"Hakimiyyətdəkilərin cinayətkar əxlaqsızlığı milyonlarla insanı alçalmadan yaşamaq hüququndan məhrum edir"
Rüstəm İbrahimbəyov: "Azərbaycan hakimiyyəti Rusiyada müstəqil diaspora təşkilatından qorxur"
Tanınmış kinodramaturq və rejissor, demokratik Qüvvələrin Milli Şurasının fəxri sədri Rüstəm İbrahimbəyovun 76 yaşı tamam olur. Son illər hər ad günü ərəfəsində yeni ictimai-siyasi hadisələr ortaya çıxır və “Oskar” mükafatçısı bunlarla bağlı aydınlıq gətirməli olur. 2013-cü ilin yanvar ayında İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurası ideyasını açıqladı. Bu yaxınlarda onun adı Rusiyadakı Azərbaycan diaspora təşkilatları ilə bağlı diskussiyalarda çəkildi. “Turan” agentliyinə müsahibəsində tanınmış rejissor bütün bunlar barədə danışıb.
– Rüstəm bəy, bəzi kütləvi informasiya vasitələrində Sizin Milyarderlər ittifaqı çərçivəsində siyasi fəaliyyətinizi bərpa etdiyinizə dair məlumat yayılıb. Bu fikir ona əsaslanır ki, Sizi Moskva restoranlarının birində Ramazan Abdulatipov və Abbas Abbasovla birgə görüblər. Bu nə dərəcədə həqiqətə uyğundur?
– Fevralın 2-də “Modern” teatrında tanınmış teatrşunas Natalya Staroselskayanın Bakıdakı “İbrus” teatrına həsr olunmuş kitabının təqdimatı oldu. Zal dolu idi, Rusiya incəsənət və mədəniyyət xadimləri teatrı və onun gözəl aktyorlarını dəyərləndirdilər. Ancaq mənim üçün xoş olan bu gecəyə yığılan məşhur moskvalıların adlarını çəkmək istəmirəm və əlbəttə ki, “Modern” teatrının kandarından içəri keçməyə cəsarət etmiş iki-üç azərbaycanlı barədə də danışmıram.
– Niyə?
– Çünki teatrı, məni və kitabın müəllifini təbrik etmək üçün Abbas Abbasov gəlmişdi. Bu kifayət edir ki, Azərbaycan xüsusi xidmət orqanları onlara işləyən kütləvi informasiya vasitələri vasitəsilə sui-qəsdçilərin toplantısı barədə növbəti axmaq-yalançı uydurmalar yaysın. Bəli, mən Ramazan Abdulatipovla restoranda olmuşam. Moskvanın müxtəlif restoranlarında birlikdə olduğum müxtəlif millətlərin və geniş peşə diapazonunun digər tanınmış nümayəndələrinin da adlarını çəkə bilərəm. Nə olsun? Son illər internetin ortaya çıxması səbəbindən kitabxanada az oluram. Ancaq restoranlara tez-tez gedirəm, baxmayaraq ki, sağlamlığa ziyandır. Ramazan Abdulatipovla bu yaxınlarda Rəsul Həmzətov barədə ssenari yazmışıq, qardaşım oğlu Murad isə bu ssenari ilə film çəkib, filmə artıq minlərlə tamaşaçı baxıb, ancaq əsas premyera qarşıdadır. Araz Ağalarovu uşaqlıqdan tanıyıram və onun bunda günahı yoxdur. Vahid Ələkbərovu, Telman İsmayılovu, İsgəndər Xəlilovu bir neçə dəfə, o cümlədən Azərbaycan xüsusi xidmət orqanlarının Milyarderlər ittifaqı adlandırdığı Rusiyadakı Azərbaycan Təşkilatları İttifaqının təsis iclasında görmüşəm. Abbas Abbasovun Rusiyada keçmiş SSRİ-nin digər millətlərinin nümunəsində Azərbaycan diaspora təşkilatlarını birləşdirmək səyləri həyata keçmədi və biz daha görüşmədik. Ancaq cəmi bir iclasla bağlı nə qədər yalanlar uydurdular və uydurmaqda da davam edirlər. Görünür, Azərbaycan hakimiyyəti Rusiyada az-çox müstəqil diaspora təşkilatından qorxur.
– Bəs Azərbaycan mədəni muxtariyyatında (Azərros) nə baş verir? Siz bu təşkilatın Ağsaqqallar Şurasının üzvü kimi orda yaranan problemlərdən xəbərdar olmalısınız.
– Azerros-da problemlər var və onlar Azərbaycandakı hansısa qüvvələrin bu təşkilatın rəhbəri postundan Abbas Abbasovu devirmək cəhdlərinə görə ortaya çıxıb. Ancaq iri regional təşkilatların əksəriyyəti onun Rusiyada böyük nüfuz və imkanları ilə mədəni muxtariyyata böyük fayda gətirəcəyini anlayaraq Abbasovu dəstəkləyir. Yeri gəlmişkən mən digər nüfuzlu təşkilatın – Rusiya Azərbaycan Konqresinin rəyasət heyətinin üzvüyəm və onun yaradıcılarından biriyəm. Ancaq son vaxtlar təşkilatın iclaslarına qatılmıram ki, onun da rəhbərliyini Azərbaycanda dövlət çevrilişi cəhdində günahlandırmasınlar. Deməkdən yorulmuşan ki, real siyasətdən uzaq adamam. Yalnız bir dəfə sonuncu prezident seçkiləri ərəfəsində Azərbaycanın dağınıq demokratik müxalifətini birləşdirməyə cəhd etdim. Bu da məndə alındı. Ancaq müxalifət partiyalarının liderləri tələb etdi ki, mən qarşıdakı prezident seçkilərində onların vahid namizədi olum. Buna getməyə məcbur idim, çünki əks halda koalisiya dağılırdı, ancaq dərhal daha bir namizədin vacibliyini bəyan etdim. Nəticədə əksəriyyət bizim görkəmli tarixçi Cəmil Həsənlini dəstəklədi, o da yeri gəlmişkən parlaq seçki kampaniyası apardı. Bununla da mənim siyasətdə birbaşa iştirakım başa çatdı. Vətəndaş və yazıçı kimi Azərbaycanda vətəndaşların hüquqlarının pozulması və digər hadisələrlə razılaşmamağı özümə borc bilirəm. Bu siyasət deyil və hətta demokratik olmayan istənilən ölkədə normal qarşılanardı. Ancaq Azərbaycanda bərqərar olunan rejim ona mədhiyyələr oxumayan hər kəsi düşmən hesab edir və dövlət çevrilişinin təşkilində ittiham edir. Əgər Azərbaycan siyasi qurbanların sayı gündən günə artmasaydı, bu maniyaya oxşayan qarayaxma gülüş doğurardı. Hakimiyyət anlamır ki, yalnız vətəndaş cəmiyyətinin fəallığı onu artan xalq üsyanı təhlükəsindən xilas edə bilər.
– Fevralın 5-də 76 yaşınız tamam oldu. Ərtafınızda baş verənlərdən yorulmamısınız?
– Yorulmaq o söz deyil. Ürəyim bulanır. Axı hər şey fərqli ola bilərdi. Özü də təkcə Azərbaycanda yox. Hakimiyyətdəkilərin acgözlüyü və demoqoq-partiotik ritorika ilə pərdələdiyi cinayətkar əxlaqsızlığı milyonlarla insanı vətəndaş kimi alçalmadan yaşamaq hüququndan məhrum edir.