«Balanslı siyasət özünü doğrultmur, Azərbaycan ortada qalıb»
İbrahim İbrahimli: «Hakimiyyət siyasi cəhətdən Rusiyaya, iqtisadi cəhətdən isə Qərbə bağlı olduğundan müstəqil xarici siyasət yürüdə bilmir»
Son günlər xarici və daxili mətbuatda ən çox müzakirə olunan mövzulardan biri də Avrasiya Ittifaqının yaradılması ilə bağlıdır. Yeni yaranan təşkilat ətrafında baş verənlər, təşkilatın gələcək addımlarının nədən ibarət olacağı sual doğuran məsələlərdəndir. Ukrayna böhranından sonra Putinin bu ideyadan vaz keçdiyi düşünülsə də, tam əks-proses yaşandı. Müsahibimiz istiqlalçı deputat, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Ibrahim Ibrahimli ilə söhbətə elə bu mövzudan başladıq.
– Avrasiya İttifaqının bu və ya digər formada postsovet məkanına təsir edəcəyi sübhəsizdir. Siz bu təsir dairəsini necə proqnozlaşdırardınız?
– 17 mart böhranından sonra Rusiya ilə Qərb arasında başlanan savaş sərhədləri aşaraq bütün regionu bürüdü. Uzun müddətdən bəri qapalı gedən mübarizə Krımın işğal və ilhaqından sonra açıq müstəviyə keçdi. Tərəflər arasında yaşanan açıq qarşıdurma regionda geosiyasi qütbləşməni dərinləşdirdi və yeni siyasi konfiqurasiyalar yaranmağa başladı. Bundan dolayı Rusiyanın təşəbbüsü ilə Avropa Birliyinə alternativ olaraq Avrasiya Ittifaqı yaradıldı. Bu birlik iqtisadi birlik adlansa da, əslində mahiyyət etibarı ilə bu sırf siyasi – geopolitik birlikdir. Yeni birliyin təsis edilməsi ilə MDB artıq faktiki olaraq Rusiyanın və Ukraynanın timsalında bölünüb. Nəticədə MDB bir-birinə zidd olan iki geosiyasi vektora çevrildi. Digər ölkələr isə istər-istəməz bu iki qütb arasında, daha doğrusu, Avropa və Avrasiya arasında strateji seçimini etmək zorunda qaldı. Artıq GUAM-a daxil olan ölkələr – Moldova, Gürcüstan və Ukrayna Avropa Birliyi istiqamətində öz strateji seçimlərini edib. Iyunun 27-də Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyi ilə assosiasiya sazışıni imzalayaraq vahid iqtisadi məkana daxil olacaq. Bu ilin iyulunda Ermənistan, sentyabrında isə Qırğızıstan Avrasiya Ittifaqı ilə saziş imzalayacaq. Təssüf ki, belə həssas bir məqamda Azərbaycan ortada qalıb. Əslində seçim etmək üçün böyük risklər və təhlükələrlə bərabər həm də böyük fürsətlərl və imkanlar yaranıb. Krımın işğal və ilhaqından sonra dünyanın təhlükəsizlik sistemi pozulub. Indi beynəlxalq aləm baş verənlərin fonunda həm də daha çox dünyanın yeni təhlükəsizlik düzənini qurmaqla məşğuldu. Çünki Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və təcavüzü beynəlxalq münasibətlər sisteminə elə bir zərbə vurub ki, nəinki çoxtərəfli və ikitərəfli sazişlər, hətta böyük dövlətlər arasında imzalanmış sənədlərin təminatı belə sual altına düşüb. Bu, sadəcə olaraq iki dövlət arasında yaşanan Rusiya və Ukraynanı əhatə edən böhran deyil, bütövlükdə çağdaş dünyanın yaşadığı təlükəsizlik böhranıdı. Təbii ki, miqyasından asılı olaraq hər bir böhran həm risklər və təhlükələr, həm də fürsətlər və imkanlar yaradır. Belə vəziyyətdə hər bir dövlət mövcud təhlükələrdən qorunmaq üçün yaranmış imkandan istifadə edərək öz seçimini etməli yeni təhlükəsizlik düzənində yerini və rolunu müəyyənləşdirməlidi. Nə qədər ağır durumda olsa da belə Ermənistan seçimini etdi və Rusiya ilə eyni geosiyasi vektorda yer aldı. Çünki başqa seçim imkanı yox idi. Azərbaycanın isə bu imkanı var, amma hələ də tərəddüd edir.
“Hakimiyyət Rusiyanın könlünü almaq istəyir”
– Seçimin zərurətə çevrildiyi bir zamanda Azərbaycan hakimiyyətinin belə tərəddüdlü mövqe sərgiləməsinin səbəbini necə izah etmək olar?
– Hakimiyyət siyasi cəhətdən Rusiyaya, iqtisadi cəhətdən isə Qərbə bağlı olduğundan müstəqil xarici siyasət yürüdə bilmir. Hər hansı bir məsələyə münasibət bildirərkən istər-istəməz tərəflərin maraqlarını nəzərə alıb bu maraqları uzlaşdırmaq, daha doğrusu, balanslaşdırmaq zorunda qalır. Təbbi ki, fərqli maraqlara və fərqli dəyərlərə sahib olan iki fərqli sistem arasında balans yaratmaq çox çətindir. Xüsusilə, siyasi tarazlığın pozulduğu və geosiyasi maraqların kəsişdiyi indiki məqamda isə postsovet məkanında bu qeyri-mümkündür. Ona görə də hakimiyyətin balanslı xarici siyasət kursu daha özünü doğrultmur, manevrləri artıq əks-effekt yaradır. Çünki proseslərin dinamikasından asılı olaraq siyasi konyunktura sürətlə dəyişir. Və istər-istəməz konyunkturaya uyğun olaraq hakimiyyətin də mövqeyi, xarici siyasəti dəyişir. Məsələn, Birləşmış Millətlər Təşkilatında Ukrayna məsələsi müzakirə olunarkən Azərbaycan Rusiyanın əleyhinə verdiyi səsin yaratdığı gərginliyi indi yumşaltmaq, daha doğrusu, konpensasiya etmək istəyir. Guya o zaman Qərbin xeyrinə pozulan balansı indi Rusiyanın xeyrinə dəyişmək istəyir.
– Demək istəyirsiniz ki, son zamanlar hakimiyyətin Qərbə, xüsusilə də ABŞ-a yönəlik aqressiv münasibətinin əsasında balanslaşdırılmış xarici siyasət kursu dayanır?
– Əslində, balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan kimi balaca, üstəlik, neft və qaz ixrac edən ölkələr üçün enerji təlükəsizliyindən dolayı ortaya çıxan riskləri müəyyən qədər azaldır. Amma bunu siyasi konyunktura üzərində qurmaq əksinə, riskləri artırır. Çünki şəraitdən asılı olaraq siyasi konyunktura sürətlə dəyişir. Odur ki, Azərbaycan hakimiyyəti konyunktur xarici siyasi kursdan əl çəkib strateji siyasi kurs xətti seçməlidir. Çünki regionda artıq dəngələr dəyişib, siyasi balans pozulub, geosiyasi mənzərə dəyişir və yenidən şəkillənmə prosesi gedir. Əslində, Qərb, daha doğrusu ABŞ hakimiyyətdən, nəhayət seçim edib regionda yaranmaqda olan geosiyasi konfiqurasiyada öz yerini müəyyənləşdirməyi tələb edir. Morninqstarın müsahibəsi sadəcə olaraq ABŞ-la münasibətlərdə zaman-zaman yaşanan prezident seçkilərindən sonra isə pik həddinə yüksələn gərginliyin partlamasına bir vəsilə oldu. Əsas məsələ isə Avropa Birliyinin Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirəcəyi tədbirlə bağlıdır. Iyirmi yeddi iyunda “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələr – Gürcüstan, Moldova və Ukrayna Assosiasiya Sazişini imzalayacaq. Azərbaycandan da bu tədbirdə ən azı Azad Ticarət sazişinin paraflanması tələb olunur. Yalnız sadələşdirilmiş viza sazişini imzalayan Azərbaycan isə digər sazişləri – nə Assosiasiya Sazişi, nə də Azad Ticarət anlaşmasını imzalamaq niyyətində deyil. Azərbaycan hakimiyyəti sadəcə olaraq Avropa Birliyi ilə strateji münasibətlər, daha doğrusu, fərdi əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurmaq istəyir. Çünki “Şərq Tərəfdaşlığı” proqramından irəli gələn tələblər nə iqtisadi, nə də siyasi tələblərin yerinə yetirilməsi hakimiyyətin maraqlarına uyğun deyil. Siyasi tələblərin yerinə yetirilməsinin ilkin şərti ölkədə demokratik seçkilərin keçirilməsi deməkdir. Iqtisadi tələblərin yerinə yetirilməsinin ilkin şərti isə Dünya Ticarət Təşkilatına üzv olmaqdan keçir. Bu o deməkdir ki, monopolistlər daha “daxili bazara” diktə edə bilməyəcək. Ona görə də daxili bazarı qorumaq üçün Azərbaycan nəinki Azad Ticarət zonasına girmək fikrində deyil, heç Gömürük Ittifaqına da daxil olmayacaqdır. Çünki Avropa Birliyinə girmək siyasi hakimiyyəti itirmək, Avrasiya Birliyinə daxil olmaq isə iqtisadi hakimiyyətini itirmək deməkdir.
“Azərbaycan uzun müddət qeyri-müəyyyən qala bilməz”
– O zaman bu qeyri-müəyyənlik nə qədər davam edə bilər?
– 27 iyunda Avropa Birliyi ilə GUAM arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə daxil olacaq. Təəssüf ki, Azərbaycan GUAM-da Avropa Birliyi ilə əməkdaşlığın dərinləşdirilməsindən kənarda qalan yeganə ölkə olacaq. Təbii ki, regionda müəyyənləşmənin getdiyi bir vaxtda Azərbaycanın qeyri-müəyyən durumda olması uzun müddət davam edə bilməz, çünki bu nonsesdir. Yerindən oynayan dəngələr oturuşduqca geosiyasi mənzərə aydınlaşacaq və ortaya yeni siyasi tablo çıxacaq. Bu siyasi tablonun həm ənənəvi oyunçuları – Rusiya, Iran və Türkiyə, həm də yeni oyunçuları – ABŞ və Avropa Birliyi regiona yönəlik siyasətini əsasən üç istiqamətdə yenidən quracaq. Birinci geosiyasi istiqamətdə olacaq. Çünki Rusiya ilə Qərb arasında qarşıdurma GUAM-dan kecir və bundan sonra da bu müstəvisində davam edəcək. Ikinci konfliktlərin həlli istiqamətində olacaq ki, bu da mövcud konfliktlərin həllini aktuallaşdıracaq. Çünki böhran mövcud konfliktlərin regionun təhlükəsizliyinə mənfi mənada təsirini ortaya çıxartdı. Üçüncü enerji təhlükəsizliyi istiqamətində olacaq. Çünki Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu və önəmi artıb. Regiona yönəlik siyasətin yenidən qurulması, təbii ki, Cənubi Qafqazla bağlı siyasətin dəyişməsinə gətirib çıxaracaq. Hakimiyyətdə də yeni durumda mövqeyini müəyyən etməyə məcbur olacaq.
– Andiçmə mərasimindən sonra Ukrayna Poroşenko ilə yeni dövrə qədəm qoyur. Ukraynada seçkinin baş tutması, Poroşenkonun prezident seçilməsi regionda bundan sonra proseslərin inkişafına, sizcə, necə təsir edəcək?
– Əvvəla, seçkinin baş tutması və prezidentin birinci turda seçilməsi Ukrayna xalqının 2013-cü ilin noyabrında başlatdığı Avromaydan hərəkatının tarixi, siyasi qələbəsidir. Əslində, bu qələbəni nəticə etibarı ilə beş aydan üzü bəri davam edən mübarizənin dönüş nöqtəsi kimi qəbul etmək olar. Çünki xalq meydanda əldə etdiyi qələbəni növbədənkənar prezident sekisində öz seçimi ilə legitimləşdirdi.
Ikinci, Ukraynanın timsalında demokratiyaya keçidin yeni bir modeli ortaya çıxdı. Hadisələrin inkişafı göstərdi ki, xarici və daxili ictimaiyyət birlikdə – ardıcıl və qətiyyətli mövqedən çıxış etdikdə dünyanın istənilən ölkəsində, hətta Rusiya üçün həyati əhəmiyyəti olan məkanda belə demokratiyaya keçidi təmin edə bilər. Təbii ki, bu eksperimentdən sonra beynəlxalq birlik postsovet məkanına yönəlik siyasətində müəyyən korrektələr edəcəkdir. Çünki demokratiyaya keçidi öz axarına buraxmaq, daha doğrusu, əvvəl Rusiyanın özünün demokratikləşməsini sonra tədricən bu prosesin postsovet məkanına yayılmasını nəzərdə tutan konsepsiya bu illər ərzində özünü doğrultmayıb. Üçüncü, Rusiyanın sərt güc diplomatiyası, hətta hərbi müdaxiləsi belə yeni dalğanın qarşısını ala bilmədi. Əksinə, proseslər geriyədönməz xarakter alaraq Ukraynanın timsalında keyfiyyətcə yeni bir mərhələyə daxil oldu.
Xəyal