Şirməmməd Hüseynov: «Dövləti Məmməd Əmingil yaradıb»
Azərbaycanın canlı ensiklopediyası hesab olunan qocaman professor, Cümhuriyyət dövrümüzün yorulmaz tədqiqatçısı Şirməmməd Hüseynovun Bəxtiyar Vahabzadə ilə bağlı “Hürriyyət” qəzetinə müsahibə verib. Müsahibədən ən maraqlı hissələri təqdim edirik:
– Bəxtiyarla mübahisə edirdinizmi?
-Yox, qətiyyən. Hərənin bir “kliçkası” vardı. Məsələn, tarixçi deyəndə bilirdik ki, Süleyman Əliyarovla Mahmud Ismayılovdan söhbət gedir. Qəhrəman deyəndə bilirdik ki, bu Ziyadır. Bilirsən mənim kliçkam nə idi?
– Bilmirəm.
– Kissincer. Siyasi icmalçı idim axı. Bu günlərdə jurnalistlərlə görüşəndə gördün prezident nə dedi? Dedi ki, Şirməmməd müəllimi hələ tələbə ikən tanıyıram. Həm siyasi icmalçı, həm də mətbuat tarixçisi olduğuma görə mən 1917 – 20-ci illər Azərbaycan mətbuatı haqqında heç kəs söyməkdən başqa cürət edib nəsə yaza bilmirdi, amma mən bütün o mətbuat orqanlarını əzbərləmişdim. Moskvada olduğum həmin 4 ildə (1954 – 1958) gecə – gündüz Məmməd Əminin məqalələrini yazırdım, altına da Üzeyir Hacıbəyovun imzasını qoyurdum. Çünki arxivdə qoyub gedəndən sonra oxuyurdular. 1965 – ci ildə Üzeyir bəyin 80 illik yubileyi olanda əsərlərini çap elədilər. Yəni Mərkəzi Komitənin qərarı qəbul olundu ki, Üzeyir bəyin 10 cildlik əsəri buraxılsın. Hazırladılar. Sual olunur, nə vaxta qədər olan əsərlərini hazırladılar? Məsələ də elə bundadır. 1915-ci ilin oktyabrına qədər iki cild buraxdılar. Ondan o biri tərəfə keçmədilər. Keçsəydilər gərək yazaydılar ki, Üzeyir bəy 1920 – ci ilin aprelin 28 – də onlara od qoyub. Qəzetin axırıncı nömrəsində bilirsən nə yazırdı? Yazırdı ki, bu vaxta qədər bizi idarə eləyənlər rus zadəganlarının balaları idi, onlar “svoloç” deyib bizim atamıza söyərdilər. Indi Leninin mujikləri gəlir. “Mat tvoya” deyib bizim anamızı… Deyirdi bax budur sovet hökuməti…
– Bəxtiyarın “kliçka”sını demədiniz.
– Ona şair deyirdilər. 1962 – ci ilin oktyabr ayında Bəxtiyarla gəldik Şəkiyə. Bəxtiyar “Gülüstan” poemasını Bakıda çap etmək istədi, yaxına qoyan olmadı. Gəldik Şəkiyə Məhiyyəddin Abbasovu çağırdıq. Dedik, ayə, Bəxtiyar bir əla poema yazıb, ver “Nuxa fəhləsi” qəzetində çap elə. O da gözünə döndüyüm qəzetin iki nömrəsində “Gülüstan”ı çap elədi. Sensasiya baş vermədimi? Akademiyada Mərkəzi Komitənin ideologiya üzrə katibi Xasay Vəzirov çıxıb nə desə yaxşıdır? Bəxtiyar Vahabzadə belə bir poema yazıb və bunu gizli mətbuatda çap elətdirib. Görün MK katibi nə danışırdı ey? Guya “Nuxa fəhləsi” gizli mətbuatdır. Amma poema əl – əl gəzdi və camaata çox ləzzət elədi. Hətta sizə bir faktı deyim. Mən fakultə partiya təşkilat katibiydim, əsgərlikdən KQB – yə yazırdılar ki, bu Bəxtiyar Vahabzadə kimdir, hər bir azərbaycanlı əsgərin qoltuq cibindən onun “Gülüstan” poeması çıxır. Amma bayaq dediyim kimi, ona elə bir tutacaq vermişdim ki, zaval yox idi. Çağıran kimi Lenini əldə bayraq edirdi. Ondan sonra kimin duxu idi ki, Leninin dediyinin əleyhinə gedə. Amma bərk eşələdilıər ki, görəsən bu poemanın ideyasını kim verib və hansı məqsəd güdülüb. Bir dafə Yusif Məmmədəliyev dərs dediyim yerdə qəflətən başının dəstəsiylə girdi auditoriyaya. Mətbuat tarixindən dərs deyirdim. Hər iki 45 dəqiqəni oturub qulaq asdı. Çıxandan sonra məni otağına apardı. Ordan götürüb “Baksovet”in sədrinə zəng elədi ki, Moskvadan cavan bir müəllim gəlib, onun mühazirəsinə getdim, mənə ləzzət elədi. Xahiş edirəm ona mənzil verilsin.
– Sizi dolaşdrımağa gəlmişdilər, amma əksinə oldu hər şey…
– Bilirsən necədir? O vaxt nə qədər xof var idisə, amma gənclik də var idi və ondan çəkinirdilər. Qızışdırmaq yox, sakitləşdirici yol tutmaq göstərişi verilmişdi yuxarıdan.
– Bəxtiyarın ən çox sizə ləzzət verən şeiri hansıdır?
– Bu suala mən necə cavab verim? Elə bil soruşasan ki, övladlarından hansını çox istəyirsən?
– Adətən övladla bağlı belə sual verilir də…
– Bəxtiyar hər bir şeirində Bəxtiyar idi. Amma məhəbbət şeirini – zadı kənara qoyaq, onun fəlsəfi məzmun daşıyan şeirləri ayrı aləmdir. Mən bir məqalə yazmışam və o çap olunub. Onun adı belədir: Bəxtiyarı Suslov xilas edib. Bəxtiyar özü bəzən deyir ki, məni Heydər Əliyev xilas edib. Amma mən yazdım ki, Bəxtiyarı Suslov xilas edib. Niyə? 1967-ci ildə bizim KQB – nin sədri Heydər Əliyev idi. Andropova bir məktub yazılmışdı ki, Bəxtiyar Vahabzadə adlı bir millətçi var, auditoriyada belə şeylər danışır, icazə verin ya bunu cəmiyyətdən təcrid edək, ya da tutaq. Andropov da bizim KQB – nin yazdığı məktubu göndərir ideologiya məsələləri üzrə MK katibi Suslova. Suslov da məktubun üstünə yazır ki, milli respublikalardan dissident yaratmağa ehtiyac yoxdur. Əksinə, belə adamlara imkan yaradın, qabağa çəkin, olsun bizim adam. Nəticədə Bəxtiyarı “Baksovet”ə deputat elədilər. Sonra Azərbaycanın deputatı elədilər. 1975-ci ilin avqust ayında Şəkidəyik yenə. Zəng oldu ki, birinci katib Heydər Əliyev Bəxtiyarla danışmaq istəyir. Bəxtiyar dəstəyi götürdü. Heydər Əliyev təbrik elədi ki, sənin 50 illiyini “Şərəf Nişanı” ordeni ilə təbrik edirəm. Özü də dedi ki, səni mən təqdim etmişəm, Yazıçılar Ittifaqı təqdim etməyib. Bilirsən, Bəxtiyar heç vaxt sovet sisteminin əleyhinə sərt danışmayıb. O həmin poemada da tarixdən, hüquqdan bəhs edib, dünya xalqlarının müstəqilliyindən, parçalanmasından danışıb. Ona görə də həmin məqalədə yazmışam ki, mən Bəxtiyarla əqidə və məslək dostuyam. Amma bir çox məqamlarda bizim mövqelərimiz ayrı idi.
– Bəxtiyar Vahabzadəni cəmiyyət Heydər Əliyevçi kimi tanıyır…
– Belə demək olar ki, özünü müdafiə mənasında Heydər Əliyevçi idi. Milli əqidə və məsləkin o məsələyə dəxli yox idi.
– Yaşlı və orta nəsil onun 1991-ci ildə parlamentdəki tarixi çıxışını və tribunaya əlini döyərək Heydər Əliyevi az qala məngənədən xilas etməsini yaxşı xatırlayır…
– Bəxtiyar deputat idi. Axşam mənə zəng elədi ki, gördün nə oyun çıxartdılar? Mən də oralarda idim. Dedim gördüm. Amma bir kişi lazımdır çıxa deyə ki, bu millət hakimiyyətdə olanın quludur, hakimiyyətdən gedənin qənimi. Dedi sən öl, sabah çıxıb onu deyəcəm. Bircə şeyi hamı yadda saxlamalıdır. 20-ci əsrdə bizim millət iki nəhəng siyasi xadim yetişdirib, əsrin əvvəllərində Məmməd Əmini, əsrin sonlarında Heydər Əliyevi. Amma onların hərəsi tamam fərqli təbiətdə olan adamlar idi. Heydər Əliyev hakimiyyəti idarə etmək ustası idi. Dövlət yaratmaq yox ha. Bəzən bunu qarışdırırlar. Heydər Əliyev dövlət yaratmayıb, hakimiyyət yaradıb. Dövləti Məmməd Əmingil yaratmışdılar. Bu dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti idi, süqutundan sonra dövlətin adı dəyişərək oldu Azərbaycan Sosialist Respublikası, yəni dövlət qaldı, hakimiyyət dəyişdi. Mən ANS-də bu barədə danışmışam və Süleyman Dəmirəldən də misal gətirmişəm. O deyirdi dövlət başdır, hakimiyyət şapka. Başla şapkanı dəyişik salmayın. Təsəvvür edin ki, Azərbaycan Sovet Sosialist Respublikası olanda da Azərbaycan guya kağız üzərində olsa belə öz müstəqil dövlət statusun saxlayırdı. Sərhəddi də vardı, parlamenti də, bayrağı, himni, konstitusiyası da vardı. Bəzən belə deyirlər ki, guya sovet dövründə biz dövlətçiliyimizi itirmişik. Biz dövləti yox, hakimiyyəti itirmişik. Bunu bəziləri başa düşmürlər, ona görə də qaş düzəltmək istədikləri yerdə vurub göz çıxarırlar. Müstəqilliyin 20 illiyi münasibətilə bir rəsmi çıxış oldu, bizim adamlardan biri çıxış elədi ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevdir. Həmin axşam “Mir” televiziyası həmin çıxışı göstərdi və bir erməni çıxaraq dedi ki, gördünüzmü? Baxın, Azərbaycan dövlətini Heydər Əliyev dünən yaradıb, bunlar da deyir ki, bizim əvvəldən dövlətimiz olub. Dedi ki, Arsaxın min illik dövlət tarixi var, bunların 20 illik. Dövləti ki, hakimiyyətlə qarışdırdılar, qəza qaçılmazdır. Rusiyada vaxtilə 51 quberniya olub və onların əksəriyyətinin başçısı generallar olub. Niyə? Çünki onlar əmr etmiş və əmrə sözsüz tabe olmuş adamlar idi, yəni qərarı müzakirə etmək olmaz, icra etmək lazımdır. Dövləti də bu cür idarə edirdilər.
– Bəxtiyarın 90 illik yubileyinə sayılı günlər qalıb. Ortada prezident sərəncamı ola -ola niyə o dediyiniz icraçılar əllərini əllərinin üstünə qoyub mürgüləyirlər?
– Milləti şəxsiyyətə pərəstişə öyrədiblər. Ona qarşı ikinci bir pərəstiş ünvanı yaratmağa qoymazlar.
– Kim qoymaz?
– Aşağıdakılar.
– Axı ən yuxarıdakı sərəncam verməklə ona qarşı qısqanmadığını ifadə etmiş olub…
– Xeyr, elə deyil. Məmməd Əminin 130 illiyi münasibətilə prezident Ilham Əliyev bir sərəncam verdi. Nə təhər icra etdilər? Girdik dram teatrına, bir iclas elədilər, mən etdiyim çıxışı nə qəzetlər verdi, nə televiziyalar. Məmməd Əminin adını eşitmək, üzünü görmək istəməyənlərin başında Azərbaycan televiziyası gəlir. Bax bu yaxınlarda Həsən bəy Ağayev haqqında bir veriliş verdilər. Tarixçiləri yığmışdılar ora, biri Məmməd Əminin adını çəkmədi ki, Milli Məclisin sədri budur. Belə çıxdı ki, guya bu dövləti Həsən bəy Ağayev yaradıb.
– Axı həmin AzTV-nin də öz rəhbəri var da, görünür ona belə tapşırıbılar…
– Kimin tapşırmasını kənara qoyaq. AzTV Məmməd Əminin bir nömrəli düşmənidir. Bunu açıq demək lazımdır ki, millət də bilsin. Yəni sən Həsən bəy Ağayev haqqında bir saatlıq veriliş verəsən, onun adını çəkməyəsən, halbuki onu da Məmməd Əmin gətirib. Hətta dəhşət bu idi ki, Tarix Institutunun direktoru Yaqub Mahmudov nə desə yaxşıdır? Guya Istiqlal Bəyannaməsinin yazılmasında Həsən bəy Ağayev iştirak edib. Halbuki onun bu bəyannamədən heç xəbəri olmayıb. Adama deyərlər ki, hardan götürmüsən onu, mənbəni de görüm? Mənsə yazmışam ki, onu 1918-ci ilin mayın 25-də Məmməd Əmin yazıb Nəsib bəyə verib, Nəsib bəyi göndərib ki, get, gürcülər çıxacaq, seym dağılacaq, sən də orda mənim məktubumu oxu, bu da bizim istiqlal bəyannaməmiz olsun. Ay Yaqub Mahmudov, bəs sən hardan çıxarırsan ki, bunun redaktəsində Həsən bəy Ağayev iştirak edib?
– Bizimkilər tarixi saxtalaşdırmaq üzrə uzmandır…
– Gözəl ifadədir. Özü də sovet dövründən qalma tarixçilər.
– Bəxtiyar Vahabzadəyə qayıdaq. Onun doğulduğu Şəkidə adına yalandan bir balaca park salıblar, onu da ediblər çayxana. Adımın dili gəlmir ora park desin, Bəxtiyar Vahabzadə adına çayxana desək daha doğru olar…
– Mən hər il bura gələndən sonra iki yerə baş çəkirəm. Mənim üçün iki müqəddəs məkan var. Bunlardan biri Axundovun evidir, o biri də Bəxtiyarın anadan olduğu, indi uşaq bağçası olan evidir. Keçən il mən getdim ora, gördüm ki, it günündədir. “Billur Ilham” deyilən bir iş adamı var, Ilham Hacıyev, onu dəvət elədim, o həmin bağçanı öz hesabına təmir etdirdi. Təsəvvür edirsinizmi? Anadan olduğu evə bir dənə lövhə də yapışdırmayıblar ki, Bəxtiyar Vahabzadə burada anadan olub. Gedin baxın, indi də yoxdur. Respublikada da bircə yer yoxdur ki, ora yazıla ki, Bəxtiyar Vahabzadə burada anadan olub və ya burada yaşayıb.
– Təkrar sual verməyə məcburam. Bu qısqanclıq nədən qaynaqlanır axı?
– Bəxtiyar Vahabzadə bir vaxt bir şeir yazmışdı. Şeirin adı “utanıram” adlanırdı. Deyirdi ki, istiqlaliyyət qazanmışıq, amma hər şey köhnə hamam, köhnə tasdır. Mən də ona bir cavab yazdım, şair, utanılası zamandır. Sən də qısqanclıqdan danışırsan…
– Yəni hamısını saf-çürük edirlər ki, şuluq yazılarla nəyəsə eyham vurur…
– Dalına qulaq as. Bir dəfə Həsən bəy Zərdabi ilə əlaqədar Bəxtiyarla aramızda bir söhbət oldu. Dedim Bəxtiyar, Sabirin bir şeiri var ey:
Dindirir əsr bizi dinməyirik
Atılan toplara diksinməyirik.
Dedim Zərdabi yazırdı ki, körpü çaydan uzaq düşüb. Bir vaxt bəşərin inkişafının məcrası Şərqdən başladı. Bütün elmlərin mərkəzi də Şərqdədir. Bir vaxtlar Avropa vəhşi idi, amma əsrlər sonra vəziyyət dəyişdi. Bu gün bəşəri inkişafın məcrası Şərqdən deyil, Qərbdən axır. Bunu söhbət edəndə axşam saat 11 idi. Gəldim evə yatdım. Gecə saat 3-də Bəxtiyar zəng elədi. Dedim niyə qoymursan yataq? Dedi al gəldi. Dedi “Körpü çaydan uzaq düşüb” şeirini yazıb redaksiyaya göndərdim ki, çap eləsinlər. Başlığı da belə qoydum ki, dostum Şirməmməd Hüseynova.