Bəs, vaxtilə yaşadığı evdən necə?
Bakının Zərgərpalan küçəsindəki 133 saylı evin üzərində əfsanəvi partizan Mehdi Hüseynzadənin barelyefindən yəqin ki, çox adam xəbərsizdir. Elə bizimçün də bu xatirə lövhəsi tapıntı oldu…
Barelyefin üzərində “Sovet Ittifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadə ”partizan Mixaylo" bu evdə yaşamışdır" sözləri yazılıb. Neçənci ildə divara vurulduğunu bilmirik, ancaq üzərindəki sözlər kiril əlifbası ilə yazılıb.
Həmin ev şəhərin mərkəzində, metronun “Nizami” stansiyasına bitişik 2-3 mərtəbəli binada yerləşir. Burada gediş-gəliş nə qədər sıx olsa da, ancaq adamların barelyef qarşısından xəbərsiz ötüb keçdiyi müşahidə edilir.
Görünür, xatirə lövhəsinin özü memarlıq baxımından daha münasib şəkildə yerləşdirilmədiyi üçün diqqəti asanlıqla çəkmir. Yaxud M.Hüseynzadə doğum və ya həlak olduğu günlərdə bu barelyef qarşısında yad edilmədiyindən ictimaiyyət də həmin xatirə lövhəsindən xəbərsizdir.
Biz M.Hüseynzadənin vaxtilə yaşadığı binanın sakinləri ilə söhbət etdik. Öyrəndik ki, “partizan Mixaylo”nun mənzilində 1960-70-cı illərə qədər onun ailə üzvləri, yaxın qohumları yaşayıb. Sonra bu mənzildə başqaları məskunlaşıb.
Bir dəfə yazmışdıq, bir də yazıb yada salaq ki, M.Hüseynzadənin yaşadığı evin binasına bitişik “Nizami” metrostansiyasının yerində Məhəmməd Əmin Rəsulzadənin ailəsinin mülkü olub. Yəni Rəsulzadələr ailəsi M.Hüseynzadəgilnən qonşu olublar. Rəsulzadənin kiçik oğlu Azər burada M.Hüseynzadə ilə uşaqlıq illərini yaşayıb, onunla dostluq edib, birlikdə rəssam kimi fəaliyyət göstəriblər. Jurnalist Nəcibə Bağırzadənin “Gecikmiş etiraf kimi” kitabında qeyd edilir ki, hətta iki gənc rəssam bərabər iş götürüb onu yerinə yetirirlər. Lakin 1937-ci ilin noyabrında Azər ailə üzvləri ilə sürgünə göndərilir. Bundan xəbər tutan sadiq dostu Mehdi onun sürgündəki ünvanını öyrənib bərabər gördükləri işin bərabər bölünən pulunu Azərə göndərir…
M.Hüseynzadə 1918-ci il dekabrın 22-də doğulub. 23 yaşında cəbhəyə yollanıb, 1944-cü il noyabrın 2-də isə döyüşdə həlak olub – 25 yaşında…
M.Hüseynzadə hər il 9 May – Qələbə günündə Bakıdakı evinin qarşısında da yad edilə bilərdi. Hərbi-vətənpərvərlik təşkilatları bu işi öz üzərinə götürsələr daha yaxşı olardı. Bakının icra başçısının başı bu günlərdə Gül bayramı hazırlığına bərk qarışdığı üçün M.Hüseynzadəni unuda bilər. Unutmasaydı, heç olmasa Gül bayramında sərgilədiyi milyonlarla güldən birini “Mixaylo”nun barelyefinin üzərinə qoyardı. Ilboyu bu barelyefin güldanındakı süni – plastik çiçəyi heç olmasa ildə bir dəfə təbii gül əvəzləyərdi.
Yeri gəlmişkən, niyə Gül bayramı 9 May – Qələbə gününə yox, 10 may – Heydər Əliyevin ad gününə həsr edilməlidir? Gül bayramını hansı tarixdə keçirmək daha uyğundur?
Şövkət Məmməd