«Azərbaycan təcrid olunmuş vəziyyətdə yaşaya bilməz»
«Milli Şuranın etiraz mitinqləri davamlı olacaq»
Namizəd Səfərov: «Hakimiyyətdə baş verən hər hansı hadisəni normal məntiqlə izah edən insanlar yoxdur»
Gündəmin əsas mövzularından biri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son çıxışında etdiyi etiraflardır. Ölkənin 70 il əvvəlki savadsızlığa geri döndüyünü vurğulayan R.Mehdiyev hətta bildirib ki, Prezident Administrasiyasında kadr qıtlığı da var. Maraqlıdır ki, bir tərəfdən ölkədə yüksək inkişafdan danışan hakimiyyət təmsilçiləri, elmin də beynəlxalq standartlara uyğun olduğunu bəyan edirlər. Amma digər tərəfdən hakimiyyətin əsas ideoloqu ölkənin 70 il əvvəlki savadsızlığa geri döndüyünü vurğulayıb. Bəs, baş verənlərə görə məsuliyyəti kim daşıyır? Bu və başqa sullara Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquqşünas Namizəd Səfərovla müsahibədə aydınlıq gətirməyə çalışdıq:
– Əgər Ramiz Mehdiyev dediklərində həqiqətən səmimidirsə, o zaman onun söylədikləri bir reallıqdır. Elm və təhsilin ölkəmizdəki səviyyəsi olduqca acınacaqlıdır. Mən dəfələrlə qeyd etmişəm ki, dəqiqləşdirmə aparılsa, ortaya çıxar ki, hətta Milli Məclisin deputatlarının 50-i faizi latın əlifbası ilə yazıb, oxumağı bacarmırlar. Eyni zamanda o da bir reallıqdır ki, Azərbaycandakı məmurların 50-60 faizi normal təhsil almayıblar. Xatırlayırsınızsa Təhsil Nazirliyi bir müddət əvvəl belə bir açıqlama ilə çıxış etmişdi ki, Azərbaycanda saxta diplomla işləyən müəllimlər var. Əgər müəllimlər saxta diplomla işləyirlərsə, deməli dövlət quluqçularının da bir hissəsi saxta diplomlarla çalışırlar. Nazir saxta diplomların mövcudluğunu təsdiq edirsə və bu saxta diplomlarla müəllimlər işlərinə davam edirlərsə, nazir yaranmış durumdan çıxış yolunu göstərmirsə, deməli baş verənlər kiminsə maraqlarındadır. Hətta məhkəmələrdə, prokurorluq orqanlarında elə adamlara rast gəlirsən ki, onların nəinki hüquq, heç orta təhsili də gözə görünmür. Məmurların yazdıqları əlyazmaları oxumaq belə olmur. Ramiz Mehdiyevin söylədikləri neqativ məqamlar araşdırma predmeti olmalıdır. Onun bu sözləri səmimi və yaxud səmiyyətdən kənar deməsindən asılı olmayaraq bunlarla maraqlanılmalıdır.
“Elmi gözdən salan siyasət”
– Ramiz Mehdiyev bir məqamı da vurğulayıb ki, ölkədə əsas yaşayış meyarı kimi insanların evə, maşına və pula sahib olmaq istəyinin üstünlük təşkil etməsidir. R.Mehdiyev hətta vurğulayıb ki, bu maddi nemətləri əldə etmək üçün insanlar əxlaqsızlığa, qeyri-qanuni işlərə əl atmağa çalışırlar…
– Azərbaycanın böyük şairi Nizami Gəncəvi deyirdi ki, elmlə, hünərlə! başqa cür heç kəs, heç kəsə üstünlük eləyə bilməz! Yəni cəmiyyətdə o şəxslər tanınmalıdırlar ki, onların həqiqətən də elmləri var. Bu gün isə tamamilə başqa mənzərə yaranıb. Gənclər görürlər ki, elmli, bacarıqlı insanlar qalıblar kənarda, onlar nə vəzifələrdə təmsil olunublar, nə də həmin şəxslərin normal əsərlər çap etdirməsinə şərait yaradılıb. Amma elmləri olmayan, yazmağı, oxumağı bacarmayan nadanlar böyük var-dövlət sahibidirlər. Gənclər bu barədə düşündükdən sonra bu qənaətə gəlirlər ki, cəmiyyətdə yer tutmaq üçün elm heç bir əhəmiyyət kəsb etmir. Irəli getməyin, mənfəət qazanmağın, var-dövlət əldə etməyin başqa kriteriyaları var. Bunlar yaltağlıq, məddahlıq, savadsızlıqdır. Elə şəxslər var ki, hakimiyyət onlara qeyri-qanuni addımlar atmağa vadar edir. Amma onlar nəyə görə sualını verməyə belə cürət etmirlər. “Filan şəxsi tutmalısan” əmrini verən ona sual verəni bir anda vəzifəsində saxlamaz. Hakimiyyətdə sual vermək qadağan olunub. Mən inanıram ki, təhsili olan insan heç zaman qeyri-qanuni addım atmaz, o, ən azı “bu şəxsi niyə tutmalıyam, onu niyə şərləməliyəm” suallarını verər. Belə şəxslər isə hakimiyyətə sərf etməz.
“Belə bir durum uzun müddət davam edə bilməz”
– Azərbaycan hakimiyyətinin öz vətəndaşlarına hörmət etməli olduğu tez-tez xarici ölkələr tərəfindən xatırladılır. Azərbaycana insan haqları, demokratiya sahəsində görməli olduğu işlər vaxtaşırı olaraq beynəlxalq təşkilatların təmsilçiləri, demokratik dövlətlər tərəfindən xatırladılsa da, iqtidar bunları eşitməməzliyə vurur. Bir ziyalı olaraq sizə Azərbaycan hökumətinə öz vətəndaşına qarşı necə davranmalı olduğunun deyilməsi necə təsir bağışlayır?
– Hazırkı dünyada demokratiya, insan hüquqları məsələsi heç bir dövlətin ayrıca götürülmüş işi hesab olunmur. Dünyada hər şey dəyişilib. Hazırda 15-ci əsr deyil. Ölkə təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. “Mən yaxşı edirəm, insan haqları mənim üçün prioritet deyil” tezisi işə yaraya bilməz. Insan haqlarını aşağlamaq, onları arxaya çəkmək heç bir dövlətin daxili işi deyil. Azərbaycanın özü də beynəlxalq təşkilatlara üzv olarkən üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər BMT yarandıqdan sonra əsas prinsiplər olaraq qəbul olunub. Insan haqlarının bir dəyər olaraq qorunmasının vacibliyi beynəlxalq səviyyədə qəbul olunub. Sivil dünyada bütün ölkələr daxillərində insan haqlarını, demokratik azadlıqları təmin etməlidirlər. Bu hüquqlar prioritet təşkil edir və iqtisadi məsələlərdən üstün tutulmalıdır. Avropa Şurası və digər mötəbər beynəlxalq təşkilatların nümayəndələri daim Azərbaycana müraciət edirlər ki, ölkədə insan hüquq və azadlıqları aşağı səviyyədədir. Avropa ilə iqtisadi sahədə müttəfiqliyi qarşısına məqsəd qoyan bir ölkə insan haqlarına da hörmət etməlidir. Ona görə bu günlərdə Azərbaycana səfər edən Avropa Şurasının komissarı da hakimiyyətin nəzərinə çatdırdı ki, belə bir durum uzun müddət davam edə bilməz. Bütün dünya gözəl görür ki, Azərbaycanda siyasi məhbuslar problemi hər ötən gün daha da dərinləşir və məhbusların sayı yüzdən artıqdır.
– Azərbaycanda hakimiyyətin yürütdüyü repressiya o həddə çatıb ki, iqtidar bir tərəfdən siyasi məhbus probleminin həlli istiqamətində çalışdığı görüntüsünü yaratmaq üçün Işçi Qrupu yaradır. Digər bir tərəfdən isə dünyanın diqqətində olan siyasi məhbusların həbs müddətini elə Avropa Şurasının komissarı Bakıda olduğu müddətdə artırır. Beynəlxalq təşkilatlar, Azərbaycan cəmiyyəti hakimiyyətin bu addımlarından hansı nəticələri çıxarmalıdır?
– Hakimiyyət bu gün yüksək tribunalardan iddia edir ki, ölkədə siyasi məhbus problemi yoxdur. Dünyanın bütün ölkələrindəki avtoritar siyasi rejimlər özlərində siyasi məhbusların olduqlarını etiraf etmirlər. Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin son həddə çatdığını beynəlxalq təşkilatlar dəfələrlə vurğulayıblar. Bu həm dövlət başçısının, həm də Milli Məclisdəki deputatların da nəzərinə çatdırılıb. Lakin çox təəssüf ki, bu məsələ hər ötən gün daha da pisləşir. Həbs olunan hüquq müdafiəçilərinin həbs müddətlərinin uzadılması isə faciəvi duruma çatıb. Cinayət törətmiş şəxsin 3 aydan artıq həbsdə saxlanılması qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Həm beynəlxalq, həm də ölkə qanunvericiliyi tələb edir ki, məhkəmə zamanı insanların həbsdə saxlanılma müddəti azaldılsın. Hakimiyyət elə düşünür ki, Azərbaycanın enerji əhəmiyyətinə görə iqtidara qarşı heç bir tədbir görülməyəcək. Amma hakimiyyətin atdığı addımlar ona qarşı sanksiyaların tətbiqini gündəmə gətirir. Rusiyaya qarşı tətbiq olunan iqtisadi və siyasi sanksiyaların hansı nəticələr verdiyini görmək üçün elə də böyük ağıla sahib olmaq lazım deyil. Rusiya son aylar ərzində 15 milyard itkiyə məruz qalıb. Təsəvvür edin biz də eyni miqyasda itkilərə məruz qalsaq ölkə hansı vəziyyətə düşə bilər. Bundan başqa hakimiyyətin atdığı addımlara görə ölkəmizə iqtisadi sanksiyalarla yanaşı, siyasi sanksiyalar da tətbiq oluna bilər. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə, mötəbər beynəlxalq təşkilatlardan uzaqlaşdırıla bilər.
“Işçi Qrupunun real addımlar atacağı şübhə doğurur”
– Leyla Yunus və Intiqam Əliyevin etimad göstərmədiyi Işçi Qrupu ölkədəki siyasi məhbus probleminin həlli istiqamətində nəsə uğur əldə edə bilərmi?
– Işçi Qrupunun yaradılması müsbət hal olsa da, bu təşkilat yenidən hakimiyyətin nəzarəti altında olan bir quruma çevrildi. Bu təşkilatın real addımlar atacağı şübhə doğurur. Hiss olunur ki, bu təşkilat problemlərin həlli istiqamətində təşəbbüs göstərə bilməyəcək. Bu dəfəki Işçi Qrupu da müəyyən çərçivə daxilində fəaliyyət göstərəcək. Hamımızın siyasi məhbus, ölkədəki tanınmış hüquq müdafiəçiləri kimi qəbul etdiyimiz və hazırda həbsdə olan şəxslər bu Işçi Qrupuna ehtiyatla yanaşıblar. Onlar bu addımları ilə Işçi Qrupunun gələcək fəaliyyətinə kölgə salırlar. Işçi Qrupunun tərkibi heç olmasa 50 faiz müstəqil addamlardan təşkil olunsaydı, biz bu təşkilatın fəaliyyətinə müəyyən ümidlər bəsləyərdik.
– Hakimiyyət bir qayda olaraq ona demokratiya və insan haqları ilə bağlı ünvanlanan çağırışları erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirməyə çalışır. Amma bu çağırışların miqyası getdikcə genişlənməkdədir. Bu çağırışlar həm beynəlxalq təşkilatlardan, həm də dövlətlərdən gəlməkdədir. Bəs əgər baş verənlər ermənilərin fəaliyyətinin nəticəsidirsə, o zaman hanı hakimiyyətin öyündüyü “uğurlu xarici siyasəti?”.
– Azərbaycan hakimiyyətində baş verən hər hansı hadisəni normal məntiqlə izah edən insanlar yoxdur. Ən yüksək səviyyədə vəzifə tutan şəxslər cərəyan edən proseslərə elə şərh verirlər ki, adamın bu şəxsin təhsilinə, məntiqinə “heyran” qalır. Hakimiyyət bir qayda olaraq razılaşmadığı hadisələrə “erməni dəyirmanına su tökmək” kimi yanaşır. Azərbaycanın fəal QHT rəhbərləri hazırda ermənilərlə iş birliyində suçlu bulunaraq həbs olunublar. Bütün bunlar gülünc ittihamlardır. Hakimiyyət eyni siyasəti beynəlxalq təssisastalara da qarşı sərgiləyir. Əgər iqtidarın yürütdüyü siyasət xarici dövlətlər tərəfindən sərt tənqid olunursa, dərhal burada erməni “izi” axtarılmağa çalışılır, guya ABŞ və digər dövlətlər Azərbaycanın uğurlarına qısqanclıqla yanaşır. Bu olduqca gülüncdür. Nəyə görə ABŞ Azərbaycanın uğurlarını qısqanmalıdır.
– Milli Şura oktyabrın 12-də “siyasi məhbuslara azadlıq” şüarı altında aksiya keçirdi. Sizcə, Milli Şura cəmiyyəti düşündürən məsələlərlə bağlı bundan sonra da davamlı addımlar atmalıdırmı?
– Milli Şuranın məqsədi odur ki, insan haqlarının pozulmasına, demokratik dəyərlərin tapdanmasına etiraz olaraq vaxtaşırı etiraz mitinqləri keçirilməlidir. Oktyabrın 12-də keçirilən aksiyadan sonra bu məsələ Milli Şuranın Koordinasiya Mərkəzində yenidən müzakirəyə çıxarıldı və mitinqlərin davamlı olacağı ilə bağlı qərar qəbul olundu. Oktyabrın 12-də keçirilən aksiyadan sonra hakimiyyətin narahatçılığı özünü göstərdi. Aksiyadan sonra hakimiyyət təmsilçilərinin təzadlı bəyanatları buna sübutdur.
Xəyal