Aparıcı telekanalın rəhbərli Vüqar Qaradağlını ittiham etdi, qarşı tərəfdən cavab gəldi
ATV-dən yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşnədəm Baxşəliyeva adıçəkilən telekanaldan ayrılması ilə bağlı mətbuat konfransı keçirib. Aparıcı bildirib ki, kanalların birində “Səni axtarıram” formatında veriliş yayımlanıb. O da bunula bağlı ATV rəhbərliyinə müraciət edərək verilişin müəllif hüquqlarını əldə etmək istədiyini bildirib: “Daha sonra Müəllif Hüquqlarına müraciət etdik, amma müəllif hüquqlarını mənə vermədilər. Bu mənim qüruruma toxundu”.
Xoşqədəm Baxşəliyeva bu məsələdə birbaşa ATV-nin prezidenti Vüqar Qaradağlını ittiham edib: “Yanvarın əvvəlində Vüqar Qaradağlı ilə söhbətimiz oldu. Mənə dedi ki, istəyirəm layihəni yayımdan qaldırım. Əvvəl sezonun axırında verilişi bağlamağa razılaşdıq. Daha sonra dedi ki, mənə tapşırıblar ki, ”Səni axtarıram" efirə getməməlidir. Dedim ki, onda ərizə yazacaqsanız ki, bu layihə Xoşqədəmə aiddir. Yeni verilişə başlamağım üçün o ərizəni mənə vermədi. Bu layihə mənə aiddir. Burada yüzlərlə insanın ümidi, göz yaşı var. Mənə dedi ki, get başqa kanalda layihəni davam etdir, belə bir veriliş yayımlanmayacaq. Təbii ki, inanmadım. Və verilişin hüquqlarını göstərən şəhadətnaməni Müəllif Hüquqları Agentliyindən ala bildim".
Aparıcı verilişlə bağlı maliyyə yeyintilərinin olması barədə iddialara da toxunub: “Səni axtarıram” zavoddur ki, yeyinti olsun? Orada nə qazanılıb, hansı reklamlar verilib xəbərim olmayıb. Pul haqq hesablarından xəbərim olmayıb".
ATV-dən Xoşqədəm Baxşəliyevanın ittihamlarına cavab gəlib. Telekanaldan “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir ki,"Səni Axtarıram" verilişinin müəlliflik hüququ Xoşqədəm xanıma aid deyil: “Layihənin 2 müstəsna hüquqi sahibi var. Müəllif Hüquqları Agentliyi tərəfindən bu sənəd 11.10.2013 tarixdə qeydiyyata alınıb. Və burada da açıq şəkildə göstərilib ki, 1-ci müstəsna hüquq sahibi Azad Azərbaycan MTRK-dır, 2-ci Xoşqədəm Hidayətqızı və digər hüquqi şəxslər (bura isə daha 3 nəfər aiddir). Bunu verilən şəhadətnamənin ardıcıllıq nömrəsindən də aydın görmək olar. (N-7722 ATV kanalında, N-7723 isə Xoşqədəm xanımdadır). Və buradan da aydın görünür ki, əsas söz sahibi ATV kanalıdır.
2. Bəli, bu səlahiyyətin tam olaraq Xoşqədəm xanıma verilməsindən kanalın rəhbəri Vüqar Qaradağlı imtina edib. Bu da onun müstəsna hüququdur və o da öz şəxsi maraqlarına görə yox, rəhbərlik etdiyi ATV-nin maraqlarına uyğun olmadığına görə bu qərara gəlib".
Bundan sonra Xoşqədən Baxşəliyeva “Facebook” səhifəsində
Vüqar Qaradağlını kəskin tənqid edib: “ATV-də çox şeylər baş verib. Məni onlar maraqlandırmır və hələ ki, onlarla bağlı açıqlama vermirəm, susuram. Çünki məni ”Səni axtarıram" maraqlandırır. Halal haqqımı tam şəkildə almaq istəyirəm.
“Quran”ı tərcümə etdiyini deyib, hər yerdə halallıqdan car çəkən adam ( Vüqar Qaradağlını nəzərdə tutur) yəqin ki, halallığın nə olduğunu məndən gözəl bilir. Axı o “Quran”ı tərcümə etmişəm" deyir. Bu layihəni 5 il əvvəl dişimlə, dırnağımla yaratdım. Doğma qəzetimdən üz döndərdim. Bu layihəyə gözünü dikən on minlərlə çarəsiz insan var. Onların ahını üstünə götürməkdən qorxmur? Məncə, Allahdan, “Quran”dan danışan, ziyalı olduğunu bildirən adam halal olmalıdır. Bir qadının və minlərlə insanın haqqını tapdalamamalıdır. Pulun insanı dəyişdiyini anlayıram və Vüqar müəillim ATV-yə gələrkən olduğu durumunu ( o cümlədən yaxınlarınını da) xatırlayıram. Ola bilsin ki, Vüqar müəllim dəyişib. Amma hələ ki, bu dünyadan köçəndə kimsə nəsə aparmayıb və yəqin ki, o da nəsə aparmayacaq. Əminəm ki, o dünya var.
Orada hesab an olur. Inşallah Qaradağlı və özü ilə ATV-yə gətirdiyi yaxınları, qohumları o hesab günündən üzü ağ çıxar. Inanıram ki, yanındakı halal adamlar Vüqar müəllimi inandıra biləcək ki, bir qadının haqqına girmək günahdır. Halal haqqı olanı sahibinə verməməyin bədəli var".
Aparıcı həmçinin yazıb ki, artıq veriliş ANS telekanalında yayımlanacaq.