Əzizim, ata! Illər əvvəl bir dostunun haqqında yazmışdın: “Sən yetişən narın sevincinin yox, nar yetişsin deyə solan nar çiçəklərinin adamısan”. Bu bir cümlə ilə əslində özünü ifadə etmişdin. Və o zaman anladım ki, “Sən nar yetişsin deyə solan nar çiçəkləri”nin özüsən…
Yalnızlığım, tənhalığım, səndən qopan qərib səsəm.
Bir ağacam yarpağından əvvəl ölən gövdəmə bax…
Xeyli vaxtdı, çox yorğun, hüznlü və üzgün görünürsən. Bu halını sezib narahat olanları “Xəstəyəm, çox ağrıyıram”, deyib başından eləyirsən. Heç kimlə görüşmək, danışmaq istəmirsən, Aramızda ruh kimi gəzib-dolaşırsan. Mən sənin susqunluğunun nədənini bilirəm, ata!
Sonbaharda yarpağam,
Boz-bulanıq sularda.
Buralarda işim yox,
Işim yox, buralarda…
Içindəki payızın mübarək, ata! Keşke tənhalığını paylaşa bilsəydim, Içindəki payızın ola bilsəydim.
Olacağın olmağına nə var ki,
Bircə dənə olmayacaq ver mənə… (K.Abdulla)
Sənin ağrılarını dindirmək, payızını ovutmaq istəyi öldürür məni, ata. Lakin bir türlü cəsarət edəmirəm. Doğum günün bunun üçün sadəcə bir bəhanə oldu. Amma, necə? Necə edim ki, səni bircə anlıq da olsa, içindəki ağrılardan qoparım, heyrətləndirim, bircə dəfə ürəyini güldürüm, ata, ürəyini güldürüm! Mən bilirəm ki, o an səni mutlu etməyə yetər. Çünki sən o anların adamısan, əbədiyyətin andan keçdiyini bilən adam. Necə, necə? Bəlkə, sözlə? Əsla, düşüncəsi belə utandırır məni. Mən atamın sözündən gözəl söz, yaza bilmərəm ki. O ki, qaldı ola biləcəklərə, ola biləcək heç nə ilə heyrətləndirə bilmərəm səni. Sən olmayan yerin adamısan, ata! “Bircə dənə olmayanı ver mənə”… (Kamal Abdulla)
Bircə dənə olmayanı ver mənə… Olmayanı… Olmayanı… 12 sentyabr 2014-cü il. Gün təzə başlayıb. Bu gün sənin doğum günün. Bəlkə də heç xatırlamırsan. Bu günü də sıradan bir gün kimi qarşılayırsan, bütün başqa günlər kimi. Aramsız çalan telefonun dəstəyini etinasızcasına qaldırırsan. Alo. Telefonun o biri ucundan: – Doğum günün qutlu olsun, şair! Sənə nə arzulaya bilərəm. 1979-cu ilin o payız gecəsini xatırlayırsanmı? Azneft meydanında, yağışın altında mən, sən, Vaqif (Vaqif Cəbrayılzadə) və Əkrəm (Əkrəm Əylisli) polisə belə məhəl qoymadan dəli kimi “Qaragilə” oxuyurduq. …Təbrizin yolları dolambadolan, Qaragilə, dolambadolan … Bu an içimdən bilirsən, nə keçdi, şair? Bir payız axşamı, Qaragiləni Təbrizin dolanbac küçələrində oxuyaq, “polis farkında” olmadan…
Atam dəstək əlində, heyrətdən donmuş heykələ bənzəyirdi. Telefondakı adam rəhmətlik Əbülfəz əmi idi, Əbülfəz Elçibəy. Atamın şeirinin qəhrəmanı, “Qəribə adam”:
Bu qəribə adamdı –
Bu adamın sevinci, bu adamın dərdi də,
Tamam özgə biçimdə.
Mənə elə gəlir ki, bu adam ölən günü
Özü qazıb qəbrini basdıracaq özünü
Ürəyinin içində….
Atamın sevincdən, heyrətdən əli-ayağı bir-birinə dolaşır. Və bu fövqəladə hisslərin təsiri altında həyətə çıxır. Onu gözləyən maşının qapısını açıb arxada əyləşir. Qulaqlarına inanmır. Co Dassenin “Lüksemburq bağı”? Çox sevdiyi, unudammadığı bir nəğmə… Nə isə soruşmağa macal tapmamış, üzünü görə bilmədiyi sürücü arxaya çevrilib, – “Doğum günün qutlu olsun, qardaş!”, – dedi. Bu isə rəhmətlik Mehman əmim idi. Bu nəğmə də Mehman əmimin çox sevdiyi Co Dassenin “Lüksemburq bağı”… Atamın gözlərindəki heyrət böyüdükcə, mən düşünürdüm ki, atamın dediyi olmayan yer, elə buradı. Bu yerdə atam heç vaxt olmadığı qədər, xoşbəxt idi. Mehman əmim atamın heyrətini görməyirmiş kimi, illər əvvəl olduğu kimi Behrudun payızından, hər il sonbaharda, kəndimizin meşələrində xəzəlləri toplayıb yandırmağından danışır, o xəzəl tüstüsünün qoxusu üçün burnunun ucu göynədiyini deyirdi. “Şair, dur gizlicə kəndə gedək, Behruda, anam da ordadı, meşədə xəzəlləri toplayıb yandıraq. Xəzəl tüstüsünün qoxusundan, anam biləcək ki, Mehman kəndə gəlib”. Atam dəli kimi ağlayırdı. Mən indi anladım ki, 1995-ci ildən üzü bəri atamı kəndə çəkən o sirrin, sehrin adı nə imiş, Mehman əmimin hər il sonbaharda Behrudda yandırdığı xəzəllərin tüstüsünün qoxusu, xəzəl tüstüsünün qoxusu.
Qəfil zəngdən diksinir atam. “Nərələrdəsən kafasız azəri?” – Atam sehirlənmiş kimi pıçıldayır : – “Qoyub getdiyin yerdəyəm, osmanlı çocuğu, qoyub getdiyin yerdə. Telefondakı adam da təmiz Naxçıvan ləhcəsi ilə ”Doğum günün kutlu olsun, qardaş” – deyir. “Ta Ankaralardan bura, sənin bu gününü kutlamaq üçün gəldim”. Bu? rəhmətlik Orxan əmi idi, atamın böyük dostu, böyük türk, adam kimi adam, Orxan əmi! Dünyanın ən təmannasız adamı, Orxan əmi!
Əzizim ata, Əkrəm əminin “Gilanar çiçəklərinə dediklərim”- əsərinin qəhrəmanı Əlabbasın məşhur monoloqunu xatırlayırsanmı? – “Sizin xatirəniz yaşayan ürək heç vaxt xaraba qala bilməz”.
Doğum günün qutlu olsun, ata! Behrudda, “Quzeylərdə” xəzəllər tüstülənir, qoxusunu duyursanmı? Mehman əmim yandırıb, sənə doğum günü hədiyyəsi olaraq!
Yağmur Behrudi, Nargilə Əliyeva
Ah bu ruhun əzabı
Qar yağır saçlarıma,
saçlarıma qar yağır.
Yaş əlli beş, saçımda
ölən illərin ahı…
Mən necə də yalqızam, saçlarıma qar yağır…
Soyuqluğu üşütmür
heç bir kəsi, ilahi!
***
Əzab çəkdim – bax bu ruh,
sevindim – bax bu bədən;
Ruhumdan sorulacaq
günahımın hesabı.
Mən müqəddəs bir ruham
səndən özgə kimsədə
Çəkilməz tanrı bilir
ah, bu ruhum əzabı.
***
Nə göylərdə səadət,
nə yerlərdə rahatlıq;
Tənhalığa məhkumdur
ölməz ruh, cılız bədən.
Bu nə sirdir, ilahi,
neyləyib bədən yazıq, –
Ruhum ilə üzbəüz
dayanıbdı ölmədən.
***
Sən bədənə sığmırsan
neyləyim, ruhum səni?
Bəlkə azad eyləyim
bu cəhənnəm bədəndən.
Ah, bu ruhun əzabı
elə qorxudur məni,
Yüz dəfə dinə gəlib
çıxmışam yenə dindən.
***
Qorxulu əbədiyyət
gör necə sığıb anda,
Taleyimiz gör necə
qalıb asılı sapdan.
O müqəddəs kitablar
Incil, Zəbur, Quran da
Qurtara bilməz ruhu
bu əbədi əzabdan.
Mən Gürşadın ruhuyam,
dözmədim Tanrı dağda,
Mən üç yüz il sonradan
qayıdıb yenə gəldim.
Tənhalıqdan bezikdim
bağışla dar ayaqda
Döndüm cılız bədənə
qayıdıb sənə gəldim.
***
Qar yağır saçlarıma,
saçlarıma qar yağır.
Yaş əlli beş, saçımda
ölən illərin ahı…
Mən necə də yalqızam,
saçlarıma qar yağır…
Soyuqluğu üşütmür
heç bir kəsi, ilahi!