Slava Rabinoviç: «Status-kvonun saxlanması Rusiya üçün iqtisadi dəhşətdən başqa heç nə vəd etmir»
«Qərb öz kapital bazarında Rusiyanı görmək istəməsə, Rusiya həmin bazarın bir hissəsi ola bilməz»
“Diamond Age Capital Advisors”un Moskva nümayəndəliyinin baş direktoru Slava Rabinoviç rus iqtisadiyyatını yaxın perspektivdə nələrin gözlədiyi barədə proqnozunu açıqlayıb:
– Maliyyə bazarı (və xüsusən kapital bazarı) rus-ukrayna konfliktindən və Rusiyaya qarşı sanksiyalardan necə təsirlənir? Bunun Rusiya, Ukrayna və ümumiyyətlə, dünya iqtisadiyyatı üçün nəticələri necə olacaq?
– Istənilən bazar – istər istiqraz, istərsə səhm bazarı olsun – sərmayəçilərin kollektiv şüurunu əks etdirir. O, əsasən, gələcəyə hesablanır və bazar iştirakçılarının gözləntilərinə dayanır. Insanlar zəhərli olan şeylərə əl vurmaqdan çəkindikləri kimi, bazar iştirakçıları da onlar üçün zərərli olacaq hallardan mümkün qədər uzaq olmağa çalışırlar. Rusiya səhm bazarının bu ilə olan göstəriciləri özlüyündə çox şey deyir. Bazarda bu il müşahidə olunan tənəzzül ötən ildən başlanan prosesin davamıdır. Proseslərə dünya bazarı prizmasından baxsaq, Amerika indekslərinin pik həddə yüksəldiyini görürük. Onlar 2007-ci il böhranı öncəsi olduğu həddən də yüksəkdi. Rusiya səhm bazarı isə böhran öncəsi səviyyəsindən 50 faiz aşağıdır. 2007-ci ilin may ayında PTC indeksi təxminən 2500 punkt təşkil edirdisə, indi bu göstərici 1246-dır. Yekun etibarilə, son altı ildə 50 faiz mənfi gəlirlilik müşahidə olunur. Bu, nəhəng məbləğ edir, xüsusən də onu əlverişli xarici fonla müqayisə etdikdə.
Səhm bazarı iqtisadiyyatda baş verən proseslərin çox ciddi göstəricisidir. Iqtisadiyyat özü-özlüyündə xeyli ətalətli sistemdir və onun perspektivləri məhz səhm bazarının göstəricilərinə əsasən təyin olunur. Elə indidən bazar onu deyir ki, iqtisadiyyatı irəlidə acınacaqlı vəziyyət gözləyir.
“Rusiyanın iqtisadiyyatı həddən ziyadə primitivdir”
– Rusiyanın beynəlxalq kapital bazarında üzləşəcəyi mümkün itkilər nə dərəcə ciddi ola bilər?
– Qərb öz kapital bazarında Rusiyanı görmək istəməsə, Rusiya həmin bazarın bir hissəsi ola bilməz. Rusiya hökuməti, regionları, bələdiyyələri, şirkətləri və digər subyektləri Qərb bazarında iştirak etmək istəyirlərsə, məhz Qərbdə müəyyən olunmuş qaydalara, o cümlədən kapital bazarının dəqiq bəlli qaydalarına əməl etməlidilər. Rusiya həmin qaydalara əməl etməsə, onu bazardan çıxaracaqlar. Bu isə, ölkə üçün fəlakətli nəticələr deməkdir. Bazarda iştirak sehrli çubuğu işə salmaqla olmur, burada mövcud qaydalara əməl etməlisən, beynəlxalq sərmayəçilərin gözündə kredit etimadı qazanmalısan.
– Iqtisadiyyat üçün bunun hansı acı nəticələri ola bilər? Konkret sahələr üzrə rəqəmlərə əsaslanan proqnozlar verə bilərsinizmi?
– Bu, orta müddətli perspektivdə bütün rus iqtisadiyyatının məhvinə səbəb olacaq.
Rusiya təbii sərvətlərlə zəngin olan ölkədir. Bununla belə, iqtisadiyyatı həddən ziyadə primitivdir. Təbii sərvətlər sayəsində o, eyni vəziyyətdə başqa bir ölkənin davam gətirə biləcəyindən bir qədər çox müddətdə dözə bilər. Hətta bu da (təbii sərvətlərə arxalanmaq) illüziyadır. Çünki tam çökmənin nə qədər sonra baş verəcəyi fərq etməz – olmasın 10 ay, olsun 20 ay. Əsas odur ki, bu, qaçılmazdır.
Əvvəla, rublun kəskin devalvasiyası baş verəcək; idxalçıların hamısı müflisləşəcək; hiperinflasiya ilə müşayiət olunan repressiya qısa müddətdə depressiyaya səbəb olacaq; qızıl-valyuta ehtiyatları, hər nə qədər böyük olsa da, bir-iki il ərzində idxala sərf olunacaq, çünki ölkənin çox böyük idxal ehtiyacı var; ipoteka və istehlak kreditləri üzrə əhali kütləvi defolta məruz qalacaq; bank sistemi tamama yaxın çökəcək; şirkətlər hazırda olan 750 milyard dollar civarındakı borclarını heç nə ilə ödəyə bilməyəcək və bu üzdən kütləvi müflisləmələr başlayacaq; iş yerlərinin itirilməsi əhali kreditləri üzrə defoltun yeni mərhələsini açacaq. Beləcə, spiral üzrə, tam tənəzzülədək.
Iqtisadiyyatın ciddi itkiyə məruz qalmayacaq yeganə sahəsi, çox güman ki, ixracat və ilk növbədə resurs ixracı olacaq. Bu sahədən xarici valyuta şəklində gəlir əldə edən şirkətlər, rublun kursunun düşməsinə baxmayaraq, nisbətən dayanıqlı ola biləcəklər. Hərçənd, 1998-ci ilə nisbətən, onların da xarici valyuta ilə xərcləri bu gün az deyil.
“Rusiya iqtisadiyyatının çökməsi qonşulara da mənfi təsir göstərəcək”
– Rusiya hadisələrin bu cür acı ssenarisindən hansı yolla qurtula bilər?
– Status-kvo saxlanacağı halda, heç bir yolla. Rusiya tam fərqli kurs götürməlidir. Onun hələ ki, az da olsa imkanları qalır. Ilk növbədə, Ukraynadakı dəhşətə son qoyub, Qərblə tədrici yaxınlığa başlamalıdır.
– Sizcə, indiki ssenari davam edəcəyi halda, udan tərəf olmayacaq? Bəs, nəticələr Ukrayna üçün nə qədər ciddi ola bilər?
– Nəticələr Ukrayna üçün Rusiya qədər fəlakətli olmayacaq. Əsas zərbə Rusiyanın özünə dəyəcək və aydındır ki, bunun Rusiyanın yaxın-uzaq qonşuları üçün də mənfi nəticələri olacaq. Rusiya ilə iqtisadi əməkdaşlığı olan ölkələr bu ssenaridən zərər görəcək, təbii ki, amma məhdud səviyyədə. Müqayisə üçün, Yunanıstanda olan iqtisadi böhranı yada salın. Ölkənin iqtisadi əməkdaşları müəyyən qədər zərər gördülər, lakin ən böyük zərbə Yunanıstanın öz iqtisadiyyatına dəydi.
Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatının cüzi bir qismini təşkil edir. Onun çökməsi qlobal iqtisadiyyata itki verəcək əlbəttə, ancaq sistem böhranı doğuracaq həddə deyil.
– Necə hesab edirsiz, Rusiyanın ali siyasi rəhbərliyi bu cür mütəxəssis rəylərinə məhəl qoyacaqmı?
– Hər şey bu məsələdə Putinə təsir göstərə bilənlərin kimliyindən asılıdır. Hələ ki, ona ən ciddi təsirlər hərbi güc düşərgəsindən gəlir. Və bu təsir dağıdıcıdır. Güc düşərgəsi üçün, məsələn, mənim indi danışdıqlarım əhəmiyyətsizdir, çünki onların belə şeylərdən sadəcə anlayışı yoxdur. Digər düşərgə isə bunları çox yaxşı başa düşür, tam təfərrüatı ilə.
– Digər düşərgə dedikdə kimləri nəzərdə tutursuz?
– Bütün liberal düşərgəni. Ulyukayevdən (Rusiyanın iqtisadi inkişaf naziri) və Siluanovdan (maliyyə naziri) tutmuş, Putinə çıxışı hələ də qalan sabiq vəzifəlilərədək: Kudrin (sabiq maliyyə naziri), Qref (sabiq iqtisadi inkişaf naziri) və başqaları.
– Putinə nə mane olur bu adamları eşitmək üçün?
– Hazırda düşdüyü vəziyyət mane olur. Müstəsna olaraq siyasi işdir.
– Rusiyanın xarici tərəfdaşlarının hansı arqumentləri Putinə təsir göstərə bilər?
– Heç biri. Putin onlarla eyni dildə danışmağa son qoyub. Xanım Merkelin mart ayında dediyi kimi, Putin başqa reallıqlarla düşünür. Bu, iki fərqli dünyanın, iki fərqli sivilizasiyanın toqquşmasıdır.
– Ümid varmı ki, bu iki dünya necəsə bir araya gələcəklər?
– Çətin. Geriyə qayıdışı olmayan hədd artıq arxada qalıb.
– Demək olarmı ki, hadisələrin ən pis ssenarisi Rusiya üçün ən real olandır?
– Bilmirəm. Bunu heç ki bilmir.
Mənbə: http://finance.liga.net/economics/2014/7/29/opinion/39482.htm