Türkiyənin “Show”TV kanalında yayımlanan “Ezra” adlı yeni serial tamaşaçılar tərəfindən kifayət qədər maraqla qarşılanıb. Ssenari müəllifi və rejissoru Tayfun Güneyerə aid olan bu yeni serialda diqqətçəkən məqamlarından biri də orada azərbaycanlı xarakterinin yer almasıdır.
Illər öncə kimsəsizlər evində qardaşını itirən Ezra adlı qəzzalı bu gənc yorulmadan axtarışlara davam edir. Uzun illərdən sonra itkin qardaşının sorağını Italiyadan alan Ezra tanımadığı, sonunu bilmədiyi bir yola çıxaraq doğmasının izinə doğru getməyi qərarlaşdırır.
Yol boyu müxtəlif əngəllərlə qarşılaşan Ezranın həyatı Ağ dəniz sahillərində ümidsizcəsinə axtarışlara davam edərkən liviyalı antihökumət quvvələrindən birinin lideri olan Azərbaycan əsilli silah qaçaqçısı Cahangir Hüseynov tərəfindən ələ keçirilərək, yeni bir məcraya qədəm qoyur. Cahangir Hüseynov liviyalı müqavimətçilərə silah satarkən Ezranı görüb bu qızı bəyənir.
Silah qaçaqçısı olan Cahangir Hüseynov qısa müddətdə aşiq olduğu Ezranı və bu gənc qızın yol yoldaşı olan Ibonu Istanbula gətirərək orada məskunlaşmaq qərarı verir. Bu arada Cahangir Hüseynov vaxtilə qaçıb canını qurtardığı həbsxanaya yenidən qayıtmaq təhlükəsilə uzləşər. “Tək tapança” ləqəbli baş komissar Mustafa və gənc polislərdən ibarət qrup Cahangir Hüseynovun Istanbula qayıtdığını eşidərək onu yenidən həbsxanaya qaytarmaq uğrunda mübarizəyə başlayırlar.
Komissar Mustafa və cinayətkar Cahangir arasında yaranan nifaq onların arasında düşmənçiliyə gətirib çıxarır və bir-birlərini bitirmək üçün and içirlər.