Steynar Gil: “Beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətinə daha təsirli tədbirlər haqda düşünməlidir”
2002-2006-cı illərdə Norveçin Azərbaycandakı səfiri olmuş Steinar Gil “Azadlıq” radiosunun suallarını cavablandırıb.
– Hazırda harada işləyirsiniz?
– Təqaüdçüyəm. 2011-ci il yanvarın 31-də diplomatik fəaliyyətimə son qoyaraq, Vilnüsdə Norveç səfirliyi vəzifəsindən təqaüdə çıxdım.
– Bakını necə xatırlayırsınız?
– Xatirələrim xoşdur. Lakin həm də təəssüflənməli oluram ki, mən gedəndən bəri vəziyyət heç də yaxşılaşmayıb.
– Siz gedəndən bəri vəziyyəti sonsuz dairəyə bənzədənlər var. Yəni, hakimiyyəti qane etməyən şəxslər həbs olunur, sonra azad edilir, bir qədər keçir yeni həbslər dalğası gəlir…
– Təəssüf ki, mənzərə əsasən buna bənzəyir. Xüsusilə məyus olursan ki, insan haqları fəallarının sonuncu həbsləri məhz Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi dövründə baş verir.
– Azərbaycanın bu quruma sədrliyini tez-tez xatırladırlar. 6 ay əvvəl Avropada ümid edirdilər ki, bu fakt vəziyyəti yaxşılaşdırar. Lakin bunun əksi baş verdi. Sizcə, bu nə deməkdir – diplomatiya dalana dirənib?
– Çətin sualdır. «Sakit diplomatiya» adlandırılan siyasət nəticə vermir. Ona görə yaxşı olardı ki, Avropa Birliyi, Avropa Şurası və ümumiyyətlə, beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətinə daha təsirli tədbirlər haqda düşünsünlər.
– Lakin bəziləri hesab edir ki, Azərbaycandakı siyasi fəallar məhz beynəlxalq ictimaiyyətlə əməkdaşlığa görə təqiblərə məruz qalırlar. Məsələn, hətta kiməsə beynəlxalq mükafat verəndə, hakimiyyət həmin şəxslərə qarşı daha aqressiv olur…
– Mən bu fikirlə razılaşmıram. Belə mükafatlar Azərbaycan kimi dövlətlərə diqqəti artırır. İnsan haqları uğrunda çalışan şəxslərin, təşkilatların və beynəlxalq ictimaiyyətin belə rejimlərə diqqətinin böyük əhəmiyyəti var.
– Azərbaycanda insan haqları dəyərləri uğrunda hələ də çarpışan adamlara müraciət etmək imkanınız olsaydı, nə deyərdiniz?
– Onların işinə dərin heyranlığımı və hörmətimi bildirərdim. Bu qorxmaz insanların nə dərəcədə ağır mübarizə apardıqlarını bilirəm və hesab edirəm ki, onlara hər cür yardım edilməlidir.
– Bəs Azərbaycan hakimiyyətinə sözünüz nə olardı?
– Azərbaycan hakimiyyətinə isə deyərdim ki, dərhal bütün siyasi məhbusları azad etsin!