«Hakimiyyətin bütün səylərinə baxmayaraq demokratiya qələbə qazanacaq»
Hikmət Hacızadə: «Səfərlərin intensivliyi Rusiyanın düşdüyü vəziyyətin gərginliyindən irəli gəlir»
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərinin məqsədi və nəticələri hələ də mətbuatda müzakirə predmeti olaraq qalmaqdadır. Səfər ərəfəsində səslənən bəyanatlar, Lavrovun görüşləri zamanı işlətdiyi ifadələri ekspertlər birmənalı dəyərləndirmir. Eyni zamanda Lavrovun ardınca Putinin “qırğılarından” sayılan Dmitri Roqozin və Sergey Narışkinin də Bakıya təşrif buyurması, səfərlərdəki intensivlik maraq doğurur. Politoloq Hikmət Hacızadə ilə müsahibəmizə Lavrovun səfərinə qiymət verməklə başlamaq qərarına gəldik. Müsahibənin gedişində mövzu ilə bağlı bu və gündəmdə olan başqa suallara da H.Hacızadənin mövqeyini öyrəndik.
– Lavrovun səfərinin necə yekunlaşdığını söyləmək çətindir. Bunu zaman göstərəcək. Amma Lavrovun səfərinin məqsədi yaxşı bəllidir. Rusiya Qərblə arasında olan qarşıdurmanın fonunda Azərbaycanı öz tərəfinə çəkməyə çalışır. Hazırda Rusiyanın gündəmində Avrasiya Ittifaqı, Ukrayna məsələsi geniş müzakirə olunur. Regionumuzda son baş verənlər də Rusiyanı narahat edir. Ona görə bütün bu məsələlərlə bağlı Rusiya özünə müttəfiq axtarışındadır. Azərbaycana edilən səfərlər, ünvanlanan mesajlar da bu məqsəd daşıyır.
“Rusiya hazırda təklənmiş vəziyyətdədir”
– Lavrov Bakıda olarkən səsləndirdiyi bəyanatlardan xüsusilə biri diqqət çəkdi. Lavrov dönə-dönə Putinin Bakı səfərini xatırladırdı. Ekspertlər hesab edir ki, Lavrovun bu jesti prezident seçkisindən öncə Putinin Bakıya səfəri zamanı Əliyevin üzərinə götürdüyü öhdəliklərə bir işarədir…
– Bu barədə mülahizə yürütmək asan deyil. Lavrovun bu bəyanatlarının nəyə xidmət etdiyi də bir qədər sirlidir. Lavrovun Putinin adını çəkməsi təsadüfi deyil. Nazirin xüsusilə Putin kimi avtoritar başçının adını çəkməsi birmənalı qiymətləndirilə bilməz.
– Lavrovun səfərindən sonra hazırda Roqozin Bakıdadır. Daha sonra isə Narışkinin səfəri gözlənilir. Bu səfərlər nəyə xidmət edir. Səfərlərdəki bu cür intensivliyi necə qiymətləndirmək lazımdır?
– Bu səfərlər Rusiyanın düşdüyü vəziyyətin gərginliyindən irəli gəlir. Rusiya hazırda bütün dünya ilə müharibə aparır. Bütün beynəlxalq ictimaiyyət Rusiyanı boykot edir. Rusiya hazırda təklənmiş vəziyyətdədir. Rusiyaya qarşı yönələn tənqidlərin ardı kəsilmir. Bütün bu tənqidlər isə Rusiyanın yürütdüyü yanlış, aqressivdən irəli gəlir. Ona görə də Rusiya hər bir neytral qalmış ölkəni öz tərəfinə çəkməyə çalışır. Cənubi Qafqazda qəti mövqeyini bildirməyən yeganə dövlət Azərbaycandır. Gürcüstanın Cənubi Osetiya və Abxaziyada baş verənlərə görə Rusiyaya münasibəti bəllidir. Ermənistan isə tam formada Rusiyanın nəzarətindədir. Əslində Orta Asiya respublikaları ilə bağlı durum da aydındır. Regionda mövqe sərgiləməyərək qalan yeganə ölkə Azərbaycandır. Gürcüstan və Ermənistan artıq seçimini edib. Rusiya və Qərbdən başqa inteqrasiya ediləcək məkanlar yoxdur. Azərbaycan vacib geosiyasi mövqedə yerləşir. Azərbaycan eyni zamanda mühüm tranzit ölkədir. Eyni zamanda Rusiya yenidən təbii qazdan silah kimi istifadə etməyə çalışır. Hədəf isə Qərbdir. Bu baxımdan da Azərbaycan vacib yer tutur. Ona görə Azərbaycana səfərlər intensivləşib.
– Lavrov, Roqozin və ardınca Narışkinin səfərrini ekspertlər müxtəlif cür yozurlar. Ehtimallara görə, Lavrovun missiyası Putinin mesajlarını Azərbaycan hakimiyyətinə çatdırmaqdır. Daha sonrakı səfərlər də isə məqsəd ayrıdır. Əgər Roqozin Azərbaycan hakimiyyətinin mövqeyini öyrənmək üçün Bakıya təşrif buyuracaqsa, Narışkinin danışıqların nəticəsini bəlli edəcəyi gözlənilir. Siz, bu barədə nə düşünürsünüz?
– Sadaladığınız şəxslərin səfərlərindəki ardıcılı mən bu cür izah etməzdim. Düzdür, onların hamısı Rusiyanı təmsil etsələr də, səfərlər fərqli məqsədlərə xidmət edir. Səfər edən şəxslər hərəsi öz sahəsi üzrə problemləri qaldıraraq, onları müzakirəyə çıxarır. Məsələn, Roqozinin səfərinin məqsədi Azərbaycanla silah satışına nail olmaq da ola bilər.
“Azərbaycanın önəminin artması onu hədəfə çevirib”
– Rəsmi Bakının Rusiyanın səfərlərinə münasibəti necə olacaq? Azərbaycan Rusiyanın ondan tələb etdiyi mövqeyə cavabı nə ola bilər?
– Hazırda Azərbaycan heç bir tərəfin mövqeyini müdafiə etməməyə çalışır. Amma Rusiya Azərbaycana ünvanladığı mesajlarda Qarabağ məsələsini qabardır. Bu da təsadüfi deyil. Rusiya Azərbaycana açıq formada bəyan edir ki, siz bizim mövqeyi müdafiə edin, biz də sizə Qarabağ məsələsində dəstək verək. Azərbaycanı danışıqlarda maraqlı edən məqam budur. Indi Rusiya gah yeddi rayonla, gah da Qarabağla bağlı vəd verir. Amma hələ bilinmir ki, Rusiyanın bu yardımının müqabilində Azərbaycan nələri etməlidir? Azərbaycan müstəqilliyinin hansı hissəsi ilə vidalaşmalı olacaq? Bütün bu suallar açıq qalır. Məhz bu məqamlar Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır. Hazırda da əsas müzakirələr məhz bu detallar üzərində gedir.
– Avropa Birliyinin təmsilçisi Borrozonun Bakıya iki günlük səfəri baş tutmuşdu. Səfər zamanı Azərbaycanla “strateji tərəfdaşlıq və modernləşdirmə” layihəsinin imzalanması nəzərdə tutulur. Bu saziş Assosiasiya Sazişindən fərqli olaraq Azərbaycanın üzərinə heç bir öhdəlik qoymur. “Strateji tərəfdaşlıq və modernləşdirmə” layihəsi Azərbaycanın təklifidir. Rusiyanın təzyiqlərindən sonra Azərbaycan bu layihəni imzalamaqdan da imtina edə bilərmi?
– Düşünmürəm ki, Azərbaycan Avropa Birliyinin son təklifindən imtina edəcək. Azərbaycan bu sazişi imzalayacaq. Amma Rusiyadan gələn təkliflərə də “yox” cavabını verməyəcək. Bu, Azərbaycanın ənənəvi “balanslaşdırma” siyasətidir. Ukrayna böhranı başlayandan, Rusiya ilə Qərb qarşıdurmaya girən andan Azərbaycanın əhəmiyyəti artıb. Azərbaycan Avropa Birliyinin strateji planlarında xüsusi yer tutur. Ona görə qarşımızdakı zamanda Azərbaycana həm Qərbdən, həm də Rusiyadan səfərlərin sayı artacaq. Bu baxımdan Azərbaycanla müxtəlif sazişlər imzalanacaq.
“Atəşkəsin pozulması təsadüfi deyildi”
– Azərbaycanın Qərblə Rusiya arasında qeyri-müəyyən mövqeyi nə qədər davam edə bilər?
– Bu Rusiya və Qərb arasında gedən mübarizənin durumundan asılıdır. Zaman göstərəcək ki, bu güclərdən hansı güclü olacaq. Rəsmi Bakının mövqeyinin necə olacağı hansı güc mərkəzinin Azərbaycanı öz tərəfinə çəkməsindən asılıdır. Amma hələlik nə Qərbin, nə də Rusiyanın üstünlüyü görünmür. Qərbin layihələri Rusiya sanksiyalarla diz çökdürüləcəyi zaman keçməyə başlayacaq. Hələlik Azərbaycan uğrunda mübarizədə bərabərlik hökm sürür.
– Lavrovun Bakı səfəri ərəfəsində cəbhə xəttində atəşkəsin pozulması daha intensiv xarakter lamağa başladı. Lavrov isə Bakıda olarkən bəyan etdi ki, Qarabağ probleminin həlli Rusiyadan asılı deyil. Münaqişə artıq beynəlxalq problemə çevrilib…
– Lavrov diplomatdır. O elə bu cür bəyanatlar verməlidir. Lavrov heç zaman həqiqəti deməz. Amma yaxşı bəllidir ki, Ermənistan hər bir addımını Rusiya ilə ölçüb-biçir. Ona görə Lavrovun səfəri ərəfəsində atəşkəsin də pozulması təsadüfi deyil.
“Məqsəd ölkədə stabilliyi pozmaqdır…”
– Maraqlıdır ki, bir müddət əvvəl Ermənistanın cəbhə xəttində hücuma keçdiyi və Azərbaycan tərəfinin itkilər verdiyi barədə məlumatlar yayılırdı. Sonradan bu məlumatlar Müdafiə Nazirliyi tərəfindən təkzib olundu. “ANS” telekanalında bu mövzuya toxunan Mir Şahinin şərhi maraq kəsb edir. Mir Şahin hesab edir ki, bu cür məlumatların yayılmasının arxasında hakimiyyətdəki müəyyən məmurlar durur…
– Maraqlı yanaşmadır. Onu da nəzərə almaq lazımdır ki, Mir Şahinin şərhləri adətən nəyəsə əsaslanır. Bu, hakimiyyət daxilindəki proseslərdən xəbər verə bilər.
– Hakimiyyətdaxili qruplaşmanın belə bir addım atmasında məqsəd nə ola bilər?
– Burada bir neçə məqsəd güdülə bilər. Bir məqsəd Azərbaycana qeyri-stabillik gətirmək ola bilər. Eyni zamanda bu cür fəaliyyət ölkə rəhbərliyinə təsir məqsədi də daşıya bilər.
“Hakimiyyət ABŞ-ı düşmən kimi görür”
– Hakimiyyətin ABŞ-a qarşı kampaniyası ara vermir. “Yeni Azərbaycan” qəzetinin timsalında hakimiyyət Amerikanı yenə hədəf seçib. Irəli sürülən ittihamlar hər ötən gün daha da sərtləşir. Amma maraqlıdır ki, eyni qəzetin başqa bir səhifəsində isə Avropa Birliyi Azərbaycanın strateji tərəfdaşı elan olunan yazı dərc olunur…
– Hakimiyyət ABŞ-ın onu tənqid etməsinə, ondan demokratik islahatlar tələb etməsinə özünəməxsus formada cavab verir. ABŞ Senatının Helsinki Komissiyasında keçirilən dinləmələr hakimiyyət üçün olduqca sərt keçdi. Hakimiyyət həm bu dinləmələrə, həm də Morninqstarın məlum müsahibəsinə cavab verir. Hakimiyyətdə o fikir möhkəmlənib ki, ABŞ hazırkı iqtidarın gələcək perspektivdə ən böyük düşmənidir. Amerika demokratiya, azad seçki tələb edir. Bu tələblər isə hakimiyyətin maraqlarına ziddir. Tələb olunan islahatların reallaşdırılması hakimiyyətin ömrünü azalda bilər. Ona görə hakimiyyət ictimai rəyi hazırlamağa çalışır.
– ABŞ-a qarşı bu cür siyasətin davam etdirilməsinin hansı fəsadları ola bilər?
– Hakimiyyətin bütün səylərinə baxmayaraq demokratiya qələbə qazanacaq.
– Türkiyə müxalifəti biraraya gələrək vahid namizəd kimi Ihsanoğlunu irəli sürdülər. Bu addım Türkiyədə keçirilən seçkilərin nəticələrinə necə təsir edə bilər? Çünki son seçkidə Ərdoğanın partiyası 41 faiz səs yığmışdı. Bu göstərici isə prezident seçkisində qələbə üçün kifayət etmir…
– Türkiyədə seçkilərdə bu dəfə mübarizə daha gərgin keçəcək. Qarşıdan gələn seçkini fərqli edən kifayət qədər məqam var. Ilk növbədə müxalifətin bir araya gəlməsini göstərmək olar. Hətta ikinci turun keçirilməsini də istisna etmək olmaz.
– Azərbaycan türk liseylərinin bağlanması nəyə xidmət edir? Uzun müddətdir bu istiqamətdə sərt addımların atılacağı bildirilirdi…
– Bu Azərbaycan təhsili üçün faciədir. Mən “Nurçu” deyiləm. Amma etiraf etmək lazımdır ki, bu liseylər uşaqlara keyfiyyətli savad verirdi. Xüsusilə rayondan olan istedadlı uşaqlar bu liseylərin hesabına keyfiyyətli təhsil alırdılar. Mütləq deyildi ki, burada təhsil alanların hamısı “Nurçu” olacaq. Amma o da istisna deyil ki, Azərbaycan hakimiyyəti məhz Ərdoğanın tələbi ilə bu addımı atıb. Amma o da nəzərə alınmalıdır ki, bizim hazırda bu liseylərin yerinə verməyə imkanımız yoxdur.
Xəyal