Aktyor Ibrahim Salamov özünü teatrın damından yerə atmağa cəhd edib
Bu addıma onu Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və teatr rəhbərliyinin vadar etdiyini bildirib
Iyunun 27-də saat 16 radələrində M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının aktyoru Ibrahim Salamov özünü teatr binasının damından yerə atmaqla intihara cəhd edib. Bundan duyuq düşən teatrın işçiləri dərhal polisə xəbər veriblər. Yeri gəlmişkən, I.Salamov intihar anonsunu öncədən özünün facebook səhifəsində verib.
Hadisə yerinə gələn Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları müəyyən söhbətlərdən sonra onu bu addımdan çəkindirməyə müvəffəq olublar. Qeyd edək ki, teatrın aparıcı aktyorlarından olan I.Salamovun sözlərinə görə, bu addımı atmağa Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin və teatra bir neçə ay bundan öncə direktor təyin olunmuş Səxavət Məmmədovun ona və bir qrup aktyora qarşı qərəzli və dözülməz münasibəti, onlara qarşı açıq-aşkar çirkin kampaniya aparmaları səbəb olub. Addımbaşı təhdid və təzyiqlərlə üzləşdiyini iddia edən I.Salamovun sözlərinə görə, artıq xəstəliyə tutulub. Lakin teatr rəhbərliyinin göstərişiylə şəhər mərkəzi xəstəxanasında o başda olmaqla adı teatr rəhbərliyinin “qara siyahısı”na düşmüş bir neçə aktyora bülleten açılmasından imtina olunub.
Xatırladaq ki, hələ ötən il teatrın bir neçə aktyoru, o cümlədən Əsmər Qurbanova, Asim Muxtarov, Rizvan Əzimzadə və başqalarıyla sabiq direktor Həsən Həsənov arasındakı çəkişmə sonradan məhkəmə müstəvisinədək gedib çıxmışdı. Sabiq direktor adları çəkilən aktyorlardan bir neçəsini qanunazidd olaraq teatrdan uzaqlaşdırsa da, sonda məhkəmənin hökmüylə onlar işlərinə bərpa olunmuşdular.
Təəssüf ki, hadisə baş verən an iş yerində olmadığı üçün məsələyə Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədovun mövqeyini öyrənə bilmədik.
Azər