Cəmil Həsənli: «Bu işdə əli olan adamların azacıq abır-həyası olsa, gərək öz əməllərindən xəcalət çəksinlər»
Azərbaycanda son günlərin əsas müzakirə mövzularından biri də Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli barədə çıxarılan məhkəmə hökmü oldu. Cəmil Həsənli “Azadlıq”ın ötən saylarında bu mövzu ətrafında müsahibəsində bu iş üzrə istintaq və məhkəməni konkret faktlarla ifşa etmişdi. Bundan sonra iş üzrə zərərçəkmiş qismində tanınan Ədilə Səlimova “Meydan TV”yə müsahibə verərək, ümumiyyətlə, Günel Həsənliyə qarşı bu işi düzüb-qoşanları darmadağın etdi. 87 yaşlı Ədilə Səlimova Günelə qarşı şikayətçi olması üçün polislər tərəfindən həbslə hədələnməsindən tutmuş, ona yetirilməyən xəsarət barədə saxta ekspertiza rəyinə qədər bir çox məqamları danışaraq ifşa etdi. Bu dəfə Cəmil Həsənli ilə Ədilə xanımın açıqladığı məsələlər ətrafında söhbətləşdik:
– Düzünü deyim, Ədilə xanımın müsahibəsi, orada dedikləri bizim özümüz üçün də gözlənilməz idi. Görün, hökm nə qədər ədalətsizdir ki, hətta zərərçəkəni də dəhşətə gətirib. Tanınmış vəkil Aslan Ismayılov bu müsahibəni bizdən əvvəl görüb, həmin videonu öz “facebook” səhifəsində yaymışdı.
Ədilə xanımın dediklərinin böyük əksəriyyətini biz bilirdik. Diqqət yetirsəniz, mənim əvvəlki müsahibələrimdə onun ddiklərinin bəzi epizodları var idi. Ancaq iman əhli olan 87 yaşlı Ədilə xanım istəmədi ki, polis və prokurorluq orqanlarının quraşdırdığı, Yasamal rayon məhkəməsinin rəsmiləşdirdiyi bu qanunsuzluğun günahı yükü onun üzərində qalsın. Hər necə olsa, bizim sadə vətəndaşlarımızın içində haqsızlığa bir etiraz damarı var. 87 yaşlı qoca bir qadını heç bir xəsarət olmayan yol nəqliyyat hadisəsində təhdid yolu ilə şikayətçiyə çevirmək, süni şəkildə hadisəni Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə uyğunlaşdırmaq üçün ona saxta məhkəmə tibbi ekspertiza rəyi sənədləşdirmək mənəviyyatsız bir hərəkətdir. Bu yolla opponentləri susdurmaq cəhdi isə sadəcə, siyasi əxlaqsızlıq üzərində qurulmuş natamamlıq kompleksidir.
– Ədilə xanımın polisi, prokurorluğu və məhkəməni ifşa edən bu müsahibəsindən sonra şikayət verəcəksinizmi?
– Düzünü deyim bu işdə əli olan adamların azacıq abır-həyası olsa, gərək öz əməllərindən xəcalət çəksinlər. Günelin mənim qızım olmasını bir tərəfə qoyaq, o, gənc bir azərbaycanlı xanımdır, iki azyaşlı övlad anasıdır, heç vaxt məhkəmə qarşısında dayanmayıb. Təsadüfən baş vermiş kiçik bir yol nəqliyyat hadisəsini süni şəkildə şişirdib ona cinayət işi məzmunu vermək bu adamların ailə, əxlaq və namus anlayışından uzaq olduğunu göstərir. Əlbəttə, biz bu əxlaqsızlığın sadəcə, müşahidəçisinə çevrilməyəcəyik. Onun sonadək ifşasında maraqlı olacağıq. Hərçənd, cənab Ilham Əliyev dəfələrlə ictimaiyyət qarşısında bəyan edib ki, müxalifətə qarşı mübarizə aparan heç bir polis və hüquq-mühafizə orqanı işçisi məsuliyyətə cəlb edilə bilməz, onların qanunsuz əməllərinə görə hansısa hüquqi addım atıla bilməz. Prezidentin belə yüksək himayəsindən sonra bu işi quraşdırmış polis, prokurorluq və məhkəmə işçiləri haqqında hansısa tədbir görüləcəyini düşünmürəm. Amma millətin gözündə bəraət almaq, indiki rejim şəraitində hansısa məhkəmədən bəraət almaqdan daha mühümdür. Məhkəmə hökmündən sonra ANS telekanalı məsələni elə təqdim etdi ki, sanki Günel Həsənli cinayətkardır və həbs edilib. Hətta onun doğruluğunu əsaslandırmaq üçün Yasamal Rayon Məhkəməsi ilə əlaqə saxladıqlarını da bildirdilər. Düzünü deyim ki, bu məsələnin mənim ANS haqqında fikrimin dəyişməsinə heç bir aidiyyəti yoxdur. Bu fikir çoxdan dəyişmiş, onun nöqtəsi Mirşahinin məşhur Lamiyə olayında bu millətin ünvanına səsləndirdiyi “seksual çatışmazlıq” ifadəsi ilə qoyulmuşdu. Halbuki, həmin hadisələr göstərdi ki, əgər biz namus anlayışına ictimai məzmun versək, həbsxanada atasız uşaq dünyaya gətirən Lamiyə Quliyeva cəmiyyətə əxlaq dərsi vermək fikrinə düşən Mirşahin Ağayevdən daha namuslu adamdır.
– Ədilə Səlimovanın istintaqı və məhkəməni ifşa edən bu açıqlamasına hakimiyyətdən reaksiya varmı?
– Açıq bir reaksiya görməmişəm. Ola bilsin ki, daxili bir narahatlıq var. Ona da inanmıram. Azərbaycan hüquq-mühafizə orqanları elə bir çirkabın, elə bir korrupsiya bataqlığının içindədir ki, rüşvət şəbəkəsinin gətirdiyi böyük pullar bu adamların utanc hissini öldürüb. Bir həbs qərarı ilə əlaqədar görüşdüyümüz rayon səviyyəli bir orqan işçisi söhbət zamanı xısın-xısın, məzlumcasına dedi ki, “bizdən çox şey gözləməyin, elə vaxt olub, üzərimə qoyulan rüşvəti yığa bilmədiyim üçün bankdan kredit alıb ”yuxarılara" vermişəm". Günelə qarşı saxta cinayət işinin qurulması və onun məhkəmədə rəsmiləşdirilməsi rayon səviyyəli məsələ deyildi. Mən bu yazılarda rayon polis idarəsi, prokurorluq və yerli məhkəmə orqanının hərəkətlərindən hiddətlənsəm də, onlar baş verən qanunsuzluqların kiçik vintcikləridir. Mənim ailəm bilavasitə prezidentin göstərişilə təqib olunub, qızıma qarşı qanunsuz cinayət işinin açılması da bilavasitə bu göstərişlə bağlı olub. Əks təqdirdə, az-çox qanun işləyən ölkədə istintaqın bu cür ifşasından sonra prokurorluq protest verib, işi dayandırmalı, vəzifə səlahiyyətlərini aşaraq vətəndaş haqqında qanunsuz cinayət işi açmış polis, onu müdafiə etmiş prokurorluq, işə saxta rəy vermiş tibb eksperti və cinayət əməlinə hüquqi don geyindirmiş hakim haqqında Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında araşdırma başlamalı idi. Hələ ki, bunların heç biri yoxdur və ola da bilməz. Ona görə ola bilməz ki, bu qanunsuzluğun arxasında bilavasitə Daxili Işlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Ali Məhkəmə dayanırdı. Prezident Administrasiyasından isə Ictimai-siyasi şöbə və Hüquq-mühafizə orqanları ilə iş şöbəsi prosesin əlaqələndiricisi rolunu oynayırdı. Yəni kimisi başlanğıcda, kimisi ortada, kimisi də yekun mərhələdə bu prosesin içində olub. Düzünü deyim ki, nazir Ramil Usubov və Baş prokuror Zakir Qaralovdan yaxşı bir şey gözləmirdim. Vaxtilə cinayət işini saxtalaşdırdığına görə prokurorluq orqanlarından xaric edilmiş bir adamdan qanuna hörmət edəcəyini gözləmək mənasız söhbətdir. Hələ vaxtilə böyük şair Ramiz Rövşənin belə bir şeri vardı:
Əyilməz başlara qurduğun toru,
Yırtmağa çatarmı qələmin zoru.
Bir dövlətin ki, Baş prokuroru,
Sənsənsə, millətin başı sağ olsun!
Daha bundan artıq qanun qoruyucusunun dəyərini necə vermək olar?!
Cənab Usubova gəlincə, təkcə Hacı Məmmədov işi onun nə dərəcədə qanunun keşiyində dayanmasını müəyyən etmək üçün yetərlidir. Vaxtilə Hacı Məmmədovun bandası haqqında bu qanun keşikçilərinə mötəbər məlumatlar vermiş kriminalist Rövşən Əliyev və Rəna Nəsibovanın faciəli taleyi çoxlarının yadındadır. Bakı şəhər Baş Polis Idarəsinin həmin dövrdə bu bandaya qarşı mübarizə aparmış bir çox rəhbər işçiləri məhz, cənab Usubovun təşəbbüsü ilə ilə polis orqanlarından uzaqlaşdırıldı. Amma hörmətlə yanaşdığım nazir Fikrət Məmmədovun və məni yaxşı tanıyan Ramiz Rzayevin mötəbər mənbələrin məlumatına görə, bu işin içində olmasından çox təəssüf hissi keçirdim. Axı burada söhbət məndən yox məhz, qızımdan gedirdi. Günelə verilən 1 il 6 aylıq cəzanın iki-üç misli mənim özümə verilsəydi, şübhəsiz ki, mən onlar haqqında bu sözləri deməzdim.
– Cəmil müəllim, məhkəmə hökmündə çoxsaylı pozuntular var. Hətta pozuntuların sayına görə bu hökmü hüquq anlayışına həqarət kimi də dəyərləndirmək olar…
– Elədir. Burada ən elementar hüquqi qaydalar belə nəzərə alınmayıb. Lap tutaq ki, istintaqın quraşdırdığı məsələlər şeylər bu işdə var. Əgər ağırlaşdırıcı hal yoxdursa, ilk dəfə məhkəmə qarşısında dayanan iki azyaşlı uşaq anasına prokuror hansı məntiqlə 263.1-cü maddənin ən yuxarı həddini – iki il müddətinə cəzanı tələb etməlidir? Bu maddənin ən yüksək həddi elə iki ildir də. Yoxsa müxalifətçilər və onların ailə üzvlərinə qarşı xidməti istifadə üçün ayrı cinayət məcəlləsi tərtib ediblər? Qüvvədə olan Cinayət Məcəlləsinin 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar nəzərdə tutulub. Bu hallar hadisənin təsadüfən törədilməsi, ictimai baxımdan təhlükəli olmaması, ilk dəfə törədilməsi, himayəsində azyaşlı uşaqların olması və sair məsələləri özündə ehtiva edir. Bu halda, cəzanın maksimum həddi müvafiq maddənin dörddə üçündən artıq ola bilməzdi. Lakin biz ayrı mənzərənin şahidi oluruq. Prokuror maksimum hədd olan 2 ili tələb edir, hakim isə “humanizm” prinsiplərini rəhbər tutaraq, həmin bu maddə üzrə ən yüksək həddi – 1 il 6 aylıq cəza haqqında hökmü oxuyur. Bəs harada qaldı sənin tez-tez istinad etdiyin humanizm prinsipləri?! Halbuki, baş vermiş hadisənin cinayət tərkibi yoxdur. Hər gün Azərbaycanda onlarla yol-nəqliyyat hadisəsi baş verir. Mən son illərdə 30-a yaxın ölümlə nəticələnmiş avtoqəza bilirəm ki, onu törədənlərə ya heç bir cəza verilməyib, ya cərimələnib, ya da inzibatı qaydada məsuliyyətə cəlb olunublar. Hakim Aqşin Əfəndiyevin tərtib etdiyi 10 səhifəlik hökmün hər səhifəsində humanizm prinsiplərinə istinadlar var. Əslində, qisasçılıq üzərində qurulmuş saxta cinayət işinin əsl mahiyyətini gizlətmək məqsədilə hökmdə Avropa Məhkəməsinin bir neçə qərarına da istinad edilir. Halbuki, prosesdə zərərçəkən kimi tanınmış 87 yaşlı Ədilə xanım Səlimova iki gün əvvəlki açıqlaması ilə hakimin, işin özü kimi saxta olan “humanist” prinsiplərini darmadağın etdi. Əgər bu adamlarda zərrə qədər utanc hissi qalıbsa, qoy öz qanunsuz əməllərindən xəcalət çəksinlər. Həyatımız qanunsuzluq məngənəsində boğulur, bu da olsun onlardan biri, biz onu da çəkərik. Amma inanın ki, onları da yaxşı bir şey gözləmir. XX əsrin əvvəllərindəki mətbuat ixtilaflarında yaddaqalan bəzi ibratamiz məqamlar var. Mirzə Cəlil məzuniyyətə gedəndə “Molla Nəsrəddin” jurnalında onu əvəz edəcək Məmmədəli Sidqiyə bir neçə tapşırıq vermişdi. Onlardan birincisi belə idi: “Məmmədəli, nə edirsən et, bizi Haşım bəy Vəzirovun qələminin altına salma…”
Xəyal