Qurban Məmmədov azadlıqda ilk müsahibəsini "Azadlıq"a verdi VİDEO
29 dekabr əfv sərəncamı ilə azadlığa çıxan siyasi məhbus, tanınmış hüquqşünas Qurban Məmmədov "Azadlıq"a müsahibə verib. Bu, Qurban bəyin həbsdən çıxdıqdan sonra verdiyi ilk müsahibədir. Müsahibənin videoyazısını təqdim edirik.
Üç prezidentin həbs elətdirdiyi adam
1 il 7 ay məhbəs həyatı yaşayan Qurban Məmmədov bildirib ki, həbsdən buraxılması onun üçün gözlənilməz olub: “Gözləmədiyim halda, azadlığa çıxdım”.
Qurban Məmmədov deyir ki, ictimai-siyasi fəaliyyətində heç bir dəyişiklik olmayacaq: “Bundan əvvəl necə yaşamışıqsa, bundan sonra da elə olacaq. Imkan versələr, vəkilliyimizi davam etdirərik. Bunlar bizə ailəmizi dolandırmağa imkan vermirlər”.
Ayrı-ayrı vaxtlarda 3 dəfə həbsxana həyatı yaşayan Qurban Məmmədov deyir: “Bir dəfə Ayaz Mütəllibovun vaxtında, bir dəfə mərhum Heydər Əliyevin vaxtında, indi də Ilham Əliyevin dövründə həbs etdilər. Bu, bizim alnımıza yazılıb”.
Azərbaycanda məhkəmə sisteminin olmadığını deyən hüquqşünas bu sahədə problemlərin həlli məsələsində bədbindir: “Bu sahədə bir az bədbinəm. Ciddi islahatlara, o cümlədən ciddi siyasi iradəyə ehtiyac var. Hər bir kəsin məhkəməsi onun millətinin milli problemidir”.