«İlham Əliyevin Avropa Şurasında dedikləri inandırıcı deyil»
Florian İrminger: «Azərbaycanda siyasi məhbuslar var və Aqramunt gəlib həmin məsələni burda həll etməlidir»
İyunun 30-dan iyulun 4-dək Azərbaycanda siyasi məhbus məsələsi üzrə missiya işləyib. Missiyanı Vaşinqtonda yerləşən, siyasi məhbuslara hüquqi və vəkillik yardımı göstərən «Freedom Now» qeyri-hökumət təşkilatı və Norveçin İnsan Haqları Evi Fondu (Human Rights House Foundation) birgə həyata keçirib.
«Freedom Now» təşkilatının icraçı direktoru Maran Turner və İnsan Haqları Evi Fondunun Cenevrə ofisinin rəhbəri Florian İrminger iyulun 4-də “Azadlıq” qəzetinin qonağı olub.
Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev qonaqlara “Azadlıq”ın tarixi və fəaliyyəti barədə məlumat verib, kollektivin üzləşdiyi çətinliklərdən danışıb. Söhbət zamanı Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki problemlər, mövcud ictimai-siyasi vəziyyət müzakirə olunub.
Sonra Florian İrminger “Azadlıq” qəzetinə müsahibə verib. Müsahibəni təqdim edirik:
– Siz dəfələrlə Azərbaycanda olmusunuz. Son vaxtlar bura gəlişiniz çox ağır dövrə təsadüf edib. Ölkədə insan hüquq və azadlıqları ilə bağlı ağır vəziyyət yaranıb. Bu vəziyyəti necə qiymətləndirirsiniz?
– Həqiqətən də bu sahədə vəziyyət çətinləşib. Söhbət ondan gedir ki, artıq insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyətinin qaymaqları həbs edilir. Ikinci məsələ ondan ibarətdir ki, bunlar artıq daha uzun müddətə həbs olunurlar. Əvvəllər Azərbaycan hökumətinin siyasi məhbusları həbsdən azadetmə tendensiyası mövcud idi. Artıq bu yoxdur və siyasi məhbuslar azad edilmir. Hazırda baş verənlər onu göstərir ki, Azərbaycan hökuməti Ilqar Məmmədov, Anar Məmmədli kimi beynəlxalq ictimaiyyətdə nüfuzu olan, tanınan fəalları, vətəndaş cəmiyyəti liderlərini həbsə atır. Digər tərəfdən, həbs edilənlər arasında çoxlu gənc var. Onlar fəal şəkildə sosial mediadan istifadə edirdilər. NIDA işi bunun çox aydın göstəricisidir. Gənc, parlaq təhsilli insanları həbs edirlər. Ömər Məmmədovun bu gün (dünən – red.) son məhkəmə dinləməsidir (müsahibə alınan zamanı Ömər Məmmədovla bağlı məhkəmə hökmü çıxarılmamışdı – red.). Ittiham tərəfi onun üstündən heroin tapıldığını iddia edir. Baxmayaraq ki, Ömər Məmmədov burda yaşamır, Kiprdə təhsil alır. Bütün bunlar göstərir ki, bu əslində siyasi həbslərdir.
– Son dövrlərin ən dəhşətli hadisələrindən biri Rauf Mirqədirovun həbsi, Leyla Yunusa qarşı görünməmiş miqyasda təzyiq kampaniyasının aparılmasıdır. Sizcə, konkret bu şəxslərə qarşı kampaniyada hökumətin məqsədi nədir?
– Bu hadisələrdə Azərbaycan hökumətinin məqsədinin nədən ibarət olduğunu demək mənim üçün çətindir. Əslində, münaqişə durumunda olan ölkədə bu insanlar sülhə nail olmaq istəyir. Xalq diplomatiyasını həyata keçirən insanlara qarşı təzyiq kampaniyası həyata keçirmək, onlara basqı etmək münaqişənin həlli üçün ən pis yolu seçməkdir. Əslində, həm jurnalistin həbsi, həm Leyla Yunusa qarşı olan ittihamlar bəlkə də ona yönəlib ki, qonşu dövlətlə heç kim əlaqə saxlamasın və sülh prosesi davam etməsin. Çünki jurnalisti casusluqda ittiham edirsinizsə, yaxud hüquq müdafiəçisinə deyirsiniz ki, Ermənistanın xeyrinə cəsusluq edirsən, deməli, siz sülh prosesində maraqlı deyilsiniz. Biz Cənubi Qafqazın hər üç ölkəsində işləyirik. Hər üç ölkədə sülh uğrunda mübarizə aparan, çalışan jurnalistlər və hüquq müdafiəçiləridir.
– Bu yaxınlarda AŞ PA-nın sessiyasında Ilham Əliyev ölkədə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı açıq inkarçı mövqe sərgilədi. Ilham Əliyevin bu tərzdə davranışı Avropada necə qiymətləndirildi?
– Hər hansı hökumətin nümayəndəsi beynəlxalq tədbirdə deyəndə ki, bizdə problem yoxdur, ona inanmırlar. Azərbaycan Avropa Şurasına qoşulanda Heydər Əliyev öhdəlik götürdü ki, ölkədə siyasi məhbus olmayacaq. Siyasi məhbus varsa, öhdəlik onları azad etməkdən ibarətdir. Siyasi məhbus yoxdursa, o zaman bu öhdəliyə də ehtiyac yoxdur. Əslində gözləyirdik ki, Ilham Əliyev Strasburqda bu işlərdən xəbərdar olduğunu və baş verənləri araşdıracaqlarını deyəcək. Yaxud bu qərarı verən hakimlərin işinin araşdırılacağını bildirəcək. Ancaq bunun əvəzində dedi ki, Azərbaycanda siyasi məhbus yoxdur. Bu da inandırıcı deyil.
“Görüşmək istədiyim siyasi məhbusların siyahısını özüm verəcəm”
– Xeyli vaxtdır “kürü diplomatiyası” ifadəsi işlənir və Azərbaycanda ictimaiyyətində qəti əminlik var ki, hakimiyyət “kürü diplomatiyası” hesabına Avropa Şurasında Azərbaycanda insan hüquq və azadlıqların kobudcasına pozulması, siyasi məhbuslarla bağlı qətnamələrin keçməsinə mane olur. Bu səbəbdən də Ştrasserin qətnaməsi qəbul edilmədi. Sizcə, bundan sonra Azərbaycan hökumətinin “kürü diplomatiyası” ona uğur gətirəcəkmi?
– Azərbaycan öz maraqlarını ölkədən kənarda təmsil etməyi yaxşı bacarır. Bu məsələdə çox peşakardır. Təkcə Avropa Şurası deyil, BMT və digər təşkilatlarda da bunu işi görür. Ancaq bununla yanaşı Azərbaycan Avropa Şurası qarşısında öhdəliklər götürmüşdü və hələ görməli olduğu işlər var. Bu öhdəliklərin yerinə yetirildiyini, yaxud kağız üzərində qaldığını siyasi məhbuslar üzrə məruzəçi, ispaniyalı deputat Pedro Aqramunt araşdırmalıdır. Onun da Azərbaycan hökuməti ilə yaxşı əlaqələri var.
– Məhz Azərbaycan hakimiyyəti ilə yaxşı münasibətdə olduğu Aqramunta ölkənin demokratik ictimaiyyətinin etimadı yoxdur. Ştrasserin qətnaməsinin əleyhinə səs vermiş adamla bağlı ciddi ümidlər ola bilməz. Rüşvət vermək çətin deyil, onu alan adamların buna necə münasibət göstərməsi vacibdir. Sizcə, siyasi məhbus məsələsində Avropa Şurası daha sərt mövqedə duracaqmı?
– Biz Aqramuntun üzərinə fokuslaşa bilərik, amma onun görməli olduğu işlər var. Söhbət Azərbaycanda siyasi məhbusların olub-olmadığından getmir. Bu məruzəçinin mövcud olması artıq o deməkdir ki, siyasi məhbus var və o gəlib həmin məsələləri burda həll etməlidir. Yəni artıq Ştrasserin hesabatına kimin səs verib-vermədiyinin o qədər əhəmiyyəti yoxdur. Çünki Parlament Assambleyasının sədri Bakıda olarkən açıq şəkildə, həm də rəsmi görüşlərdə deyib, mən bura o şərtlə gəlirəm ki, istədiyim siyasi məhbuslarla gedib görüşmək imkanım olsun. O bildirib ki, görüşmək istədiyim siyasi məhbusların siyahısını özüm verəcəm. Yəni Ştrasserin hesabatının qəbul olunub-olunmamasından asılı olmayaraq monitorinq komitəsinin hesabatı, qətnaməsi və Parlament Assambleyası ona səs verib. Monitorinq komitəsinin qətnaməsində Aqramuntun tərtib etdiyi qətnamədə siyasi məhbuslarla bağlı böyük paraqraflar var və orda kimlərin siyasi məhbus olduğu göstərilir. Bundan istifadə etmək və o qətnaməni də prezidentə təqdim etmək lazımdır.
“Azərbaycan son 18 ay ərzində beynəlxalq radarlara çox düşdü”
– Azərbaycan ictimaiyyətində belə fikir formalaşıb ki, Belarus rejiminə, Lukaşenkoya münasibətdə Qərbin mövqeyi çox sərtdir. Amma Azərbaycan hakimiyyətinə qarşı belə mövqe yoxdur. Bundan sonra beynəlxalq birlik Azərbaycan hökumətini öhdəliklərə əməl etməyə məcbur edə biləcəkmi? Qərbdə belə istək varmı?
– Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşir, daha çox tendensiya bundan ibarətdir. Əslində bu bizim işimizdən asılıdır. Yəni Azərbaycanda vəziyyətin pis olması ilə bağlı beynəlxalq qurumları, dünya dövlətlərinin liderlərini inandırməlıyıq ki, onlar da hökumətə təzyiq etsinlər. Eyni zamanda bizim işimiz ondan ibarətdir ki, vətəndaş cəmiyyətinə yardım edək, onlar da ölkə daxilində bu məsələ ilə bağlı hökumətə təzyiqlər etsinlər. Düzdür, BMT-nin Belarus üzrə xüsusi məruzəçisi var. Eyni zamanda Azərbaycan da son 18 ay ərzində beynəlxalq radarlara çox düşdü. Belə bir tanınmış, nüfuzlu qəzet yoxdur ki, Azərbaycandakı insan haqları ilə bağlı nəsə yazmasın. “Əl-Cəzirə” kanalı hətta Azərbaycanda insan haqlarının durumu ilə bağlı sənədli film hazırladı. Bir çox yerdərdə bu haqda danışılır. “Avroviziya” vaxtı çox böyük beynəlxalq ictimai kampaniya getdi. Belarusda hokkey üzrə dünya çempionatı oldu. Amma Belarusda insan haqları məsələləri ilə bağlı heç kim yazmadı. Ancaq Azərbaycanda “Avroviziya” ilə bağlı çox yazıldı.
– Bizim qəzetdə bütün o qəzetlərdə olan materiallar çap olunub. Amma problem ondadır ki, bu qədər böyük diqqət əslində vəziyyətin müsbət istiqamətə dəyişməsilə nəticələnmir. Əksinə, dəyişikliklər mənfi istiqamətdə olub. Təəssüf ki, biz daha yüksək səviyyələrdə təzyiqin şahidi deyilik. Sizin bununla bağlı gözləntiləriniz nədən ibarətdir?
– Azərbaycandakı vətəndaş cəmiyyəti çox fəal və peşəkardır. Biz əlimizdən gələni etməyə çalışırıq ki, Avropa Şurasının prezidenti bura gələndə o, Van Rompey kimi, Barrozu kimi danışmasın, daha çox tənqid etsin. Proqnoz verə bilmirik. Azərbaycanda vəziyyət o həddə çatıb ki, artıq bundan pis ola bilməz. Analoqu olmayan vəziyyətdir. Həm mediaya olan təzyiqlər, həm siyasi məhbuslarla bağlı vəziyyət bundan o tərəfə pisləşə bilməz, ancaq yaxşılaşa bilər.
Müsahibəni qələmə aldı Fizzə Heydərli