“20 ildir işğalla barışan bir hakimiyyət qələbəni öz xalqı üzərində axtarır” VİDEO
Cəmil Həsənli: “Soçi görüşü Əliyevlə Sarkisyanın Putinə dəstək görüşü idi”
“Əslində, hörmətsizlik bizi hakimiyyəti müdafiə edənlərlə birgə oturtmaq istəyidir”
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Azadlıq Radiosunun “İşdən sonra” proqramının qonağı olub. Cəmil Həsənli son günlər baş verən həbslərə münasibət bildirərkən deyib ki, bu, iqtidarın repressiv siyasətinin tərkib hissəsidir: “Bu mərhələ-mərhələ həyata keçirilir. Ilk növbədə müxalifət partiyaları zəiflədildi, daha sonra gənclər təşkilatları hədəfə gəldi. Indi isə hədəfdə QHT-lərdir. Beləliklə hakimiyyət siyasi və ictimai səhnədə idarə edə bilmədiyi qüvvələri mərhələ-mərhələ sıradan çıxarmaq xətti tutub”.
Siyasi məhbusları gizlətmək üçün siyasi həbslər
Cəmil Həsənli əlavə edib ki, QHT-lərin hədəfə gəlməsi Azərbaycan hakimiyyətinin siyasi məhbus məsələsini ört-basdır etmək istəyilə bağlıdır: “Təsəvvür edin, Ilham Əliyev bəyan edir ki, Azərbaycanda siyasi məhbus yoxdur. Lakin vətəndaş cəmiyyəti institutları siyahı hazırlayır və bəlli olur ki, Azərbaycanda 98 nəfər siyasi motivlərlə həbs olunub. Yeri gəlmişkən, son həbs olunanlar bu siyahıya əlavə olunmayıb. Hökumət də bunun qarşısını almaq üçün QHT-ləri hədəf seçib”.
Milli Şura sədri deyib ki, həbslərin vaxtı da təsadüfi seçilməyib. “Indi beynəlxalq təşkilatlar tətildədir. Hər kəs istirahət edir. Hakimiyyətin də əlinə fürsət düşüb. Bu yeni taktika deyil. Vaxtilə faşist Almaniyası da bu üsuldan istifadə edirdi”, – deyə Cəmil Həsənli bildirib.
Hakimiyyət kimə meydan oxuyur?
Milli Şura sədri həbslərin Azərbaycan hakimiyyətinin dünyaya meydan oxuması kimi qiymətləndirilməsinin əleyhinə olub. Cəmil Həsənli bildirib ki, bu, hakimiyyətin öz xalqına meydan oxumasıdır. “Hakimiyyət dünyaya heç nə edə bilməz. Dünya biz təsəvvür etdiyimizdən də böyük və güclüdür”, – deyə Həsənli bildirib.
3 ton heroin və cəbhədəki son gərginlik
Milli Şura sədri cəbhədəki gərginliklə bağlı danışarkən deyib: “Əslində bu yayın dramatik hadisələri üç ton narkotikin tutulması ilə başladı. Bu gün Natiq Ədilovun ata evindən narkotik maddə tapan qurumlar necə bu üç tonu görə bilmədilər?
Bu böyük hadisə idi. Bunun izahını vermək lazım idi. O, MTN, DIN, Sərhəd Xidməti və digər orqanlar cavab verməli idi ki, necə olur, bu qədər narkotika ölkəyə keçirilir, heç kimin xəbəri olmur.
Bu hadisə Azərbaycana bir xəbərdarlıq idi. Azərbaycanın narkotrafikə çevrilməyinin təsdiqi idi. Bunun ardınca cəbhədə gərginlik yarandı. Cəbhədəki hadisələrin müəmmalı tərəfləri çoxdur. Niyə ölən hərbçilərimiz müəyyən qədər rütbəli şəxslər idi? Hökumət rəsmiləri bildirdilər ki, üstünlük bizdədir. Ancaq ərazi azad edə bilmədiksə, bu üstünlük nəyə lazımdır? Bəlkə üstünlük belə ölçülür ki, ermənilər daha çox itki verib? Reallıq budur ki, 20 ildir işğalla barışan bir hakimiyyət qələbəni öz xalqı üzərində mübarizədə axtarır. Ona görə də yerli QHT-lərin, müxalifət partiyalarının üzərinə gedildi, kütləvi həbslər həyata keçirildi.
İntiqam Əliyevin həbsi
Bir səbəb budur ki, öz mövqeyi var. O, siyasi məhbus siyahısının müəyyən edilməsində önəmli insanlardandır. Digər vacib məsələ Avropa Məhkəməsinə edilən şikayətlərdir. 2010-cu il parlament seçkiləriylə bağlı şikayətlər onun tərəfindən Avropa Məhkəməsinə çıxarılıb. 71 şikayətin 51-nin təmin olunma mərhələsidir. Əgər təmin olunsa parlament qeyri-legitim sayılır. Hökumət də bunun qarşısını almaq ilk növbədə həmin 51 nəfərin yarıdan çoxunun vəkilini sıradan çıxarır. Həmçinin hökumət şikayət edənlərlə danışıqlar aparır, onlara bildirilir ki, sizin hüquqlarınızın pozulduğunu qəbul edirik və sizə kompensasiya veririk. Amma şikayətinizi geri götürün”.
Soçi görüşü
Cəmil Həsənli Soçi görüşü ilə bağlı da fikirlərini bölüşüb. “Soçi görüşünün heç bir ciddi nəticəsi ola bilməzdi. Bu görüş Rusiyaya lazım idi. Ukrayna hadisələri fonunda sanki Rusiya dünyaya göstərmək istəyirdi ki, mən hələ varam. Bu, bir növ Əliyevlə Sarkisyanın Putinə dəstək görüşü idi”, – deyə Milli Şura sədri bildirib.
Əsas diqqət Leyla Yunusa olmalıdır
Cəmil Həsənli müxalif düşərgənin həbslərə biganə qalmadığını deyib: “Leyla Yunusun həbsindən sonra biz ictimaiyyətin toplantısını keçirdik. Öz münasibətimizi bildirdik. Xarici səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələri bu toplantıda vardı. Biz bildirdik ki, bu həbslər hakimiyyətin insan haqlarını müdafiə edən şəxslərə repressiyasıdır. Həyatını insan hüquqlarına həsr etmiş insan həbs edilib. Adətən Azərbaycanda həbs olunmaq kişi sənəti hesab edilib. Qadınların siyasi mülahizələrə görə həbsi son 5 ilin hadisəsidir. Düşünürəm ki, müdafiənin mərkəzi siması Leyla Yunus olmalıdır”.
Kimlər kimi kimdən müdafiə edir?
Milli Şura sədri Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında son həbslərlə bağlı keçirilən tədbirə qatılmamasına da aydınlıq gətirib. Cəmil Həsənli bildirib ki, həmin tədbirdə Müsavat və KXCP-yə görə iştirak etmədiyi barədə deyilənlər doğru deyil. “Mənim ora getməməyim nə Müsavatla, nə də KXCP ilə bağlıdır. Getməməyim o tərkibin qarışıq olması ilə əlaqədardır. Orada toplanan bəzi partiyalar kimi kimdən müdafiə edirlər. Axı onlar həm də hakimiyyəti müdafiə edirlər. 9 oktyabr seçkisinin mühüm nəticələrindən biri müxaliftlə iqtidarın dairəsinin müəyyən edilməsi oldu. Bəlli oldu ki, kim iqtidardı, kim müxalifət. Indi təzədən həm iqtidar, həm də müxalifət olan adamları gətirib müxalifət düşərgəsində Leyla xanımın, Rəsul Cəfərovun, İntiqam Əliyevin və digərlərinin müdafiəçisi kimi təqdim eləmək məni təmin etmir. Əslində, hörmətsizlik bizi həmin dairədə oturtmaq istəyi idi”.