“Mən bir xalqın özünü bu qədər “dincə qoymasını” anlaya bilmirəm”
Tanınmış yazar Zümrüd Yağmurun Moderator.az-a verdiyi müsahibəni oxuculara təqdim edirik:
– Zümrüd xanım, nə yazırsınız, nə işlə məşğulsunuz?
– Düşünməklə… “Yağış qadın” dan sonra heç nə yazmamışam. Yayda xeyli mütaliə etdim. İndi də düşüncələrimin dolub daşmasını gözləyirəm. Amma yaxında yəqin ki, başlayacam. Bəxtinə qara bağlanmış roman var, “Əlvida, mən gedirəm”. “Allah qayıdır?!” əsərindən sonra yazmışam, amma alınmayıb tam, mən istəyən deyil, iki dəfə yenidən qayıtmaq istəmişəm, amma alınmayıb. İki roman yazılıb onun üstünə. Bu dəfə israrlıyam, onun yenidən yazacağam. Amma beynimdə başqa bir romanın da az-çox hadisələri və obrazları yer salmağa başalyıb.
– Son vaxtlar siyasi yazılar da az yazırsınız deyəsən?
– Köşələri nəzərdə tutursunuzsa, yazmıram, amma bu mənim mövqeyimdə hər hansı bir dəyişikliyin olması deyil, sadəcə vəziyyət belə gətirib. Əslində bir necə saytdan təklif gəlib, amma hələ bir az dincəlmək istəyirəm. Açığını deyim ki, buna səbəb həm də bir az yorulmamdır.
– İndi baş verənlərə nə əcəb sakit yanaşa bilirsiniz?
– Sakit yanaşmıram, demək olar ki, hər gün facebook profilimdə ölkədə baş verənlərlə bağlı yazılar yazıram. Olanları sakit izləmək mümkün deyil təbii… Amma bütün bu olanlardan daha dəhşətli başqa bir şey var. Xalqın olanlara bu qədər laqeyd olması… Bunu izləmək olanları izləməkdən daha qorxuncdur. Olanlar ölkədəki rejimin mahiyyətinə uyğundur, olmasını da normal qəbul edirəm. Bu idarəetmə ilə olmaması daha təəccüblü olardı. Mən bir xalqın özünü bu qədər “dincə qoymasını” anlaya bilmirəm və anlamaq da istəmirəm.
– Siz hər dəfə deyirdiniz ki, siyasətə qarışmıram, amma hər dəfə də sizdən müsahibə alanda adam istər- istəməz siyasətə qarışmalı olur.
– Güman etmirəm. İndi danışdıqlarımız siyasət deyil axı… Əslində yazar birbaşa siyasətə qarışmamalıdır, amma siyasi olaylara münasibəti olmalıdır. Bir yazarın ölkəsində baş verənlərə münasibəti olmasına deyil, olmamasına heyrətlənmək lazımdır. Mən də aktiv siyasətə qarışmıram, onun oyun qaydaları mənim xarakterimə uyğun deyul. Amma yaşadığım ölkədə baş verənlərə biganə deyiləm. Bu mənim vətəndaş mövqeyimdir. İndi ölkədə baş verənlərə münasibət bildirmək cəsarət tələb edir və təssüf ki, hər kəs də bunu bacarmır. Bacarmadıqlarını da gözdən salmağa çalışırlar, sanki siyasi mövzuda köşə yazmaq qəbahətdir. Kim ki, cəsarətsizliyini ört-basdır etməyə çalışıb ölkədə baş verənləri bir yana qoyub elə adət və ənənələri qırmanclamaqla gündəmdə qalmağa və ya onu yatarmağa çalışırsa, buna deyəcəyim yox. Hər kəs öz xaratkterinə uyğun davranır.
– Bu yaxında Aqşin Yenisey müsahibələrinin birində demişdi ki, Azərbaycan iqtidarı müxalifətdən daha çox dünyaya açıqdır.
– Bir fikir deyirsənsə onu əsaslandırmaq lazımdır. Aqşin Yenisey bunu necə əsaslandırıb, bilmirəm, amma İntiqam Əliyev kimi bir insanı şərləyib həbs edən bir zehniyyət dünyaya necə açıq ola bilər? Bu gün işğalçı siyasətini davam etdirən Rusiya kimi bir ölkənin yanında yer alan bir iqtidar necə dünyaya açıq ola bilər? Dindarın çibinə narkotik atıb həbs etdirən bir düşüncə tərzi elə Aqşin Yeniseyin də heyranlıqla danışdığı Qərb demokratiyasına nə qədər açıq ola bilər? Ona görə də mən bu sözləri səmimi bulmadım. Amma siz yenə də ən düz cavabı şairin özündən soruşun. O ki, qaldı müxalifətin qapalılığına, ya da açıqlılığına… Bilirsinizmi, mən yaxında bir status yazmışdım. “Böyük yola xırda hisslərə çıxanlar məğlubiyyətə məhkumdur”. Bunu elə müxalifətə də şamil etmək olar. Müxalifətdə də azadlıq kimi böyük yola xırda hislərlə çıxanlar çoxdur və biz bu xırda hislərin o kəsləri nə hala gətirdiyinin zaman-zaman şahidi olmuşuq.
– Dediniz ki, hakimiyyəti tənqid edə bilməyənlər xalqdan yapışıb. Doğrudanmı xaqın heç günahı yoxdur və onu tənqid edənlər düz etmir?
– Yox, düz edir, bu sözsüzdür. Amma o tənqidi haqq edən xalqı tənqid edəndə ən azından onun müasir formalaşmasının memarı olan iqtidarı da eyni şəkildə tənqid etmək lazımdır. Mən də deyirəm ki, Azərbaycan xalqı tarixən əzilən və özünü əzdirən, düşüncə ürətməyən, özünü formalaşdıra bilməyən bir xalqdır. Bu gün yaşananlar da təsadüfi deyil. Biz hər dəfə bu xalqın indiki halına haqq qazandıranda deyirik, xalq doymalıdır, yenidən qəzəbi daşmalıdır. Bəhanələrlə yararsızlığımıza haqq qazandırmağa çalışmayaq, alınmır, ən azından Ukrayna xalqının son dönəmdə iki dəfə etdiyi inqilab bu bəhanəni darmadağın etdi. Ukrayna xalqı gələcəyini əngəlləyəcək tıcaxı yolundan qaldırmaq üçün nə dolmasını, nə də zamanın yetiməsini gözləmədi. Amma Azərbaycan xalqı bunu edə bilmir, çünki acizliyi və belə şəkildə yaşamağı seçib. Çünki özünə hər şeyi rəva görür. Bu gün Azərbaycan Rusiya ilə yaxınlaşır, bu Azərbaycanın gələcəyini yeni bir zülmətə sürükləməkdir. Kimdən səs çıxır? Kimsədən. Çünki bu xalq öz gələcəyini düşünmür, onun üçün ancaq bu gün aldığı maşın, yaşadığı villa, işlətdiyi bahalı telefon mövcuddur.
– Belə olmağımızın təqsiri ancaq bizdədirmi?
– Yenə tarixi şərait, kimlərinsə pisliyi.. Baxın, bir fərdin bədbəxtliyini götürək. Tutaq ki, biri özünü rəzil edir, ən adi şeyləri, əxlaqsızlığı, yalanı özünə rəva görür. Sonra da hər şey ortaya çıxanda bir günah keçisi tapıb hər şeyi ona yükləyir. Bu bəhanə ilə özünü təmizləyirmi? Yox, mümkün deyil. Çünki ləyaqətli insan özün yalana möhtac buraxmaz. İnsanın qarsışına hər çür hadisə və insan çıxa bilər, əsas odur ki, insan özünü qoruya, baş verənlərdən ləyaqətlə çıxa bilsin. Xalqlarla da belədir. Xalqın da başına min oyun gələ bilər, amma ona qarşı dirəniş etmək ən azından heysiyyatını qorumaq çabalarıdır. Bu tarixin heç bir dönəmindən mütləq şəkildə və davamlı olaraq mübarizə aparmamışıq, tarix və qonşuların qarşımıza çıxardığı hadisələrə lazımınca təpki göstərməmişik. İnanın ki, cümhuriyyət dönəmində belə kənddəki Əli, Vəli üçün heç fərqi yox idi ki, Bakıda onu Milli hökumət idarə edir, yoxsa pristav…
– Zümrüd xanım, xalqı bu qədər ittiham etmək olmaz axı…
– Həqiqət hər zaman sərt olur. Mən yalan olanı həqiqət kimi sırımağa çalışmıram. Bizim həqitətimiz olmayıb deyirəm. Şərq toplumlarında indinin özündə belə yalnış olsa da öz həqiqəti üçün savaşan insanları görəndə istər-istəməz düşünürsən ki, yaxşı bəs bizim həqiqətimiz nədir? Heç olmasa yalnış olsun, cahillik, nadanlıq olsun, amma heç olmasa uğrunda vuruşub ölə biləcəyimiz bir həqiqətəmiz olsun. Kimsə düşünməsin ki, mən cahil bir Orta Doğulu insanının etdiyi kimi, kiminsə özünə bomba bağlayıb partlatmasını istəyirəm. Yox, sadəcə, demək istəyirəm ki, insanlar yalnış olan bir həqiqət üçün ölməyi belə gözə alır. Amma bizim hər zaman özündən razı, dünyanın üstündə bərqarar olduğunu zənn edən insanımız nədəndirsə başının sağ qalması üçün nə lazımdırsa qurban verir. Amma iş ondadır ki, o sağ saxlamaq istədiyi başı heç də bir terrorçunun başında sağlam və ya kamil deyil.
– Deməli baş verənləri təsadüfi və təkçə bu günün hadisəsi kimi dəyərləndirmirsiniz?
– Yox, bu indinin problemi deyil. Necə ola bilər axı… Baxın, məmurların, iqtidar nümayəndələrinin kimliyini bildik və lənətlədik. Yaxşı bəs o məmurların yerində ola bilmədiyinə görə, onun kimi talayıb sərvət toplaya bilmədiyinə görə bəxtinə lənət yağdıran insanımızın əhvali-ruhiyyəsini, zehniyyətini hara, kimin ayağına yazaq?! Əxlaqdan danışıb amma hamının bildiyi aşağılıqları edən bir “sənətçinin” yerinə olan bilmədiyinə gərə bəxtinə qaralar bağlayan “xanım-xanımcıq” qadınlarımızın “bədbəxtliyini” hara yazaq?!Əlindəki içki qədəhini yuxarı qaldırıb Qurandakı ayələrdən misal çəkib haramdan, günahdan danışan kişilərimizin iman və əxlaq anlayışını hara qoyaq?!
– Gəlin ədəbiyyata qayıdaq… Azərbaycanda yazar olmağın çətinliyindən hamı şikayətlənir, amma əli qələm tutan da yazır.
– Bizim iddialarımızla imkanlarımız eyni deyil.Ədəbiyyat da ona görə belə iddialarla dolub daşır. Söz dəyərdən düşüb, məsələn, bir yazar olmaq istəyən biri qaxıb deyir ki, sözü istədiyim kimi işlədərəm, xərcləyərəm, o müqəddsə filan deyil. Amma söz bizim şəxsi mülkiyyətimiz deyil, o bir dəyərdir. Onu dəyərdən salanda özün də dəyərdən düşürsən. Biz sözü dəyərdən salmışıq. Amma fərqində deyilik ki, elə özümüzü də onunla birlikdə ucuzlaşdırmışıq. İnsana nə ilə qiymət veririk. Sözü və əməli ilə… Ədəbiyyatda da sözə münasibət və öz sözü yerində işlətmək var. Buna əməl etməyəndə böyük ədəbiyyat yaranmır, yaransa da yerini ala bilmir. Söz deyən adamın özü mötəbər olmayanda o uzaqdan xırda görünür. Ədəbiyyatımız bizə ona görə belə balaca görünür ki, o sözü deyənlər böyük deyil. Əyilənin, əl öpənin sözü mötəbər ola bilməz.
– Sözə münasibətdən söz düşmüşkən. Bir vaxtlar Düma deyirdi ki, azərbaycanlıların sözü elə rəsmi sənəd kimidir. Yaxşı buna nə oldu, niyə sözümüz bu hala gəldi?
– Yalan bizim sözümüzdən güclü çıxdı. İndi baxın, özlərini dost, yaxın sayanların hamısı bir-birinə yalan danışır. Kimsə də bir-birini buna görə qınamır. Tək yalan deyil, əxlaqi dəyərlərimiz də bu vəziyyətdədir. Bizim kodumuz pozulub. Buna görə də istənilən oğru əli kodu olmayan seyfə girib istədiyini istədiyi kimi dəyişə, formatlaşdıra bilir. Baxın, əvvələr kişilər danışırdı, indi artıq qadınlarımızda bir-birinin yanında etdiyi əxlaqsızlıqdan rahatlıqla danışır. Kimsə də onu buna görə düz yola dəvət etmək istəmir. Hansı kişi başqa bir kişi tərəfindən etdiyi əxlaqsızlığa görə qınanıb gözdən düşür?! Əksinə, bu məharət sayılır. Nəhayət, kişilər öz əxlaqlarına uyğun qadın tipləri formalaşdırmağa nail oldular, bu gün qadınlar da əxlaq yükünü daşımaq istəmir. Nəticədə də ictimai qınağın olmadığı biganə bir toplumla üz-üzəyik. Bir sözlə, yalan bu ölkədə iqtidardadır. Ona görə də kimsə yalan danışmaqdan utanmır. Danışana deyirlər ki, yazıq nə etsin balalarını saxlamalıdır. Əxlaqsızlıq edəndə deyirlər o kişidir, belə də olmalıdır. Qadına da deyirlər ki, düz edir, o da yaşamalıdır. Haqsızlığa susur, deyirlər ki, ağıllı adamdır, ağrımaz başını bəlaya salmır. Oğurluq edir, deyirlər ki, nə edə bilər, zəmanə belə tələb edir. Yaxşı, bəs bu zəmanənin, əxlaqsızlığın, yaxşı geyinmək hərisliyinin, iddiaların qarşısında bizim iradəmiz, heysiyyatımız hardadır, niyə o dövriyyəyə girmir?! Çünki sağlam və dürüst yaşamaq çox çətindir və buna da az adamın iradəsi və gücü yetir. Kimsə bu ağırlığın altına girmək istəmir.
– Sizcə mövzu olaraq indi Azərbaycanda kimin obrazını yaratmaq daha çətindir?
– Dürüst insanın obrazını yaratmaq daha çətindir. Ləyaqətsiz bir kişinin obrazını yaradıb bir az zəmanə, bir az ailəsinin durumunu verəcəksən, iş bitmiş olacaq. Bir əxlaqsız qadından yazacaqsan, aclığını, atasının pisliyini, ona sahiblənməməsini, nə bilim, uşağının aclığını, ərinin əyyaşlığını yazıb ona bəraət verəcəksən, olub bitəcək. Amma dürüst insanın doğrularını və həqiqətlərini yazmaq çox çətindir. Belə bir obraz hər bu ölkə üçün bir az yad görünür, həm də onun belə bir mühitdə özünü qoruyub saxlaya bilməsinin şərtlərini təmin etmək yazar üçün hardasa cəhənnəm əzabıdır. Elə etməlisən ki, fantastika alınmasın, bu ölkədəki oxucu oxuyub deməsin ki, indi belə bir adam var?! Bilirsiniz, hərdən xarici bir müəllifin əsərində mütərəqqi din adamının obrazını oxuyub düşünürəm ki, qəribədir, Azərbaycan ədəbiyyatında da belə bir mütərəqqi dindar, filosof adamın obrazını yaratsan fantastika kimi görünməz ki, bizə?! Görünər, çünki cəmiyyət bizə bu potensiyalı vermir, o imkanı yaratmır. Biz nifrətlə yüklü toplumuq və pozitiv olmaq üçün səbəblər azdır.