Mirmehdi Ağaoğlu: «Bizdə yazı əhli dolanmaq üçün ikinci bir işlə məşğul olmağa məcburdur»
Bugünlərdə dünyada kitablarının satışından ən çox gəlir götürən yazarların siyahısı açıqlandı və biz də “Azadlıq”ın ötən saylarından birində onu təqdim etmişdik. Bir daha xatırladaq ki, əsərlərindən ən çox gəlir götürən yazar daha çox macəra romanlarının müəllifi kimi tanınan ABŞ yazıçısı Ceyms Petersondur. O, bu il 90 milyon dollar qazanıb.
Maraqlıdır, bəs Azərbaycanda vəziyyət necədir? Əsərləri yazarlara nə qədər qazandırır?
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu deyir ki, Azərbaycanda hələlik yazarların öz kitablarının satışından böyük gəlir götürməsi mümkün deyil: “Təəssüf edirəm ki, bizim yazarlar bu vaxta qədər kitabdan qazanmayıblar. Lakin bazar genişlənsə, yerli yazarlara diqqət artsa, ola bilsin, onlar da qazanmağa başlaya bilərlər”.
Gənc yazıçı Mirmehdi Ağaoğlunun iki kitabı nəşr olunsa da, qazancı olmayıb: “Bu vaxta qədər iki kitabım çıxıb. Heç birindən qazancım olmayıb. Qazanc güdmək bir yana, onları çap etdirməyin sevinci belə, mənim üçün bəs idi. Çünki özümün maddi durumum yaxşı deyildi deyə, çap etdirə bilmirdim. Indi üçüncü kitabım çapa hazırlanır. Yalnız ondan qonorar almışam. O da təbii ki, dolanmaq üçün kifayət etmir. O hesabla, gərək mən aya heç olmasa, üç kitab nəşr etdirim”.
Mirmehdi Ağaoğlu deyir ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da kitabla dolanmaq çətin məsələdi: “Yalnız ən məşhur yazarları çıxmaqla, qalan bütün ortabab yazı əhli dolanmaq üçün ikinci bir işlə məşğul olmağa məcburdur”.
Bunun səbəblərindən birinin ölkədə kitab oxuyanların sayının son dərəcə az olmasıyla əlaqələndirən yazıçının sözlərinə görə, normalda cəmiyyətin oxucu seqmentinin əksəriyyətini universitet tələbələri təşkil edir: “Gəlin baxaq görək, bizim tələbələr oxuyurlarmı? Yox. Heç öz dərslərini oxumurlar, o ki qaldı bədii əsər olsun. Belə bir şəraitdə bizim yazmağımız, kitab çap etdirməyimiz, deyərdim ki, qəhrəmanlıqdı, ya da Sizif əməyi”.