“İlham Əliyev bütün sanksiyaları göz önünə alaraq elə etmək istəyir ki…” VİDEO
Əli Kərimli: «Nöqsanlarına baxmayaraq, Azərbaycan ordusu bütün mənalarda Ermənistan ordusundan güclüdür»
Hazırda regionumuzda olduqca ciddi proseslər cərəyan etməkdədir. Proseslərdən açıq görünür ki, Rusiya Dağlıq Qarabağ probleminin donunu açmaq istəyir. Bununla münaqişənin hər iki tərəfinə təsir imkanı əldə edən Rusiya beynəlxalq diqqəti Ukraynada baş verənlərdən yayındırmaq imkanı da əldə edə bilər. Gündəmdə olan sualları “Azərbaycan saatı”nın bu həftəki müsahibi AXCP sədri Əli Kərimli cavablandırıb. Müsahibənin ilk sualı tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həbsinə beynəlxalq aləmdə yaranan kəskin reaksiya ilə bağlı idi:
– Leyla Yunusun həbsinə beynəlxalq aləmdən kəskin reaksiya gəldi. Əslində, bu gözlənilən idi. Bəs o zaman Ilham Əliyev, Azərbaycan hakimiyyəti özündə hardan cəsarət taparaq belə bir həbsə imza atdı?
– Azərbaycan hakimiyyti səhv siyasət seçdiyinə görə özünü çıxılmaz vəziyyətə salıb. Əslində, onların da vəziyyəti yaxşı deyil. Əlbəttə, biz vaxtaşırı kütləvi repressiyalar ilə üzləşirik. Leyla Yunusun həbsi, “Azərbaycan” Nəşriyyatının “Azadlıq” qəzetinin çapını dayandırması, neçə-neçə facebook, vətəndaş cəmiyyəti fəalının həbsi bu repressiyaların tərkib hissəsidir. Iyirmiyə yaxın vətəndaş cəmiyyətinin fəalı barəsində ciddi araşdırmalar gedir, onların bank hesabı bağlanıb. Amma hakimiyyət xoş günündən belə addımlar atmayıb. Onların da vəziyyəti yaxşı deyil. Hakimiyyətin vəziyyətini çətinləşdirən nədir? Bir tərəfdən ölkədə narazılıq artır. Bunu hamı görür. Internet və sosial şəbəkələr də buna imkan yaradır. Hakimiyyətin korrupsiya əməlləri haqqında materiallar tirajlandıqca, narazı insanların sayı artır. Hakimiyyət başa düşür ki, günün birində bu narazı adamlar aktiv fəaliyyətə keçə bilər. Digər tərəfdən, Ukrayna cəbhəsindəki uğursuzluqlarının fonunda hər zaman hakimiyyətə dəstək vermiş, onu çətinliklərdən qurtarmış Rusiyanın mövqeləri zəifləyir. Bu, Azərbaycan hakimiyyətini çətin vəziyyətə salır. Qarşıdan isə mühüm kampaniyalar gəlir. Bu ilin payızında bələdiyyə seçkisi olmalıdır, gələn il isə parlament seçkisidir. Eyni zamanda qarşıda Azərbaycanın taleyi üçün mühüm əhəmiyyət kəsb edən Riqa sammiti gəlir. Bu sammitdə Azərbaycanın Avropa Birliyi ilə imzalayacağı Assosiasiya Sazişi müzakirəyə çıxarılacaq. Azərbaycan Avropa Yay Olimpiadasına ev sahibliyi etmək istəyir. Bunların hamısı siyasi fəallığı, Azərbaycana beynəlxalq diqqəti artıracaq. Azərbaycana diqqət artdıqca bu ilin payızında, gələn ilin yazında kütləvi etiraz aksiyaları keçiriləcək. Belə bir vəziyyətdə Ilham Əliyev görür ki, indiyə qədər olan repressiyalar xalqı qorxuda bilməyib. Müxalifət sistemli və ardıcıl şəkildə mübarizəsini davam etdirir və yenə də o potensiala sahibdir ki, az-çox demokratik şəraitdə keçirilən seçkilərdə hakimiyyətə qalib gələ bilər. Ona görə bütün o sanksiyaları gözünün önünə gətirərək elə addım atmağa çalışır ki, nəhayət müxalifət düşərgəsində müəyyən qorxu yarada bilsin. Leyla Yunus Azərbaycan vətəndaş cəmiyyətinin ən tanınmış şəxsidir. Həm Fransa, həm də Almaniyanın ali mükafatlarını alıb və bütün dünyada çox yaxşı tanınır. Hakimiyyət Leyla Yunusu tutmaqla öz aləmində müxalifət düşərgəsində ciddi demorilizasiya yaratdığını düşünür. O sıradan “Azadlıq” qəzeti Azərbaycanın əsas azadlıq tribunasıdır. Hakimiyyətin ifşa olunduğu, cəsarətli sözlərin yazıldığı yeganə qəzetdir. Hakimiyyətə görə, “Azadlıq”ı saxlamaq, Leyla Yunusu həbs etmək vətəndaş cəmiyyətində bədbinlik, ruh düşkünlüyü yaratmalıdır. Bizim də vəzifəmiz bundan ibarətdir ki, bu alınmasın.
“Hakimiyyətin cəhdləri alınmayacaq”
– Leyla Yunusun hüquqlarının müdafiəsi məqsədilə keçirilən tədbirdə çıxışınız zamanı qeyd etdiniz ki, Leyla Yunusun həbsinin qorxu dalğası yaratmasına imkan verilməməlidir. Bunun üçün nə edəcəksiniz? Demokratik düşərgə, Milli Şura qorxu mühitinin aradan qaldırılması üçün nə düşünür?
– Bu həbsdən sonra “facebook” səhifəmdə yazdım ki, Azərbaycan hakimiyyətinin bu cəhdləri alınmayacaq. Ilham Əliyev Azərbaycanda Şimali Koreya, Türkmənistan, Özbəkistan yarada bilməyəcək. Bizim sayımız onların düşündüyündən daha çoxdur. Hakimiyyətin düşündüyündən də daha yüksək iradəmiz var. Biz repressiyanın bu dalğasını da davamlı şəkildə ötürə biləcəyik. Azərbaycanda indiyə qədər 130-a yaxın adam həbs olunub. Nə qədər işıqlı insan, Azərbaycanın siyasətçiləri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları, gənc liderlər, bloqçular, inanclı insanlar, jurnalistlər həbsdə yatır. Azərbaycanın həbsxanalarında kimlər yoxdur? 130 nəfər böyük bir rəqəmdir. Məsələn, Rusiyada 2000, Ukraynada 700 nəfər siyasi məhbus olsaydı, müxalifət fəaliyyət göstərə bilərdimi? Amma biz Azərbaycanda 130 nəfər siyasi məhbusla yetərincə ciddi seçki kampaniyası aparmışıq. ATƏT təsdiq edib ki, seçki məntəqələrinin 58 faizini saxtalaşdırıblar. Bu gün də hakimiyyət müxalifətə debatlar üçün şərait yaratmır. Bir müstəqil qəzet var, ondan qorxur. Meydanlarda aksiya keçirməyimizə imkan yaratmır. Deməli, biz o potensialı qoruyub saxlamışıq. Hakimiyyət bilir ki, bizim o potensialımız var. Bundan sonra da demokratik düşərgənin fəalları şəxsi nümunələri ilə imkan verməyəcəklər ki, Azərbaycanın demokratik düşərgəsində özünə senzura yaransın. Ikinci mühüm məqam. Biz artıq ilkin məsləhətləşmələrə başlamışıq. Hazırda avqust ayıdır. Kütləvi aksiyalar üçün uğurlu zaman deyil. Amma qarşıdan sentyabr, oktyabr ayları gəlir. Biz artıq etiraz aksiyalırımızı meydanlara çıxarmaq qərarına gələcəyik. Leyla xanımın hüquqlarının müdafiəsi ilə bağlı toplanan zaman bir sıra mühüm məsələlərə imza atdıq. Ölkənin 12 QHT-si bir araya gələrək, siyasi məhbusların siyahısını hazırlayıblar və onu bu yaxınlarda elan edəcəklər. Bu təşkilatlar eyni zamanda birgə fəaliyyət də göstərəcəklər. Bu həbs bir tərəfdən daha sıx toparlanmağa təkan oldu. Deməli, bizim cavabımız nə olmalıdır? Meydanda qalanlar, mübarizə aparanlar daha əlbir, sıx koordinasiya şəraitində işləməlidirlər. Bizim daha bir hədəfimiz odur ki, Azərbaycanın əsas tribunası olan “Azadlıq”ı qoruyub saxlamalıyıq. Bizim artıq müraciətlərimiz var. “Azadlıq” qəzetinə abunə olmaqla qəzeti bu durumdan çıxarmaq olar. “Azadlıq” qəzetinin çapını “Azərbaycan” Nəşriyyatının dayandırması açıq-aşkar siyasi xarakterlidir. Çünki qəzet müflis olmayıb. Bütün çətinliklərə baxmayaraq qəzetin “Qasid” dövlət firmasında satışdan əldə etdiyi 70 mindən artıq gəliri var. “Azadlıq”ı məcbur edirlər ki, nəşriyyatdan borclu vəziyyətə düşsün. Deməli, bizim yaxın taktiki vəzifələrimizdən biri də “Azadlıq”ı xilas etmək olmalıdır. Inanıram ki, Leyla Yunusun həbsi bumeranq effekti verəcək. Inanıram ki, beynəlxalq təşkilat hakimiyyət haqqında daha açıq danışmağa məcbur olacaq. Indiyə qədər dünyanın hər yerində Azərbaycan hakimiyyətinin lobbiçiləri iqtidara haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxırdılırsa, Leyla xanımın həbsindən sonra bu daha çətin olacaq. Onsuz da lobbistlərin çoxu ifşa olunub. Məmnunam ki, ABŞ Konqressində təmənnalı şəkildə Azərbaycan hakimiyyətinə kömək edən Amerikalı konqressmenlərin ifşası da mühüm addımdır. Belə adamlar Avropada da ifşa olunur. Artıq Qərbin gözü açılmaqdadır, Azərbaycandakı rejimin mahiyyətini anlamaqdadır. Azərbaycan xalqı olaraq bu müqaviməti davam etdirməklə, demokratik dəyişikliklərə hazır olduğumuzu göstərə bilsək, o zaman bütün dünyanın hakimiyyətlə danışıq tərzi dəyişəcək. Həqiqətlər artıq daha çılpaq şəkildə ifadə olunacaq. Hakimiyyətin etdiklərinə bundan sonra göz yummaq çətin olacaq. Bu repressiyalar da Azərbaycandakı demokratik prosesin qarşısını almağa kömək etməyəcək. Leyla xanımın həbsi Azərbaycanda qorxu yarada bilməyəcək.
“Hanı regionun lider dövlətinin beynəlxalq nüfuzu?”
– Əli bəy, hazırda cəbhə bölgəsində nə baş verir?
– Allah şəhidlərimizə rəhmət eləsin. Onların valideynlərinə, doğmalarına, bütün Azərbaycan xalqına səbr arzulayıram. Onlar bizim gənc, günahsız balalarımızdır və onlar bu şəkildə qurban oldular. Bu çox ağır faciədir. Müharibə vəziyyətində belə hallar olur. Lakin burada bir sıra ciddi suallar yaranır. Müdafiə Nazirliyimiz bəyan edir ki, ermənilər hücum ediblər. Biz buna inanırıq. Nəyə görə Azərbaycanın Xarici Işlər Nazirliyi beynəlxalq ictimaiyyəti qaldırıb Ermənistanın bu təcavüzkar hərəkətinin pislənməsinə nail olmaq istəmir (müsahibə götürülən zaman (avqustun 1-də) XIN-dən bəyanat hələ verilməmişdi – red.). Iyirmi ildir ki, ölkədə atəşkəs var. Bu atəşkəsi pozub, Azərbaycana hücum etmiş, onun ərazisində əsgərləri öldürmüş tərəf təcavüzkardır. Nəyə görə bu təcavüzkar tərəf bütün dünyada pislənməməlidir? Burada həm ATƏT-in Daimi Şurasının, həm BMT-nin Təhlükəsizlik Şurasının baş verənlərə münasibəti təmin edilməli idi. Eyni zamanda qonşu dövlətlərin başçıları ilə bu barədə müzakirə aparılmalı idi. ATƏT-in Minsk qrupundakı doqquz ölkənin xarici işlər nazirlərinin, dövlət başçılarının bu müzakirələrə cəlb olunması təmin edilməli idi. Biz təcavüzə məruz qalmışıqsa, bunu bütün dünyaya nəyə görə sübut etmirik ki, ermənilər bizə hücum etdilər, bizim gənc balalarımızı səngərlərdə məhv etdilər. Bu, erməniləri ifşa etmək baxımından sarsıdıcı hadisədir. Baş verən eyni zamanda ermənilərin işğalçılığını sübut etmək üçün bir şansdır. Nəyə görə Azərbaycan hökuməti bundan istifadə etmir? Hanı bizim diplomatik ordumuz, regionun lider dövlətinin beynəlxalq nüfuzu?
– Bəs, bu ritorik sualın cavabı nədən ibarətdir? Bu qabiliyyətsizlikdir, yoxsa…
– Mənə elə gəlir ki, Ermənistanın bu hücumunun, Azərbaycanın səssiz qalmasının arxasında biz üçüncü bir dövlətin – Rusiyanın kölgəsini görməliyik. Düşünmürəm, Ermənistan özündə belə bir cəsarət tapsın ki, Azərbaycana qarşı belə hücuma keçsin. Bu ilkin mərhələ deyil. O zaman – 90-cı illərdə ordu yox idi, Rusiyanın bir alayı döyüşün taleyini həll edə bilirdi. Indi hər iki tərəfdə on minlərlə silah altında insan var. Burada böyük bir savaşdan söhbət gedə bilər. Nöqsanlarına baxmayaraq Azərbaycan ordusu bütün mənalarda Ermənistan ordusundan güclüdür, sayımız da çoxdur. Belə olan halda Ermənistan nəyə görə buna cəsarət etsin ki, bizim ərazimizə hücum etsin. Deməli, bu işin arxasında hər zaman olduğu kimi yenə də Rusiyanın müəyyən dairələri var. Azərbaycan tərəfinin də susmağının arxasında bu var. Bilirsiniz nə baş verir? Bizi sanki atəşkəsin pozulmasına öyrəşdirirlər…
“Qarabağ müharibəsinin alovlanması Rusiyanın marağındadır”
– Rusiyanın marağı nədir?
– Rusiyanın marağı odur ki, həm Cənubi Qafqazı öz himayəsi altında saxlasın, həm də Ukraynada baş verənlərdən diqqəti yayındırsın. Ən vacibi isə cənubi Qafqazın Avrointeqrasiyasının, bu ölkələrin real müstəqilliyinin qarşısını almaqdır. Hazırda boş-boş dezinformasiya yayırlar ki, Rusiya bizə hansısa rayonları geri alacaqmış. Məgər o rayonları bizdən Rusiya almayıb? Rusiya hansı məqsədlə strateji müttəfiqi, ərazisində bazası yerləşən Ermənistandan torpaqları alıb, bizə verəcəkmiş? Sadəlöhv adamları aldatmaq üçün bu tezislərin ortaya çıxarılmasında məqsəd nədir? Deməli, bütün bunlar məqsədli şəkildə edilir. Bunları kimlər edir? Azərbaycanı Rusiyanın himayəsinə qaytarmaq istəyənlər, onların tezisi ilə qəzet buraxanlar bu fikri formalaşdırmağa çalışırlar ki, siz çox narahat olmayın atəşkəs pozulacaq, hərbi əməliyyatlar başlayacaq, amma biz qalib gələcəyik. Nəyə görə? Çünki Rusiya bizə söz verib. Bu nə qədər primitiv, antixalq mövqeydir. Insanlar arasında itki olacaq, əsgərlərimiz şəhid olacaq. Amma bəri başdan bunu bilə-bilə ciddi bir strategiya olmadan Azərbaycanı Rusiyanın planlarının baş tutmasına aparmağın nə adı var? Bu birbaşa xalqa zidd siyasətdir. Bu siyasət pislənməlidir. Hesab edirəm ki, istənilən halda Azərbaycan hakimiyyəti öz vəzifəsini icra etməlidir. Vəzifəsi nəyi tələb edir? Azərbaycan hücuma məruz qalmayıb? Bütün dünyanı səfərbər edin. Bütün dünyaya Ermənistanın bu hərəkətini pislətdirin. Sübutlar qoyun ortaya.
Burada bir maraqlı məqam daha var. Biz bir gecədə, öz mövqeyimizdə doqquz nəfəri itirmişik. Bir yerdə uzun müddət ərzində möhkəmlənən orduya hücum edərək onu bu qədər itki verməyə məcbur etmək üçün gərək ən azı 2 dəfə artıq itki verəsən. Hər iki tərəf keçmiş sovet silahları ilə vuruşur. Keçmiş sovet təlimatlarına görə, “Kalaşnikov” avtomatları ilə hücum zamanı bir adamı vurmaq üçün 4 güllə tələb olunursa, müdafiədə olan adamı vurmaq üçün 25 güllə tələb olunur. Deməli, gələn tərəf daha çox itki verməli idi. Biz bir gecədə doqquz nəfər itki vermişiksə, deməli, qarşı tərəf 40 nəfər itki verməli idi. Hanı o itki? Digər tərəfdən, Ermənistanda da müstəqil mətbuat var. Orda ölən adamların sayını gizlətmək mümkün deyil. O zaman sual yaranır. Bu niyə və necə baş verib? Necə baş verib ki, bizim illərdir möhkəmləndirdiyimiz səngəllərimizdə doqquz nəfəri öldürüblər və əvəzində 30-40 nəfər itki verməyiblər. Istəyirəm ki, Azərbaycan hökuməti bunun izahatını versin. Vətəni qorumaq üçün savaşmaq lazımdır. Bunu kim də bilməsə, Xalq Cəbhəsi bilir. Vaxtilə Azərbaycanın ordusu olmayanda Xalq Cəbhəsinin minlərlə üzvü özünümüdafiə batalyonlarında vuruşublar, şəhid, qazi olublar. Bundan sonra da bu vətənin müdafiəsində biz cəbhəçilər olaraq hər zaman hazırıq. Amma bu qurbanlar əsaslandırılmış olmalıdır və vətənə doğurdan da fayda gətirməlidir. Kimlərinsə səhlənkarlığının, siyasi alverlərinin nəticəsi olmalı deyil.
Xəyal