«Qanunun işləmədiyi bir ölkədə hökuməti ədalətli məhkəməyə çağırmaq məntiqə sığmır»
ABŞ-ın Azərbaycandakı səfirliyinin sabiq əməkdaşı, insan haqları fəalı Rebekka Vinsent “Amerikanın səsi”nə müsahibəsində hazırda Azərbaycan hökumətinin QHT-lərə qarşı hücumlarından danışıb. Onun fikrincə, Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı hücum kampaniyası ölkədə insan haqlarının müdafiəsilə bağlı fəaliyyətə son qoymaq məqsədi daşıyır. Xanım Vinsentin fikrincə, Avropa qurumlarının Ilham Əliyev hökumətini cavabdeh tutmaqdan boyun qaçırması vəziyyətin kritik həddə çatmasına səbəb olub:
– Ötən həftələrdə Azərbaycanda çoxlu sayda QHT hədəfə alınıb. Vətəndaş cəmiyyətinin bir sıra fəalları həbs olunub, bank hesabları dondurulub. Azərbaycanda baş verənlər haqda nə düşünürsünüz?
– Azərbaycanda insan haqlarının durumu həyəcan doğurur. Mən deyərdim ki, misilsiz bir basqı yaşanır. “Misilsiz” sözündən tez-tez istifadə olunur, amma Azərbaycanda ilbəil, aybaay vəziyyət doğrudan da pisləşməkdədir. Hazırda durum az qala, dözülməz həddə çatıb. Konkret olaraq, mənim lokal həmkarlarım Leyla Yunus, Rəsul Cəfərov və Intiqam Əliyevin həbsləri dərin narahatlıq doğurur. Özü də bütün bunlar Azərbaycanın Avropa Şurasına sədrlik etdiyi vaxtda baş verir. Elə bir təşkilata ki, onun amalı demokratiya və insan haqları olmalıdır.
– Siz Rəsul Cəfərovla yaxından işləmisiniz. Insan Haqları Klubunun təsisçisi olaraq, o, vergidən yayınma və başqa ittihamlarla üzləşib. Onun həbsi ilə əlaqədar sizin fikriniz nədir?
– Bəli, mən Rəsulla işləmişəm. Mən o vaxt Insan Haqları Klubu ilə əməkdaşlıq edirdim. Bu qrup 2013-cü ilin dekabrında “Demokratiya üçün Incəsənət”kampaniyası keçirdi. Ondan əvvəl, “Eurovision” mahnı yarışı ərəfəsində də bu təşkilat beynəlxalq diqqətin Azərbaycanda insan haqları pozuntularına yönəlməsində mühüm rol oynamışdı. Hesab edirəm ki, Rəsul Azərbaycanda insan haqlarını müdafiə etdiyinə görə hədəfə gəlib, ələlxüsus, siyasi məhbuslarla bağlı işinə görə. O, prezident seçkilərindən öncə 142 siyasi məhbusu müəyyən edən sənəd üzərində işləmişdi. Fikrimcə, bu siyahı hökumət orqanlarını qəzəbləndirdi. O vaxtdan bəri o, Avropa Şurası ilə işləmişdi və yeni məruzəçiyə tövsiyələr verirdi. Azərbaycan hökuməti ölkədə siyasi məhbusların mövcudluğunu inkar etmək üçün çox çalışır.
– Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin sədri olaraq qalır. Sizcə, avropaların Azərbaycandakı həbslərə reaksiyaları adekvatdırmı?
– Xeyr, düşünmürəm ki, adekvatdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan Avropa Şurasına sədr seçiləndən bəri insan haqlarının vəziyyəti pisləşib, yaxşılaşmayıb. Azərbaycan hökuməti Avropa və beynəlxalq ictimaiyyət tərəfindən cavabdeh tutulmadığını görərək daha da ürəklənib. Təəssüf ki, onlar bunda yanılmayıblar. Insan haqları ilə məşğul olan beynəlxalq təşkilatlar son həbsləri kəskin tənqid ediblər. Amma rəsmi orqanlardan, dövlətlərdən, Avropa Ittifaqının sözçüsündən gələn bəyanatlar kifayət qədər sərt deyil. Onlar əksər hallarda narahatlıq ifadə etməklə, yaxud ədalətli məhkəməyə çağırmaqla kifayətlənirlər. Halbuki, qanunun işləmədiyi bir ölkədə ədalətli məhkəməyə çağırmaq məntiqə sığmır. Bu adamlar heç öncədən həbs olunmamalı idilər. Onlar kriminal yox, insan haqları fəallarıdır. Əsas məsələni qoyaraq buna diqqət yetirmək əlbəttə ki, qeyri-adekvatdır.
– Azərbaycanda insan haqları durumunu yaxşılaşdırmaq üçün Qərb nə edə bilər? Onun arsenalında nə kimi vasitələr var?
– Daha çox, daha sərt bəyanatlar lazımdır. Spesifik müdaxilələr olmalıdır, ələlxüsus Leyla Yunusun məsələsində. Bu qadının dərmana, xüsusi pəhrizə ehtiyacı var. Avropa Şurasının Azəraycanla bağlı çoxlu sayda sənədləri, tövsiyələri var. Amma bunlara əməl olumur. Azərbaycan bunlara görə cavabdeh tutulmalıdır. Bu tövsiyələrə əməl olunmasına nəzarət etmək lazımdır. Avropa Şurası Parlament Assambleyasında rəsmilərin təyinatı şəffaf qaydada həyata keçirilməlidir. Azərbaycan hökumətinin tərəfdarı kimi tanınan Pedro Aqramuntun AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi təyin olunması müsbət hal deyil. Cənab Aqramunt haqda bildiklərimiz onun effektiv işləyəcəyinə heç bir ümid vermir.
– Sizin hazırda həbsdə olan Leyla Yunus, Rəsul Cəfərov kimi fəallara sözünüz nə olardı?
– Möhkəm olun! Onlar bilirlər ki, fəaliyyətlərinə görə hədəfə alınıblar. Onlar belə çətin mühitdə bu işin riskini anlayırdılar. Hökumət bu insanları hədəfə almaqla ölkədəki situasiyaya ciddi təsir göstərib. Bu adamlar səsi olmayan adamlara səs verirdilər. Indi həmin səs məhv edilib. Insanların hüquqlarını müdafiə edə biləcək çox az adam qalıb. Insan haqları ilə məşğul olmaq istəyən, bunu edə bilən adamların sayı artıq çox azdır.