq” radiosundan söz düşəndə xəyalən 90-cı ilin 20 Yanvar hadisələrinə qayıdıram. 20 Yanvar hadisələri baş verəndə, demək olar, Moskva rəhbərliyi Azərbaycanı tam informasiya blokadasına salmışdı. Həmin dövrdə Azərbaycanın haqq sözünü bütün dünyaya çatdıran yalnız bir informasiya orqanı var idi. Bu “Azadlıq” radiosu idi. Insanların həmin vaxt necə böyük həyəcanla bu radioya qulaq asdığı indi də gözümün qabağındadır. Ona görə də Azərbaycan cəmiyyətinin bu radioya bir minnətdarlıq borcu vardır. Həmin ağır, böhranlı günlərdə bu radio Azərbaycan xalqının yanında oldu, xalqımızın başına gətirilən bütün faciələri dünyaya yaydı. Nəticədə Moskvanın yaratdığı informasiya blokadası yarıldı. Ona görə də belə bir xidmətləri olan radioya qarşı Azərbaycan hakimiyyətinin tutduğu mövqe antimillidir. Şübhəsiz ki, Azərbaycanda artıq müstəqil media qurumları elə də çox qalmayıb. Bu çevrə həddindən artıq daralıb. Son vaxtlar bu çevrəyə “Azadlıq” qəzeti, “Azadlıq” radiosu, “Turan” Informasiya Agentliyi və contact.az saytı daxildir. Müstəqil və müxalif söz deyə biləcək media qurumlarının dairəsi belə məhdud bir çərçivəyə sığışdırılıb. Onları da susdurmağın çeşidli üsulları işə salınıb. “Azadlıq” radiosuna qarşı hücumları çoxdan başlamışdı, radionun FM tezliyindəki yayımına çoxdan qadağa qoyulmuşdu, lakin radionun araşdırmaçı jurnalisti Xədicə Ismayılın həbsi radionun Bakı ofisinin bağlanmasına hazırlıq məqsədi daşıyırdı. Bu cür total, kobud, hüquqa zidd formada radioya hücum edilməsi, radionun sənədlərinin müsadirə edilməsi, əməkdaşının həbsi, digər əməkdaşların ucdantutma istintaqa çağırılması şübhəsiz ki, ölkəmizdə tüğyan edən hüquq böhranının, qanunsuzluğun, repressiyaların, özbaşınalığın göstəricisidir.
“Hakimiyyət 2015-ci il parlament seçkilərinə hazırlaşır”
– Bu hakimiyyətin atdığı birinci repressiv addım deyildi. Bundan əvvəl də atılan addımlar vətəndaş cəmiyyətinə qarşı yönəlmişdi. Buna görə hakimiyyət sərt tənqid olunub. Amma buna rəğmən repressiv siyasət davam edir. Hakimiyyətin sərt tənqid olunmasına baxmayaraq bu cür siyasət yürütməsi nəylə bağlıdır?
– Ümumiyyətlə izahı çətin olan bəzi məqəmlar var. Bir tərəfdən ABŞ-da lobbi qruplarının tutulmasına milyonlarla dollar pul xərclənir. Konqressmenlər, senatorlar arasında iş aparılır, Azərbaycanı müdafiə edən lobbi qrupları yaradılmasına cəhdlər edilir, Vaşinqtonda çeşidli adlar altında çox bahalı süfrələr açırlar, Bakı-Nyu-York uçuşlarına start verirlər, ancaq başqa tərəfdən Qərb dəyərlərini və onun təmsilçilərini təqib edir, müstəqil QHT təmsilçiləri, siyasi qurumların üzvlərini, media nümayəndələrini kütləvi şəkildə həbsə atır, azad sözə qarşı müharibə elan edirlər. Bütün bular Azərbaycan hakimiyyətinin Ukrayna hadisələrindən çıxardığı nəticələrin praktiki təzahürüdür. Azərbaycan dünyada gedən proseslərə, dəyərlərə münasibətdə seçim etməli idi. O, bu seçimi Rusiyanın xeyrinə etdi, Moskvanın yanında dayanmağa üstünlük verdi. Bu, Azərbaycan hakimiyyətinin yalnız siyasi seçimi deyildi, eyni zamanda mənəvi baxımdan hansı dəyərlərə üstünlük verməsinin, strateji baxımdan hansı dəyərlərə söykənməsinin aydın bir təzahürü idi. Ölkədə antiQərb isterikasının baş alıb getməsi də məhz bununla bağlıdır. Indi Bakı daha çox Moskvanın xoşuna gələn addımları atmağa üstünlük verir. Mətbuat və QHT-lərin üzərinə olan hücum, vətəndaş cəmiyyətinin susdurulması hakimiyyətin Qərb əleyhinə apardığı siyasətin tərkib hissəsidir. Bu gün həbsdə olan siyasi məhbusların böyük əksəriyyəti Qərb dəyərlərinə, demokratik dəyərə bağlı olan, öz ölkəsini çağdaş dünya düzənində görmək istəyən adamlardır.
Bu repressiv addımların əsas səbəbi 2015-ci ilin parlament seçkilərinə hazırlıq məqsədi daşıyır. Çünki 2013-cü il seçkiləri göstərdi ki, hakimiyyətin əhali arasında dayaqları çox zəifdir, xalqın hakimiyyətə etimadı yoxdur. Ona görə hakimiyyətin hazırda apardığı repressiv addımlar siyasi mühiti təmizləmək, dövlətin resursları hesabına müxalifət partiyalarını zəiflətmək, vətəndaş cəmiyyətini dağıtmaq, QHT-ləri və seçki monitorinqi fikrinə düşən müstəqil qurumları susdurmaq, azad sözü və müstəqil mətbuatı boğmaq məqsədi daşıyır. Diqqət yetirin: hakimiyyət kimin üzərinə hücuma keçdi? “Zerkalo” qəzeti 2013-cü ilin seçkilərində kifayət qədər müstəqil mövqe nümayiş etdirmişdi. Hətta hakimiyyətin xeyrinə olmayan sorğuların nəticələrini də bəyan etməkdən çəkinməmişdi. “Azadlıq” radiosu da eyni funksiyanı yerinə yetirmişdi. Bir il ərzində hər iki media qurumu sıradan çıxarıldı. Şübhəsiz ki, bütün baş verənlər Azərbaycan hakimiyyətinin seçki saxtakarlığının ifşasının bir qisas məqamıdır. Bələdiyyə seçkiləri zamanı “Azadlıq” radiosu böyük fədakarlıqla işləmişdi. Radio karusel əməliyyatını bütün detalları ilə ortaya qoymuşdu. Dünyada demokratiyanın inkişaf tendensiyası, idarəçiliyin şəffaflaşmasına əsaslansa da, ölkəmizdə qapalılıq gündən-günə artır. Müstəqil, tənqidçi media qurumlarına qarşı repressiv metodlardan istifadə olunur, azad olmayan adamların azad sözə qarşı səlib yürüşü başlayır.
“Azərbaycanın seçimi Putin oldu”
– Yaxın zamanlarda ABŞ-da Azərbaycanla bağlı dinləmələr olacaq. Konqresdə keçiriləcək tədbirə ABŞ-ın tanınmış rəsmiləri, diplomatlar qatılacaq. Azərbaycanda baş verənlər nəzərə alınarsa, dinləmələrdən nə gözləyirsiniz?
– Son illərdə hər gələn yeni ilə bir ad qoyublar. Birinə “ekologiya”, digərinə “gənclər”, üçüncü birinə “sənaye” ili deyiblər. Bu baxımdan 2014-cü ili şübhəsiz ki, “siyasi məhbuslar” ili adlandırmaq olar. ABŞ-dakı dinləmələrin başlıca mövzusu da məhz, siyasi təsisatlar, müstəqil QHT təmsilçilərinin üzərinə hücumlar olacaq. Əlbəttə, Azərbaycanda siyasi məhbus məsələsi çoxdandır Vaşinqtonun diqqət mərkəzindədir və yəqin ki, dinləmələrin də mərkəzi məsələsi siyasi məhbuslarla bağlı olacaq. Təəssüflər olsun ki, dünyadakı seçim anının yetişdiyi bir məqamda Azərbaycan hakimiyyəti öz yerini Putinin düşərgəsində tapdı. Amerika ilə strateji müttəfiqlik haqqında təntənəli bəyanatlar erası artıq arxada qalmışdır. Azərbaycan-ABŞ münasibətlərinin bu həddə çatması yalnız təəssüf doğura bilər. Xalqın seçdiyi, xalqdan etimad almış bir hakimiyyət buna yol verə bilməzdi, çünki hakimiyyətin antiQərb və antiAmerika isterikası xalqımızın köklü maraqları ilə ziddiyyət təşkil edir. Nəzərə almaq lazımdır ki, ABŞ-ın dünya siyasətində rolu müstəsna dərəcədə böyükdür. Azərbaycan ABŞ-ın qlobal dünya siyasəti üçün çox kiçik ölkədir və onun bəzi rəsmilərinin Birləşmiş Ştatları tənbeh etmək, onu öz səhvlərindən nəticə çıxarmağa çağırması bir az gülməli görünür. Vaxtilə ustad Şəhriyarın maraqlı bir sözü var idi. O, yazırdı:
Istədik qanla yuvaq ölkəmizin ləkəsin, amma,
Ölkəmiz xalis özü ləkə olub qan ilə getdi.
Sadəcə olaraq Azərbaycan hakimiyyətinin ABŞ-a “dərs vermək” cəhdləri, “ABŞ etdiyi səhvlərdən nəticə çıxarmalıdır” kimi iddiaları ortaya qoyması tarixin gülünc ironiyasıdır.
Sözdə bir, əməldə başqa…
– Ilham Əliyev son çıxışında bəyan edib ki, Azərbaycanda bütün azadlıqlar təmin olunub. Amma elə bu çıxışdan dərhal sonra “Azadlıq” radiosuna qarşı məlum hücum gerçəkləşdi. Dövlət başçısının bəyanatı ilə hakimiyyətin realda yürütdüyü siyasət arasında ciddi fərqin olmasını necə izah etmək olar?
– 2014-cü ildə Ilham Əliyev Strasburqda bəyan etdi ki, Azərbaycanda siyasi məhbus yoxdur. Amma bu bəyanatdan az sonra ölkə daxilində siyasi məhbus məsələsini müzakirə etmək üçün Işçi Qrup yaradıldı. Əgər siyasi məhbus yoxdursa, bu Işçi Qrup niyə yaradıldı? Verilən bəyanat yeridilən siyasətlə uyğun deyil. Işçi Qrup yaradılması artıq siyasi məhbus probleminin olmasının təsdiqi idi. Azərbaycan Konstitusiyası vətəndaşlara yetərincə geniş azadlıqlar verir. Bu baxımdan Azərbaycanda siyasi azadlıqlar nəzəri olaraq mövcuddur. Amma praktiki olaraq ölkədə heç kim qanunsuz həbslərdən sığortalanmayıb. Konstitusion prinsiplər deklarativ xarakter daşıyır, vətəndaşın özünü müdafiə etmək mexanizmi yoxdur. Yəni hüquqa dayanan müdafiə sistemi, müstəqil məhkəmə hakimiyyəti yoxdur. Ona görə də “Azadlıq” radiosunun başına gələnlər, Intiqam Əliyev, Ilqar Məmmədov, Tofiq Yaqublu, Seymur Həzi, Leyla və Arif Yunus, Xədicə Ismayıl, Rəsul Cəfərov, NIDA-çılarla, islamçı siyasi məhbuslarla, jurnalist və bloqçularla bağlı baş verənlər hamısı Konstitusiya ilə vətəndaşlara verilən hüquqların asanlıqla pozulduğunu göstərir.
2015-ci ildən gözləntilər…
– Bu ilin səs salan hadisələrindən biri bu ay baş verdi. Söhbət 14 saylı cəzaçəkmə müəssisəsindəki ölüm hadisəsindən gedir. Elşad Babayev ona verilən işgəncələr nəticəsində öldü. Amma baş verən hadisə ilə bağlı heç bir tədbir görülmədi. Bu hal ölkədəki cəzasızlıq mühitinin təzahürü deyilmi?
– Bu fakt çox dəhşətlidir. Həbs olunmaq vətəndaşın hüquqlarını məhdudlaşdırır, onu bütün hüquqlardan məhrum etmir. Məhbuslarla rəftar məsələsi orta əsr qaydalarını xatırladır. Yeri gəlmişkən, “Siyasi Məhbuslarsız Azərbaycan” təşkilatı çox maraqlı bir hesabat hazırlamışdı. Həmin sənəddə çox məsələlərə aydınlıq gətirilir. Məhbusların hüquqlarının pozulması, onların alçaldılması, onlara verilən işgəncələrlə bağlı sənəddə tutarlı faktlar var. Mən təəccüb edirəm ki, işgəncələr nəticəsində həyatını itirmiş insanın bədənində qeydə alınmış bu qədər zorakılıq izləri ola-ola Penitensiar Xidmət bunu inkar edir. Onda belə məlum olur ki, məhbusa morqda xəsarətlər yetirilib. Yəni onun cəsədi fiziki təcavüzə məruz qalıb. Baş verənlər Penitensiar Xidmət sahəsində necə dəhşətli bir vəziyyətin yarandığının təsdiqidir. Azərbaycan vətəndaşı cəzaçəkmə yerində döyülərək öldürülüb, bunun ayrı adı yoxdur. Belə dəhşətli hadisə baş verdiyi halda Xitmətin rəhbərliyi günahkarları müəyyənləşdirib cəzalandırmaq əvəzinə, ölkə ictimaiyyətinə yalan məlumat vermək, işgəncə faktını ört-basdır etməkdən belə çəkinmir. Penitensiar Xidmətin rəhbərliyi baş verənlərə görə bilavasitə məsuliyyət daşıyır. Çünki, məhkəmə hökmü ilə vətəndaş onun ixtiyarına verilib. Vətəndaşla bu cür rəftar edilməsi, zorakılığın heç bir həddə sığmaması, törədilən zorakılıq nəticəsində vətəndaşın həyatını itirməsinin bütün məsuliyyəti Penitensianar Xidmətin rəhbərliyinin üzərində qalır.
– 2015-ci ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Eyni zamanda dünyanın Azərbaycana diqqətini artıran iki hadisə də baş verəcək. Bunlardan biri Birinci Avropa Olipiya Oyunları, ikinci isə martda Avropa Birliyinin Riqada keçiriləcək sammitidir. Həmin tədbirdə Avropa Birliyi ilə Azərbaycanın münasibətlərinin növbəti mərhələsi müzakirə olunacaq. Gözləntiləriniz nədir?
– Elə bir gözləntim yoxdur. Mənim üçün Azərbaycan siyasətinin sınaq məqamı Qarabağ və işğal olunmuş ərazilər məsələsidir. Təəssüflər olsun ki, 2014-cü il ərzində bu istiqamətdə heç bir irəliləyiş olmadı. Hətta 2015-ci ildə də bu istiqamətdə bir irəliləyişin olacağı gözlənilmir. Yəni 2014-cü il bizi Qarabağdan daha bir il uzaqlaşdırdı. Hakimiyyətin apardığı siyasət heç bir nəticə vermir. Hər gün televiziya ekranından “Azərbaycanın güclü ordusu var” deyə bəyan etməklə məsələ bitmir. Ordunun güc meyarı nədən ibarətdir? Bir dövlətin ərazisi iyirmi ildir başqa bir dövlətin işğalındadırsa, bu gücün meyarı özünü nədə göstərir? Bu baxımdan biz Qarabağsız daha bir ili yola saldıq. Qarabağa qovuşmaq ümidlərimiz bir il daha geri düşdü.
2014-cü ildə keçirilən bələdiyyə seçkiləri 2015-ci ilin parlament seçkiləri üçün yaxşı heç nə vəd etmir. Burada məsələnin mühüm hissəsi ondan ibarətdir ki, Azərbaycan xalqı Konstitusiya ilə ona verilən öz hakimiyyətini formalaşdırmaq hüququndan uzaqlaşdırılıb. Bunu mən demirəm. Bunu ATƏT-in Varşava Bürosunun Müşahidə Missiyasının rəyi ortaya qoyur. 2008-ci ilin prezident seçkilərində həmin müşahidə missiyasının rəyinə görə, saxtakarlığın dərəcəsi 23, 2010-un parlament seçkilərində 32, 2013-cü ilin prezident seçkilərində isə 58 faiz olub. Əlli səkkiz faiz saxtakarlıq nə deməkdir? O deməkdir ki, Konstitusiya işləmir. Xalq hakimiyyətini formalaşdırmaq hüququndan kənarlaşdırılıb. Dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri bunu açıqca göstərdi ki, xalqın seçkiyə heç bir etimadı olmadığından, bu prosesdə iştirak etmir. Hesab edirəm ki, müstəqillik dövründə ən aşağı seçici aktivliyi 2014-cü ildə oldu. Belə bir şəraitdə seçki islahatı keçirmədən, xalqın rəyinə, siyasi qüvvələrin etimadına əsaslanan komissiyalar yaradılmadan, xalqın Konstitusiya üzrə hakimiyyəti formalaşdırmaq hüququ özünə qaytarılmadan heç bir seçkiyə etibar yoxdur. Azad və ədalətli seçki keçirmək ənənəsini Azərbaycan artıq çoxdan unudub. Ona görə də dediyimiz islahatlar baş verməzsə, seçki yalnız prosedur bir tədbir xarakteri daşıyacaq. 2015-ci ildə görüləcək çox iş var. Amma bu işlər görüləcəkmi? Bu gün hakimiyyətin həyata keçirdiyi siyasətdən bunlar görünmür.
Xəyal