AXCP sədri 21 il əvvəl: “Kadr məsələsində səhvlərimiz olub; daha cəsarətli addımlar atmalıyıq…”
28 yaşlı dövlət katibi 24 yaşlı jurnalistlə nələrdən danışmışdı
Əli Kərimliyə rüşvət təklif etdiyi üçün işdən qovulan kim olub?
Azərbaycanın giriftar olduğu ağır problemlərin həlli yolu hakimiyyət dəyişikliyi də daxil olmaqla, cəmiyyətin siyasi şüurunun yüksəlməsindən keçir. Elə bu sadə səbəbdəndir ki, bütün avtoritar rejimlər kimi, Əliyevlər də cəmiyyəti maksimum dərəcədə siyasətdən təcrid edir. Siyasət bizim ölkədə ona görə arzuolunmaz, az qala, qadağan edilən sahəyə çevrilib ki, “divin canı oradadır”.
Buna görədir ki, Ilham Əliyev vaxtaşırı çıxışlarında Azərbaycan cəmiyyətinin “siyasi” yox, “vətənpərvər” (?!) olduğunu təqdirəlayiq hal kimi bəyan edir; dövlət rəsmiləri vətəndaşları müxtəlif məsələləri “siyasiləşdirdikləri” üçün günahlandırır və s.
Siyasətə, siyasətçilərə qarşı etimadsızlıq, gözdən salma Azərbaycanda dövlət proqramıdır. Dövlətin xüsusi xidmət orqanları ölkənin taleyinə görə axtarışa çıxan insanları zəhərləmək üçün xeyli sayda təsirli tədbirlər də görüb. Təbliğat tam gücü ilə iş başındadır. Etiraf olunmalıdır, elə buna görədir ki, geniş xalq kütlələrini siyasətdən çəkindirməyi əhəmiyyətli dərəcədə bacarıblar.
Müxalifət mətbuatının və təbliğat imkanlarının zəifliyi sistemə qarşı dayanan şəxs və fikirləri lazımınca cəmiyyətə təqdim edə bilmədiyindən, avtoritar rejim öz dayaqları üçün ciddi təhlükə hiss eləmir.
Uzun illərin təbliğatı sadə seçiciyə, vətəndaşa nələri aşılayıb?
Ən yayğın olanı yəqin ki, budur: hamısı eyni adamlardı, müxalifət yoxdur, onlar da gizli əliyevçilərdi…
Yaxud, “bunlar ona görə müxalifətdir ki, vəzifə verən yoxdur, əksəriyyəti hazırlıqsız, uğursuz adamlardı, qaragüruhdur” və s.
Mən indi oxucuma çox qiymətli bir material təqdim edirəm. Bu materialla təsadüfən arxivdə rastlaşdım və çox məmnum oldum. Səbəb?
Indi oxuyacağınız həmin məqalənin müəllifi Şahvələd Çobanoğludur. Onun həmsöhbəti yenicə dövlət katibliyi vəzifəsinə təyin olunan Əli Kərimovdur. Bəli, hazırda AXCP sədri Əli Kərimli.
1993-cü ilin mayında “Azərbaycan” qəzetində dərc edilmiş bu məqalə bir sıra cəhətlərinə görə qiymətlidir. Bu səbəbdən yeni oxucu kontingentinin onunla tanış olması lazımdır.
Birincisi, müsahibədə tarixlə bağlı spesifik hissələri kəssək, ixtisar etsək, qətiyyən onun 21 il əvvəl götürüldüyü ağla gəlməz. Sanki hər iki şəxsi zaman maşınında oturub aparmısan, 1993-cü ildə söhbətləşdirmisən. Suallar və onun cavablarında yetkinlik bunu deməyə əsas verir.
Ikincisi, siyasətin, siyasətçinin əsas katipalı, üstünlüyü onun nə qədər sabitqədəm, ardıcıl olmasıdır. 28 yaşlı Əli Kərimovun müsahibəsi onun bugünkü fəaliyyətilə olduqca həmahəngdir. Düşünmürəm ki, Əli Kərimliyə indi o sualları versək, fərqli cavab eşidərik. Bu, Azərbaycan adına uduşdur.
Seçkiqabağı təbliğat materialı kimi görünməsin, fəqət, Əli Kərimlinin istər AXC hakimiyyətə gələnə qədərki fəaliyyət və davranışı, istər hakimiyyət vaxtı tutduğu səbatlı mövqe, istərsə də 1993-cü ildən bəri apardığı çətin siyasi missiya onun müasir siyasətçi üçün tələb olunan əksər şərtləri ödədiyini göstərir. Bu yöndə geniş müzakirəyə xeyli vaxtımız olacaq. Ona görə də gəlin, sözü 21 il əvvəlki müsahibəyə verək:
“İmtina etməyi bacaran adamam…”
Əli Kərimli dövlət katibi vəzifəsində
“Özüm də hiss edirəm ki, yaşımı qabaqlayıram” etirafı ilə 28 yaşlı dövlət katibi siyasi irəliləyişinin sürəti və cavanlığının vurğulandığı suala cavab verir:
– Bunu hiss etməyimdəndir ki, həmişə imtina etməyə çalışmışam, bacarmışam da. Hesab edirəm ki, imtina etməyi bacaran adamam. Bir il bundan əvvələdək mənim karyeram AXC ilə bağlı olub, həmişə hər hansı səlahiyyəti seçki yolu ilə qazanmışam. Dəfələrlə imtina da etmişəm. 1990-cı il yanvarın 6-da İdarə Heyətinə namizədliyim irəli sürüldü, imtina etdim. 1992-ci ilin fevralında, hətta AXC sədri tərəfindən təkid olunsa da, AXC Ali Məclisinin sədri olmağa razılaşmadım. Aparatda bir dəfə başqa iş təklif olunub, imtina etmişəm. Axırıncı təyinatda da xüsusi arzum yox idi: motiv cavanlığım olub.
“Elə addımlar atmamışam ki, vicdan siyasətin hesabına qandallanmış olsun”
Əli Kərimov özünü son illər sıralarında olduğu hərəkatın əsgəri hesab edir, onun məqsədlərinin ülviliyinə inamla yaşadığını bildirir:
– Artıq bu, mənim taleyimdir. Bütünlüklə həyatımı bu məqsədə sərf etmişəm. Belə gənc yaşda bütünlüklə həyatını nəyəsə həsr etmək çətindir. Amma daha mən həyatda yaşamağın başqa yolunu bilmirəm. Bu siyasi fəaliyyət və komandamızın, başda Əbülfəz Elçibəy olmaqla, qarşısına qoyduğu məqsəd mənim həyatımın mənasına çevirilib.
– Çingiz Sultansoy sizi televiziyadan belə təqdim etdi: “Əli Kərimovun bir nöqsanı var, o da onun cavanlığıdır”. Həqiqətənmi özünüzü belə yüksək tərifə layiq bilirsiniz?
– Təbii ki, yox. Əgər cavanlığım nöqsandırsa, nöqsanlarımı bununla məhdudlaşdırmazdım. Şəxsi planda nöqsanlarımı deyə bilərəm. Əslində, mən sadəcə, təkmil hesab etmədiyim keyfiyyətlərimi etiraf edərdim. Bilmirəm, bu qeyri-təvazökar çıxmır ki? Düzü, elə bir pis vərdişimi, xasiyyətimin yarıtmaz və zəif cəhətini görmürəm. Sadəcə, onlardan bəziləri bu və ya başqa dərəcədə təkmil deyil.
– Bəzən adamın müəyyən keyfiyyətləri, hansılar ki, insanlıq baxımından, hətta onun üstünlüyü sayıla bilər, siyasətdə, yaxud peşədə mane olur, nöqsana çevirilir. Bu mənada, siyasətçiliyiniz asanmı baş tutur?
– Ola bilsin, bu, əməlli-başlı nöqsandır; mən siyasətçi kimi hər şeyi həzm edə bilmirəm. Siyasət kompramislərdən, reallıqlardan ibarətdir – bunu dərk edir və şüurlu şəkildə qəbul edirəm. Amma çox vaxt özümlə bacarmıram. Bəzi kompramislər mənə əzab verir, bəzi hallarda siyasi mənafe və siyasətin tələbilə vicdan üst-üstə düşmür. Bu, məni çox ağrıdan məsələdir. Düzü, dəqiq müəyyənləşdirə bilməmişəm ki, hansının digərini üstələməsini nöqsan sayım.
– Hansının güc gəlməsi daha çox əzab verir?
– Hələ elə siyasi addımlar atmamışam ki, vicdan siyasətin və tutaq ki, ali məqsədimizin hesabına qandallanmış olsun. Hələ ki, əzabın bu tərəfini duyuram. Yəni, vicdanı qorumağın hesabına. Amma susduğum vaxtlar da çox olub.
***
Xatırladaq ki, Əli Kərimov 1965-ci ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda fəhləlik edib. 1982-1983-cü illərdə hərbi xidmətdə olub. Ordudan sonra bir il Xırdalan mebel hissələri kombinatında fəhlə işləyib və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
Universiteti bitirdikdən sonra Beynəlxalq hüquq kafedrasında müəllim qalıb, dövlət katibi vəzifəsinə təyin olunanadək xarici ölkələrin konstitusiya hüququndan dərs keçib. Paralel olaraq, ilyarım “Azadlıq” qəzetində parlament müxbiri işləyib. 1992-ci ilin mayından isə Prezident Aparatının ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsində çalışırdı. Siyasi fəaliyyəti AXC ilə bağlı olub.
***
– Hazırda dövlət katibinin səlahiyyət və funksiyası necə dəyişib?
– Prezident sosial-iqtisadi sahədə rəhbərliyi Nazirlər Kabineti vasitəsilə həyata keçirir. Ərazi idarəetmə, siyasi nazirliklər və Müdafiə Nazirliyinə rəhbərliyi isə bilavasitə özündə saxlayır. O, bu sahədə rəhbərliyi Prezident Aparatı vasitəsilə həyata keçirir ki, bu aparatın da rəhbəri dövlət katibidir. Prezidentin birbaşa tabeçiliyində olan strukturlara gündəlik rəhbərlik, əlaqələndirmə və nəzarət dövlət katibinin vəzifəsidir. Sözsüz ki, prinsipial mövqe və son söz prezidentindir.
– Həmin nazirlik və qurumların dövlət katibinə tabeçilik prinsipi varmı?
– Dövlət katibi prezidentin adından çıxış edir, yəni, prezidentin öz konstitusiya vəzifə və səlahiyyətlərini həyata keçirməkdə istifadə etdiyi aparatın rəhbəri kimi, həmin qurumlarla prezident arasında əlaqəni təşkil edir. Amma bu həmin nazirlik və struktur rəhbərlərinin prezidentə birbaşa çıxışının olmaması demək deyil.
“Bizə komsomol yox, təşkilat lazım idi”
Əli Kərimli ali təhsilini xatırlayaraq deyir: “Pis oxumamışam, universiteti fərqlənmə diplomu ilə bitirmişəm. O vaxtlar Lenin təqaüdü alırdım”.
Ilk vaxtlar universitetdə, həm də komsomol təşkilatının katibi kimi tanınan Əli Kərimov fəal siyasətə gəlişilə bağlı bildirir:
– O vaxtlar azad tələbələr birliyi yaratmaq istəyirdik. AXC yarandıqdan sonra onun təşəbbüskarlarından oldum. İlk konfransda universitet şöbəsinin əlaqələndiricisi, daha sonra mütəxəssis kimi AXC Ali Məclisinə seçildim. 1992-ci ildə Ali Məclisin sədr müavini seçilmişəm.
– Keçmiş komsomol fəalı və həmin sistemin dağılması uğrunda sonradan mübarizəyə qoşulmuş adam kimi, indiki mövqeyinizlə keçmişiniz arasında hər hansı təzad və əlaqə duyursuzmu?
– Əlaqələr var. Amma heç bir təzad duymuram. Hesab edirəm ki, komsomolda fəaliyyətim təcrübə qazanmaq baxımından mənə çox kömək edib. Mənim siyasi fəaliyyətim komsomoldan başlamayıb. Siyasi fəaliyyət məni komsomola gətirib çıxarıb. Xatırlayırsınızsa, yenidənqurma təzə başlayanda komsomolun qurultayı seçkilərin keçirilməsini tövsiyə etdi. Biz də seçki yolu ilə fakültə komsomol təşkilatını ələ aldıq. Əslində, bizə komsomol yox, təşkilat lazım idi. Biz bu təşkilat vasitəsilə xeyli iş gördük. 1987-ci ildə komsomolun xətti ilə Gülüstan müqaviləsinin ildönümünü matəm kimi qeyd etdik. Və bu cür xeyli tədbirlər keçirdik. Bunun üçün biz komsomoldan istifadə etməyə məcbur idik. Bir şeyi də deyim ki, komsomol işində mənim müavinlərimdən biri hazırda AXC sədrinin müavini, digəri Prezident Aparatının şöbə müdiridir. AXC yarandıqda isə biz onun təşəbbüsçülərindən olduq.
– Köhnə sistemin ideologiyasını dağıtmaq uğrunda mübarizə aparan siyasi qüvvənin fəalı kimi, indi o sistemin adını daşıyan adamlara münasibətiniz necədir?
– Möhkəm inamım belədir ki, kommunist və komsomolçuları Azərbaycanda barmaqla saymaq olar. Təbii ki, ideoloji tərəfdən yanaşıram. Bizdə hamı Kommunist partiyasına vəzifə, yaxud məcburi bir şey kimi baxır. Bir sözlə, əsl komsomolçular və kommunistlər yox dərəcəsində olub. Hazırda da belədir. Sadəcə keçmişdə “kommunist” adı ilə hakimiyyətdə bir zümrə olub, indi başqa bir ad altında fəaliyyət göstərirlər.
***
– Marks və onun ideologiyasına münasibətiniz necədir?
– Hər şeydən əvvəl o, dahidir. Bitkin, elmi əsaslar üzərində, xeyli dərəcədə inandırıcı bir nəzəriyyə yarada bilmişdi. Onu inkar etmək də dahilərin işidir. Marksı oxumadan, anlamadan qabiliyyətsiz, nəzəriyyəsini isə mənasız adlandırmaq gülüncdür. Mənim onun nəzəriyyəsinə hörmətsizliyim yoxdur. Sadəcə olaraq, hər bir nəziriyyə bünövrəsini təşkil edən prinsiplərdən ancaq birini yanlış götürməklə çox mənfi nəticələr verə bilər. Marksizmdə də proletar inqilabı və bir sinfin digər sinif üzərində diktaturası məhz həmin mənfi nəticələri doğuran prinsiplərdir. Bu nəzəriyyə ümumbəşərilikdən həmin prinslərlə uzaqlaşmışdır. Motiv, niyyət isə xoşdur. Bunu hələ heç kim inkar etməyib.
Əli Kərimov özü haqda:
“…Elmə marağım qalır və güclüdür. Tələbə ikən elmi işimə görə respublika tələbələrinin 15-ci olimpiadasının qalibi olmuşam. Elmi dərəcəm isə yoxdur. Universiteti qurtaran kimi müəllimliyə başladım. Üstəlik siyasi fəaliyyət, daha sonra isə dövlət vəzifəsində çalışmağım imkanlarımı məhdudlaşdırdı. Müdafiə edəcəyimə və elmi yaradıcılıqla məşğul olacağıma arzularımdan biri kimi baxıram…
…Xarici dillərdən heç birini bilmirəm. Təbii ki, rus dilindən başqa. Bunu özümə nöqsan sayıram. Hesab edirəm ki, belə nöqsanı düzəltməyə imkanlar var. Gec də, olsa dil öyrənməyə dəyər.
…Azacıq imkan tapan kimi siyasi ədəbiyyatı mütaliyə edirəm. Yəni, başqa bir şeyi mütaliyə etmək imkanım da yox dərəcəsindədir.
…Xobbimi dəqiqləşdirməmişəm. Maraq isə imkandan çox asılı olur. Əvvəllər yüngül atiletika başlıca marağım idi. İndi belə hesab etmirəm.
…Bədii sənətdə və incəsənətdə klassikləri sevirəm. Müasirlərdən isə tərəddüdsüz qəbul etdiyim Məmməd Arazdır.
Dünya görüşümün və baxışımın formalaşmasına müstəsna təsir edən fikir adamının, filosofun adını çəkə bilmərəm. Öyrəndiklərim isə o qədər çoxdur ki, hamısını xatırlamaq mümkün olmayacaq. Onların arasında böyük filosoflarla yanaşı, adi adamlar da var.
…Universitetedə Məmməd Xələfov müəllimim olub. Bununla fəxr etmişəm. Mənim xeyli hörmətlə xatırlaya biləcəyim müəllimlərim var.
…Siyasətçilərdən özümüzünkülərdən də, özgəninkilərdən də öyrənmişəm. Nəyi yaxşı hesab edirəmsə, qəbul edirəm. Amma hər hansı keyfiyyətimə görə heç kimə özümü borclu saymıram.
…Əsasən ümumbəşəri olanları qəbul edirəm. Bunlar fərdi tərbiyyədən asılı deyil.
…Siyasətdə kumirim yoxdur”.
– Sizin siyasətə gəlişiniz “Yurd” birliyi ilə bağlıdır. Bu haqda və o birliyin indisi haqda nə demək mümkündür?
– “Yurd” birliyini universitetin tələbələri yaradıb. Bu, milli fikir oyanışı dövrünə, 1987-ci ilin sonuna təsadüf edir. Gənclik ilkin olaraq milli istəklərini mədəniyyətimizə və tariximizə münasibətdə formalaşdırırdı. Məsələn, İçərişəhərdə abidələrin bərpasında çalışırdıq. Bu, peşəkar səviyyədə də deyildi. Amma bu istəklər güclü idi və “Yurd” birliyini formalaşdıra bildi. Birlik xeyli dərəcədə cilalanmış fikir və məqsədlərin yaranmasına səbəb oldu. Hamımız üçün Azərbaycanın müstəqilliyi ideala çevrildi. Meydan hərəkatının başlamasında bu birliyin üzvləri misilsiz rol oynadılar. Sonradan “Yurd” AXC universitet şöbəsinin, AXC-nin tərkib hissəsi kimi fəaliyyətini davam etdirdi. İndi “Yurd” müstəqil fəaliyyət göstərmir. Biz AXC-nin üzvləriyik, fəaliyyətimizi də ancaq AXC üzvü kimi müəyyənləşdiririk.
– Bizim siyasətçilərin əksəriyyətinin keçdiyi yerdəyişməni siz də kecmisiniz. Sadəcə olaraq, traektoriya və nəticə fərqləri ola bilər. Üstəlik cox cavansınız. Hansı səhvləriniz yadınızda qalıb?
– Olub ki, hansısa nitqim xoşuma gəlməyib, hansısa yazımı sonra bəyənməmişəm. Amma elə prinsipial siyasi səhvlərim olmayıb ki, sonradan peşmançılıq çəkim. Yaxud, bu, ali məqsədə ziyan vursun, ümumi siyasi mənafeyə xələl gətirsin.
– Kollegiyallıqla uygunlaşmaq sizə asandırmı?
– Hələ kec kim məndən bu prinsipi pozmamağı tələb etməyib. Amma mən çox tələb etmişəm. Bu, mənim qətiyyətlə müdafiə etdiyim prinsipdir.
– Xeyli vaxtdır yüksək dövlət vəzifəsində calışırsınız. Bu dövrdə həm cavan adam kimi, həm də sadəсə dövlət adamı kimi sizə yaxınlaşmalar, ələ almaq, hansısa mənafelərə uyğunlaşma сəhtləri, bir sözlə, müxtəlif formada rüşvət təklif etmək halları istisna olmamalıdır…
– Müəyyən mənafelərə cəlb etmək cəhdləri olub. Amma cox qəribədir ki, mənə rüşvət təklif olunmayıb. Mən hələ köhnə icra hakimiyyəti başçıları ilə də işləmişəm. Görünür, rüşvət verənlər də ağıllı adamlardır… Dolayısı ilə bir dəfə rüşvət təklif edilmişdi. O adam dərhal işdən çıxarıldı.
– Sizcə mənsub oldugunuz siyasi komandanın nüfuzu bu bir ildə hansı uğur və uğursuzluqların hesabına dəyişib?
– Bugünkü nəticələrin xeyli hissəsi obyektiv səbəblərlə izah edilir. Azərbaycanda hakimiyyət dəyişikliyi dinamik deyil, sərt siyasi mübarizənin nəticəsində baş verib. Demək olar ki, inqilab olub. Birdən-ikiyə hakimiyyətdə olmayan adamların hakimiyyəti üzərinə götürməsi böyük çətinliklər yaradıb. Dünya ölkələrində belə vəziyyət nadir hallarda təkrar olunur. Adətən, hakimiyyətdə siyasi rəhbərlik dəyişir, funksionerlər, aparat işciləri isə qalır. Bizdə funksionerlərin özləri də siyasətlə məşgul olurdu. Bu da yeni rejimin normal işləməsi üçün əlverişli vəziyyət deyildi. İkincisi, ölkədə müharibə gedir. Müharibənin elə bəlaları var ki, kimin hakimiyyətdə olmasından asılı olmayaraq mövcuddur. Sadəcə, daha böyük və kiçik nəticələrlə… Üçüncü səbəb, dövlət qururculuğu, onun struktur və mexanizmlərinin yenidən yaradılması ilə bağlıdır. Ölkə müstəqil siyasi və iqtisadi həyata başlayır. Keçmiş iqtisadi əlaqələr dağılıb və yenidən qurulur. Bütün bunlar indiki durumun obyektiv səbəbləridir.
Subyektiv səbəblərdən mübarizə yoldaşlarımızın bir qrupunun özünü doğrultmamasını xatırlaya bilərəm. Yəni bəziləri ideyalarını dəyişib, bəziləri büdrəyiblər, yaxud sınaqlardan çıxa bilməyiblər. Kadr məsələsində səhvlərimiz də olub. Nazirlər Kabinetinin işinin qurulmasında çox gecikmişik. Rəhim Hüseynovun baş nazir odugu dövrdə dəyişikliklərin aparılmaması, o vaxtın siyasi həqiqətləri fonunda düzgün idisə, tarixi baxımdan ləng addım sayılmalıdır. Bəlkə də daha cəsarətli addımlar atmalıyıq. İslahatların gecikdirilməsi xeyli uğursuzluq yaradıb. Başlıca nöqsanlardan biri komandamızın bitkin olmaması nəticəsində möhkəm qanunçuluğa nail olmamağımızdır. Xüsusən də iqtisadi və hərbi cinayətkarlığa qarşı tədbirlərimiz zəif olub. Bu cür subyektiv səbəblərə görə bu və ya digər şəkildə mən də özümü günahkar sayıram. Daha insafla yanaşsaq, bu səbəblərin özündə də obyektiv tərəflər tapmaq olar. Amma mən bunu istəmirəm.
– Necə fikirləşirsiniz, AXC-nin nüfuz və sosial bazasına arxalanıb siyasi fıaliyyətinizi davam etdirə biləcəksinizmi?
– AXC bu gün də Azərbaycan dövlətçiliyinin real müdafiəçilərindəndir. Əslində bir siyasi qüvvəyə yox, bütövlükdə xalqa arxalanmalıyıq. Elə bir dövlət mexanizmi qurmağa çalışacağıq ki, hakimiyyətin zorla dəyişilməzliyinə həmişə təminat olsun. Hakimiyyətə ancaq seçki yolu ilə gəlmək mümkün olsun. İnanıram ki, bu məqsədə nail olmaqda AXC son sözünü deyib qurtarmayıb.
– Hazırda Əbülfəz Elçibəyin komandasını həmrəy və qruplarsız təsəvvür etmək olarmı?
– Mən belə təsəvvür edərdim ki, bizim komandada qarşı duran heç bir qrup yoxdur. Müəyyən fikir müxtəlifliyinin olmasını yozanlar, buna rəng verənlər yanılırlar. Şübhəsiz, müəyyən yaxınlıqlar əsasında adamları qruplara bölmək də olar. Amma səmimi deyirəm ki, guya Yurdçular, İsa Qəmbərovçular bölgüsü ciddi deyil və səhvdir. Ola bilsin özünü bu qruplardan hesab edənlər arasında elə adamlar var ki, müəyyən tənqidi fikri az qala müxalif mövqe kimi yozurlar. Yurdçu hesab olunanlar AXC üzvləridir, heç bir müstəqil siyasi fəaliyyətə və təşkilat strukturlarına malik deyillər. Həqiqətdə isə hakimiyyət bu gün AXC və Müsavat tərəfindən bölüşdürülüb. Yəni, hər ikisi hakimiyyətə görə eyni məsuliyyəti daşıyır.
– Bu təşkilatlar arasında hakimiyyətdə təmsil olunma açıq çərçivələnibmi?
– Yox, arada hakimiyyət bölgüsünün heç bir klassik forması yoxdur. Hakimiyyətə bütövlükdə AXC gəlib. Onun bir qrup üzvü sonradan Müsavat ətrafında birləşiblər, digərləri isə AXC-də qalıb. Əslində bu çox təbii baş verib. AXC və Müsavat mahiyyətcə eyni siyasi qüvvələrdir. İdealogiya da, məqsəd də, seçilmiş yol da eynidir. Bir beşikdə böyümüşlər və hakimiyyətə də birgə gəliblər. Möhkəm inamım var ki, bu iki qüvvənin birliyini pozmaq hec kimə müyəssər olmayacaq. Hər iki qüvvənin başında cox müdrik adamlar durur. Azərbaycan dövlətçiliyinin möhkəmliyinə təminatı da ancaq bu qüvvələrin birliyində axtarmalıyıq. Bu mənada Əbülfəz Elçibəyin komandası möhkəm komanda sayılmalıdır.
Natiq Güləhmədoğlu