«Qərbin ekspansiyasını azaltmaq üçün hakimiyyət Rusiya faktorundan istifadə etmək istəyir»
Mehman Əliyev: «Hakimiyyət Bakıda Rusiya əleyhinə qərarın qəbuluna imkan verməyəcək»
Azərbaycana həm Qərbdən, həm də Rusiyadan edilən səfərlərin intensivliyinin artması regionda ciddi proseslərin cərəyan etdiyindən xəbər verir. Ekspertlərin fikrincə, hazırda Azərbaycanın yerləşdiyi regionda ciddi geosiyasi mübarizə getməkdədir. Bu mübarizədə Qərblə Rusiyanın əsas hədəfi Azərbaycanı öz tərəfinə çəkməkdir.
Azərbaycan isə hələlik öz qeyri-müəyyən mövqeyini saxlamaqla qətiyyətli addım atmaqdan çəkinir. Məhz xarici siyasətdəki bu qətiyyətsizlik hər ötən gün Azərbaycana hər iki tərəfdən yönələn təzyiqlərin artmasına səbəb olur. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana son səfəri və səsləndirdiyi bəyanatlar həm yerli, həm də rus mediasında geniş şərh olundu. Lavrovun ardınca Putinin digər emissarları Dmitri Roqozin və Sergey Narışkinin də Bakıya gəlməsi təsadüf sayıla bilər. “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevlə müsahibəmizə Azərbaycanla bağlı regionda baş verən proseslərə aydınlıq gətirməklə başladıq.
– Son vaxtlar regionda baş verənlərdən irəli gələrək Azərbaycana Rusiyadan səfər edənlərin sayı artıb. Rusiya ilə Azərbaycan arasında dialoqun intensivləşməsi prosesi gedir. Səfərlərin xronologiyasına aprelin 7-də Azərbaycana Rusiya ordusunun baş qərargah rəisi Valeri Gerasimovun səfərindən diqqət yetirmək lazımdır. Roqozinin Azərbaycanla bağlı təyinat alması da təsadüf deyil. O, Azərbaycanla Rusiya Iqtisadiyyat Komissiyasının rəhbəri təyin olunmuşdu. Eyni zamanda Rusiyanın iqtisadi inkişaf nazirinin də səfərini unutmaq lazım deyil. Peterburq forumunda SOCAR ilə “Rosneft” arasında sazişlər imzalanır. Gələn həftə isə Qəbələdə Rusiya ilə Azərbaycan arasında böyük iqtisadi forum keçiriləcək və Narışkin Azərbaycana səfər edəcək. Öz növbəsində Azərbaycan rəsmiləri də Moskvaya səfərlər ediblər. Bütün bu sadalananlar Azərbaycanla Rusiya arasında yaşananların bir hissəsidir. Lavrovun səfəri bir məqsədə də xidmət edə bilər. Yaxın zamanlarda Fransada Azərbaycanla Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Lavrov Azərbaycana gələrək danışıqlarla bağlı Rusiyanın mövqeyini də çatdıra bilər. Hesab edirəm ki, əsas məsələlər budur və bu prosesin bir tərkib hissəsidir.
Azərbaycandan nə gözlənilir?
– Rusiya Azərbaycandan hansı mövqeyin sərgilənməsini istəyir? Rusiyadan olan səfərlərin intensivliyi nəyə işarədir?
– Bu intensivlik təkcə Rusiya ilə münasibətdə yaşanmır. Qərblə də eyni intensivlik görünür. Xüsusilə seçki ərəfəsində ABŞ-dan Azərbaycana nümayəndə heyətləri gəlirdi. Bu səfərlər zamanı hakimiyyətlə müyyən məsələlərdə razılığa gəlində, sövdələşmələr oldu. Azərbaycan hakimiyyəti seçkidən sonra bir sıra addımlar atacağı ilə bağlı üzərinə öhdəliklər götürdü. Artıq sövdələşmələrin konturları görünməyə başlayıb. Barrozonun Azərbaycana səfəri zamanı Avropa Birliyinin ölkəmizdə strateji əməkdaşlıq və modernləşdirmə sazişinə imza atmağa razı olduğunu bəyan etməsi təsadüfi deyildi. Qərb Azərbaycandan rejimi modernləşdirməyi gözləyir. Bununla Azərbaycanda Gürcüstan, Ukrayna tipli çevik dəyişikliklərə deyil, təkamül yolu ilə dəyişikliklərə nail olunmasına çalışılır. Bunu əslində Avropa Birliyi ilə Azərbaycan arasında əldə olunan kompromis də saymaq olar. Məhz Avropa Birliyi ilə bu cür razılıq əldə olunandan sonra Rusiya Azərbaycanla münasibətdə aktivləşməyə başlayır. Çünki Rusiya Avropa Birliyinin Azərbaycanla starteji tərəfdaşlıq sazişi imzalamasından sonra bu qənaətə gəldi ki, Qərb ölkəmizlə bağlı prinsipial rol oynamayacaq. Ona görə Rusiya öz maraqlarını güdməyə başlayıb. Bu maraqların güdülməsi Putinin prezident seçkiləri ərəfəsində Azərbaycana səfərindən başlamışdı. Rusiyanın Azərbaycanla bağlı əsas maraqları iqtisadiyyatla bağlıdır.
“Lavrov və digərlərinin gəlişi Putinin səfərinin davamıdır”
– Lavrov Bakı səfəri zamanı bir neçə dəfə Putinin Azərbaycana son səfərini xatırlatdı. Bu xatırlatma nəyə işarədir?
– Bu ona işarədir ki, Azərbaycan seçkidən əvvəl Rusiyaya konkret söz verib. Lavrov işarə edir ki, hazırda yaşanan səfərlər Putinin Azərbaycana gəlişinin və burada əldə olunan razılıqların davamıdır. Bizim ticari əlaqələrimiz Rusiyanın xeyrinədir. Rusiya ilə münasibətlərin genişlənməsi ona gətirib çıxaracaq ki, biz Rusiyaya daha çox maliyyə vəsaiti verməli olacağıq. Rusiya tərəfi açıq şəkildə Azərbaycandan iqtisadiyyatına sərmayə qoyulmasını istəyir. Azərbaycan Ermənistandan fərqli olaraq neft pullarına sahibdir. Rusiya bu pulları özünə yönəltmək istəyir. Əlbəttə, Rusiyanın silahlarını Azərbaycana satmaq niyyətini də unutmaq olmaz. Düşünürəm ki, yaxın zamanlarda Rusiya ilə Azərbaycan arasında yeni silah sazişi imzalana bilər. Əslində bu, Rusiyaya qədim dövrlərdəki kimi vergi verilməsinə bənzəyir. Rusiyaya yönələcək Azərbaycan kapitalı bu ölkəni xilas edə bilməz. Amma bu, iqtisadiyyatın müəyyən sahələrinin dirçəlməsinə səbəb ola bilər. Rusiya Azərbaycandan həm dövlət, həm də qeyri-dövlət səviyyəsində kapitalın öz iqtisadiyyatına yönəlməsini istəyir.
– Lavrovun səfərindən sonra rus mətbuatı yazıb ki, səfər çox “uğurlu keçib” və iyunun 23-də Putinlə Əliyevin telefon danışığı olacaq. “Uğurlu keçib” ifadəsi nə anlama gəlir və Putinlə danışıq hansı mətləblərə aydınlıq gətirəcək?
– Məncə, səfərin “uğurlu keçməsi” ifadəsi Rusiya mətbutında daha çox Qarabağ danışıqlarına aid edilib. Bu o anlama gəlir ki, Rusiya münaqişə ilə bağlı status-kvonun saxlanmasına çalışır.
“Hakimiyyət NATO PA-nın toplantısında şou düzəltmişdi”
– Bir müddət sonra Bakıda ATƏT-in sessiyası keçiriləcək. Bu sessiyanın gündəliyinə Rusiyanın Ukraynada törətdiklərinə sərt qiymət verilməsini nəzərdə tutan bəyanat daxildir. Belə bir bəyanatın məhz Bakıda qəbul olunması Rusiyadan hansı reaksiyanın gəlməsinə səbəb ola bilər?
– Düşünürəm ki, Azərbaycan tərəfi növbəti dəfə toplantını pozmağa çalışacaq. Eyni situasiyanı biz NATO PA-nın toplantısında gördük. Azərbaycan hakimiyyəti çalışacaq ki, Bakıda Rusiya əleyhinə qərar qəbul olunmasın. Azərbaycan NATO PA-nın toplantısında Ermənistanla bir oyun quraraq Rusiya əleyhinə addımın atılmasının qarşısı alındı. Bu bir şou idi. Həmin toplantının gündəminə də Ukrayna məsələsi var idi. Amma onun müzakirəsindən yayındılar.
– Səməd Seyidov maraqlı açıqlamada bulunub. O bildirib ki, Azərbaycanın Assosiasiya Sazişini imzalamağa çalışanlar ölkəmizin geosiyasi önəmini anlamırlar. S.Seyidov eyni zamanda vurğulayıb ki, Ukrayna və Gürcüstan hazırda bu sazişi imzaladıqlarına görə Azərbaycana borcludurlar…
– Əslində hakimiyyət Azərbaycanda Rusiya faktorunun müəyyən həddə qədər güclənməsinin tərəfdarıdır. Çünki Qərbin Azərbaycana ekspansiyasını azaltmaq üçün hakimiyyət Rusiya faktorundan istifadə etmək istəyir. Hakimiyyət ona təzyiqlərin olmasını bu cür vasitələrlə almağa çalışır. Amma hakimiyyətin bəyan etməsi ki, Gürcüstan və Ukrayna Avropa Birliyi ilə əməkdaşlığa görə Azərbaycana borcludur, bu cəfəngiyatdır. Gürcüstan benzini hazırda Rumunyadan alır. Azərbaycan əgər hazırda Gürcüstana dəstək verirsə, bu situasiyadan qaynaqlanır. Bunu əlahiddə bir şey kimi qələmə vermək yanlışdır.
“Azərbaycan yerində sayır”
– Hakimiyyət daxilində Rusiyaya yönələn son reveransları necə dəyərləndirmək olar. Son zamanlar artan Rusiya meyilli bəyanatların arxasında nə dayanır?
– Bu, Qərbin “Şərq Tərəfdaşlığı” ilə bağlı sərgilədiyi mövqe ilə əlaqəlidir. Bildiyiniz kimi, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan bir sıra addımlar atmalı idi. Amma Azərbaycan öhdəliklərin böyük hissəsini yerinə yetirməyib. Bu öhdəliklərin əksəriyyəti demokratiya sahəsindədir. Ona görə Rusiya faktorunun gücləndirilməsi Qərbə bir mesajdır. Hakimiyyət o görüntünü yaratmağa çalışır ki, Azərbaycan istsə Rusiyaya tərəf gedə bilər və artıq bu istiqamətdə yol seçilib. Ona görə Avropa Birliyi ilə imzalanacaq strateji əməkdaşlıq və modernləşdirmə sazişi təsadüfi deyil. Bu saziş əslində Rusiyanı da qane edir. Çünki bu sazişdə Azərbaycanın üzərinə heç bir öhdəlik qoyulmur. Bir vaxtlar Rusiya ilə də belə bir layihə imzalanırdı. Amma həmin niyyət uğursuzluğa düçar oldu. Oxşar aqibətin Azərbaycanla da bağlı yaşana bilər.
– Borrozo Bakıda olarkən bəyan etdi ki, Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalansa da, bu bir keçid mərhələsidir və Azərbaycanla assosiasiya sazişi də imzalanacaq…
– Bu artıq növbəti mərhələdir. Hazırda Avropa Birliyi Azərbaycanla starteji tərəfdaşlıq lahiyəsini imzalamağa hazırlaşır. NATO ilə Azərbaycan arasında da münasibətlər oxşar səpkidə inkişaf edir. Azərbaycan NATO-ya inteqrasiyada artıq neçənci mərhələdir ki, təkrar yaşayır. Amma Gürcüstan və Ukrayna ötən müddətdə bu istiqamətdə çox qabağa gedib. Amma Azərbaycan yerində sayır.
– Türkiyə müxalifəti biraraya gələrək vahid namizədlə seçkiyə qatılmaq qərarı verib. Bu baxımdan seçkilərdən nə gözləmək olar? Ərdoğanın rəhbərlik etdiyi partiya son seçkidə 41 faiz səs toplamışdı. Amma bu səs faizi prezident seçkisində qələbəyə yetərli deyil…
– Bir qədər çətin olsa da Ərdoğan seçkini udacaq. Müxalifətin addımı Ərdoğana zərbə endirmək üçün nəzərdə tutulub. Amma son bir ildə Ərdoğanın müxalifətlə münasibətləri şiddətlənib. Ərdoğana güclü zərbələr endirilsə də, o sübut etdi ki, bu cür zərbələrə qarşı dura bilir.
Xəyal