«Hakimiyyət yenə 37-ci ilin ab-havasına uyğun addımlar atır»
«Azərbaycanda tam polis diktaturası formalaşdırılıb»
Namizəd Səfərov: «Gül bayramı adı altında dövlətin milyonlarla vəsaitini mənimsəyənləri məsuliyyətə cəlb etmək lazımdır»
“NIDA”çı gənclərə qarşı irəli sürülən ağır ittihamların heç bir sübuta yetirilməsinə baxmayaraq, prokurorun tələb etdiyi cəza heç də aparılan məhkəmə prosesinə uyğun deyil. Bundan başqa, “NIDA”çıların məhkəməsi getdiyi bir müddətdə hakimiyyətin sifarişi ilə həyata keçirildiyi şübhə doğurmayan daha bir həbs reallaşdırıldı. Söhbət tanınmış jurnalist Rauf Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbsindən gedir. Müsahibimiz Milli Şuranın üzvü, tanınmış hüquqşünas Namizəd Səfərovdur. N.Səfərova ilk sualımız “NIDA”çıların məhkəməsi adı altında keçirilən absurda münasibətlə bağlı oldu.
– Bütün cəmiyyət gözəl bilir ki, “NIDA”çılara qarşı irəli sürülən ittihamlar reallıqdan uzaqdır, qondarmadır. Sadəcə olaraq hakimiyyət özünün əvvəlki siyasətini ardıcıl olaraq davam etdirir. Cəmiyyətdə müstəqil söz demək, baş verən hadisələrin mahiyyətini ictimailəşdirmək istəyən bütün qüvvələr sıradan çıxarılmalıdır. Hakimiyyətin qəbul etdiyi qərar bundan ibarətdir. Bunun üçün də bu qüvvələrə qarşı əsassız ittihamlar irəli sürürlər, sonradan da onları uzun müddət istintaq altında saxlayırlar. Bu, hakimiyyətin ümumi siyasətinin tərkib hissəsidir və cəmiyyəti qorxu altında saxlamaq məqsədi daşıyır. Yəni öz müstəqil sözünü deməyə cürət edən hər kəsi eyni aqibət gözləyir.
– “NIDA”çıların məhkəmə prosesi zamanı onlara qarşı irəli sürülən ittihamların heç bir sübuta yetirilmədi. Bu cür keçirilən məhkəmənin müqabilində istənilən ağır cəza nə dərəcədə adekvatdır?
– Istintaq zamanı irəli sürülən ittihamların qondarma, əsassız olduğunu müstəntiq, prokuror da gözəl bilirdi. Bu ittihamların heç bir sübutu yoxdur və onlar sadəcə olaraq gülməlidir. Bu ittihamların sırf siyasi məqsədlər daşıdığını görməmək mümkün deyil. Eyni zamanda bu işi araşdıran məhkəmə, dövlət ittihamını irəli sürən prokuror da çox gözəl bilir ki, ittihamların heç bir əsası yoxdur, qondarmadır və siyasi məqsədlərlə irəli sürülüb. Prosesi izləyən vətəndaşlar irəli sürülən ittihamların bir hissəsi ilə tanış ola bilərlər. Amma dövlət ittihamçısı və hakim bütün işin qondarma olduğunu, əvvəldən sona qədər ağ parça üzərində qara sapla tikildiyini çox gözəl bilirlər. Ona görə də verilən ittihamların əsassızlığını, verilən cəza ilə müqayisə etməyə dəyməz. “Prokuror gördü ki, bu ittihamlar sübuta yetirilmədi, bu üzdən ”NIDA”çılara daha yüngül cəza istəyə bilər” kimi ehtimalları gözləməyə dəyməz. Bu əvvləcədən planlaşdırılmış bir iş idi. Prokuror ora ittiham nitqini söyləməyə gələndə onun əlində kimə nə qədər iş veriləcəyi ilə bağlı siyahı olur. Burada hər hansı ittihamın sübuta yetirilib-yetirilməməsindən söhbət getmir. Bu, qətiyyən əhəmiyyət kəsb etməyən məsələdir. Guya prokuror bilmirdi ki, məhkəmədə irəli sürülən ittihamların hamısı uydurmadır və onların heç biri sübuta yetirilməyəcək. Prokuror cürət edib rəhbərliyinə deyə bilməz ki, bəs ittihamlar sübuta yetmədi, gəlin cəzanı dəyişək. Əslində heç kimin cinayəti sübuta yetirilməyib və “NIDA”çıların hamısı barəsində bəraət hökmü çıxarılmalıdır. Bu gənclərə qarşı əsassız ittihamlar irəli sürmüş istintaq orqanlarının hamısı isə məsuliyyətə cəlb edilməlidir. Istintaqa tapşırıblar ki, belə ittihamlar irəli sürülməlidir, vəssalam.
“Aclıq aksiyasına reaksiya verilməməsi hakimiyyətin mahiyyətini göstərir”
– Hazırda ağır cəzanın tətbiqi istənilən “NIDA”çılar ölüm aclığına başlayıblar. Bu aksiyaya həmin gənclərin valideynləri də qoşulub. Amma rəsmi şəxslərdən heç kim bu aksiya ilə maraqlanmır və baş verənlərə reaksiya vermir…
– Əslində aclıq aksiyası etiraz aksiyalarının içərisində ən mühüm tədbirlərdən biridir. Yəni əslində normal bir cəmiyyət olsa, aclıq aksiyası keçirən vətəndaşlara diqqət yetirilməlidir. Bu aclıq aksiyasının səbəbləri araşdırılmalıdır. Bu şəxslər axı nəyə görə aclıq aksiyası keçirirlər? Bu hər bir insanın ata biləcəyi son addımdır. Bu yol ölümə aparır. Bizim cəmiyyətdə son 20 ildə bu aclıq aksiyalarına reaksiya verilməyib. Verilən reaksiyalar isə olduqca gülməlidir. Eşidəndə ki, kimsə aclıq aksiyası keçirir. Yuxarıda oturanlar bəzən bunu ironiya ilə qarşılayır, bəzən isə sadəcə olaraq gülürlər. Hətta əksinə, aksiya keçirənlərə qarşı zor işlədərək onlardan aclıq aksiyasını dayandırmağı tələb edirlər. Halbuki bu tip aksiyalar dünya ilə yanaşı, cəmiyyətin də diqqətində olmalıdır. Lakin bizim ölkədə aclıq aksiyası sıradan bir tədbirə çevrilib. Baş verənə diqqət yetirməli olan dövlət təşkilatları, ümumiyyətlə, özlərini reallıqdan uzaq sayırlar. Dövlət baş verənə müdaxilə etməli, həm “NIDA”çılardan, həm də onların valideynlərindən sağlamlıqlarını qorumağı istəməlidirlər. Mən aclıq aksiyasını keçirənlərin niyyətlərini tam dəstəkləyirəm, eyni zamanda onları bu təşəbbüslərini dayandırmağa səsləyirəm.
– Azərbaycan məhkəmələrində real olaraq neçə tərəf iştirak edir? Normal dövlətlərin məhkəmələrindən bizi fərqli edən cəhətlər nədir? Azərbaycandakı məhkəmələrdə müdafiə tərəfinin prosesin gedişinə təsir imkanı varmı?
– Bu yaxınlarda açıqlamalarımın birində demişdim ki, müttəhimlərə qarşı əsassız ittihamların irəli sürülməsinə baxmayaraq, biz onlara qarşı əmək sərf edirik. Bizim vəkillər qondarma ittihamlar irəli sürülən Ismayıllı işi ilə bağlı böyük əmək sərf etdilər. Mən təklif etmişdim ki, ümumiyyətlə, bu proseslərdə iştirak etməyə dəyməz. Ya da iştirak formal xarakter daşımalıdır. Ümumiyyətlə, məhkəmə araşdırmalarında iştirak edib, suallar verilməməlidir. Biz bildiyimiz halda ki, onlara qarşı irəli sürülən ittihamlar əsassızdır, biz həmin əsassız ittihamları sübuta yetirmək istəyirik. Bu da sonda heç bir nəticə vermir. Bu baxımdan mən seçilən taktikanı düzgün saymıram. Təklifim budur ki, həm müttəhimlər, həm də onların vəkilləri prosesdə passiv iştirak etsinlər. Yəni bir növ məhkəmə prosesində passiv iştirakla etiraz nümayiş etdirilmiş olacaq. Normal halda məhkəmələrdə iki tərəf olur. Ittiham və müdafiə tərəfi. Hakimlər isə əslində kənardan gedişi, çəkişməni müşahidə edərək, irəli sürülən ittihamların əsasslı və ya əsassız olması nəticəsinə gəlirlər. Amma reallıqda məhkəmələrin hamısı prokurorun tərəfinə keçib. Bəzən təcrübəsi olmayan prokuror dövlət ittihamını irəli sürür. Hakimlər də bu zaman öz vəzifələrini unudaraq ittiham tərəfinin mövqeyindən çıxış etməyə başlayırlar. Nəticədə prokurorun acizliyinin qarşısı alınır. Müdafiə tərəfinin isə dediyi bütün arqumentlərin qarşısı alınır. Əgər ittiham olunan şəxsin tutulması sifarişi verilirsə, müdafiə tərəfinin gətirdiyi arqumentlərin heç bir mənası yoxdur.
“Rauf Mirqədirova qarşı irəli sürülən ittihamlar gülüncdür”
– Hazırda gündəmdə olan daha bir siyasi sifarişli həbslə də bağlı münasibətinizi öyrənmək istərdik. Tanınmış jurnalist Rauf Mirqədirovun həbsiylə bağlı prokurorluğun gətirdiyi arqumentləri nə dərəcədə əsaslı saymaq olar?
– Hazırkı rejimin hər bir təmsilçisinə dövlətə xəyanət ittihamını irəli sürmək olar. Hazırda qondarma ittihamlardan biri Rauf Mirqədirova qarşı irəli sürülüb. Mən Rauf Mirqədirovu iyirmi ildən artıqdır ki, tanıyıram. O öz sözünü deməyə qadir olan jurnalistdir. O həmçinin “Ayna” qəzetinin Türkiyədəki nümayəndəsi idi. Rauf bəy Türkiyədə də baş verən hadisələrə münasibətini bildirirdi. Hesab edirəm ki, hakimiyyətin bu addımları tam əsassızdır. Respublika Prokurorluğunun Rauf Mirqədirovla bağlı verdiyi bəyanatı da əsassız sayıram. Rauf Mirqədirov törətdiyi güman edilən ittihamlara görə həbs edilir. Əgər əlinizdə heç bir sübut yoxdursa, o zaman nəyə görə vətəndaşı həbs edirsiniz? Deməli, artıq Rauf Mirqədirovla bağlı siyasi sifariş verilib və ilkin olaraq Rauf Mirqədirovla bağlı 3 aylıq həbs qətimkan tədbiri seçilib. Hakimiyyət bu müddəti bir qədər də uzadaraq çalışacaq ki, ona qarşı irəli sürülən ittihamları sübuta yetirsinlər. Irəli sürülən ittihamları tam əsassız sayıram. Hakimiyyət yenə 37-ci ilin ab-havasına uyğun addımlar atır. Vətəndaşlara qarşı sifarişlə dövlətə xəyanət ittihamı irəli sürürlər. Hazırda cəmiyyətdə tam repressiv bir vəziyyət hökm sürür. Öz sözünü demək istəyən istənilən şəxsə qarşı uydurma ittihamlar irəli sürülür. O qurbanlardan növbətisi Rauf Mirqədirovdur.
– Hazırda daha çox verilən suallardan biri də Rauf Mirqədirovun həbsinin səbəbləri ilə bağlıdır. Sizcə, Rauf bəyi həbs etməkdə məqsəd nədir?
– Rauf Mirqədirov cəmiyyətdə baş verən hadisələrə siyasi qiymət verməkdən çəkinməyən bir şəxsdir. Rauf Mirqədirov hakimiyyəti tənqiddən heç zaman çəkinməyib. Rauf Mirqədirovun hadisələrə öz yanaşma tərzi var. Türkiyədə baş verən hadisələrə münasibətdə də Rauf Mirqədirov fəallıq nümayiş etdirirdi. Ona görə bu məqamlar hansısa siyasi dairələrin xoşuna gəlməyə bilər. Istisna deyil ki, həbsin bir səbəbi də bu motivli ola bilər. Bəlkə bizim bilmədiyimiz məqamlar var. Rauf Mirqədirovun vəkilinin verdiyi açıqlamadan bəlli olur ki, əslində Türkiyə tərəfi Rauf Mirqədirovu deportasiya etsələr də, Azərbaycan hakimiyyəti onu geri dönən zaman həbs etdi. Belə görünür ki, Rauf Mirqədirova qarşı irəli sürülən ittihamlar ona qarşı siyasi sifarişin həyata keçirilməsinə zəmin hazırlanmasına xidmət edir.
“Milyonları oğurlayanlar qalıb bir tərəfdə…”
– Anar Məmmədlinin də məhkəmə prosesi başlayır. Bu məhkəmə prosesindən gözləntiniz nədir? Anar Məmmədliyə qarşı irəli sürülən ittihamların da sübuta yetirilmədiyi bəllidir. Amma bununla yanaşı Azərbaycan reallığı da nəzərə alınmalıdır…
– Anar Məmmədliyə qarşı irəli sürülən ittihamları da eyni qəbildən saymaq olar. Anar Məmmədlinin də günahsızlığını sübut edən dəmir alibilər var. Amma bunların heç birinə nə məhkəmə, nə də istintaq orqanı fikir verir. Anar Məmmədliyə qarşı irəli sürülən ittihamlar da gülməlidir. Ona qarşı irəli sürülən ittihamların səbəbi Anar Məmmədlinin prezident seçkiləri zamanı yol verilən saxtakarlığı sübut etməsi idi. Milyonlarla büdcə vəsaitini oğurlayanlar qalıb bir tərəfdə, amma Anar Məmmədliyə qarşı gülünc ittihamlar irəli sürülür. Guya o, təşkilata ayrılan qrantları mənimsəyib. Milyardların hesabını verməyənlər başqalarını əsassız şəkildə ittiham edirlər. Hazırda “Gül bayramı” adı altında dövlətin milyonlarla vəsaiti göyə sovrulacaq. Bu şəxsləri məsuliyyətə cəlb etmək lazımdır. Anar Məmmədlinin də məhkəməsi gülməli xarakter daşıyacaq.
– Hakimiyyət repressiv siyasətini davam etdirir. Ismayıllı işindən sonra “NIDA”çıların məhkəməsi gündəmi zəbt etdi. Hakimiyyət repressiv addımlarını davam etdirir. Hakimiyyətin çəkinməsi nədən qaynaqlanır. Bu siyasət nə qədər davam edə bilər?
– Azərbaycanda tam polis diktaturası formalaşdırılıb. Bu diktatura da öz hakimiyyətini qorumaq üçün yüzlərlə siyasi gedişlər edir. Eyni zamanda söz, mətbuat, toplaşmaq azadlığı məhdudlaşdırılır. Siyasi partiyaların fəaliyyətinə maneçilik törədilir. AXCP-nin fəaliyyəti 10 ildir ki, məhdudlaşdırılır. Partiyanın öz hesabına icarəyə götürdüyü qərargah isə partladılır. Məqsəd birdir, cəmiyyətdə xof yaratmaq. Diktatura olan yerdə məmurlar tərəfindən yüzlərlə cinayət faktları törədilir. Hakimiyyət gözəl bilir ki, ölkədə normal dövlət qurularsa, bütün cinayətlərə görə cavab veriləcək. Ona görə bu cür repressiv addımlar atılır.
Xəyal