Səfalı təbiət möcüzəsinin tarixi
Azərbaycanın səfalı guşələri barədə söz düşəndə xatırlanan məskənlərdən biri də Qax rayonunun Ilisu kəndidir. Hazırda gözəl istirahət zonasına çevrilən bu kənddə insanlar XIII əsrdən məskunlaşmışlar. Kənddə ilk məskunlaşanlar Ilisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş, indi isə Kəndtala adlandırılan ərazidə yaşayan insanlar olmuşlar. Həmin ərazidəki qədim məzarların üzərindəki kufi xətti ilə yazılan epiqrafik nümunələr bunu bir daha sübut edir. XIII əsrdən başlayaraq Qax ərazisindən köçən insanlar Ilisunun kifayət qədər genişlənməsində rol oynamışlar. Azərbaycanın qədim yaşayış məskənlərindən olan bu kənd bir zamanlar Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların və yerli azərbaycanlıların Ilisu adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1562-ci ildə Səfəvi hökmdarı I Təhmasibin (1524-1576) fərmanı ilə Ilisu sultanı hüququ alan Saxur bəyləri XVII əsrdən sultanlığın mərkəzini Ilisuya köçürmüşdülər. Yaşayış məntəqəsi buradakı Ilisu bulaqlarının adı ilə adlandırılmışdır.
Ilisu kəndi keçmişdə Car-Balakən mahalının vassallığına aid olan Ilisu sultanlığının mərkəzi hesab edilirdi. Sultanlığın ilkin mərkəzi Qax şəhəri olsa da, sultanlığın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olaraq hakim öz iqamətgahını Ilisu kəndinə köçürmüşdür. Əhalinin əsas hissəsi sənətkarlar olublar. Hər nəsil müxtəlif peşələrlə məşğul olurdular. Bu peşələr nəsildən-nəsilə ötürülərək qorunub saxlanılırdı.
Keçmişdə Baş Qafqaz dağ silsiləsində Dağıstana gedən karvan yolları məhz buradan keçirdi. Ilisu turistlərin ən sevimli istirahət yerlərindən biridir.
Kənd 8 məhəllədən və əhalinin etnik-sosial tərkibi baxımından 95 nəsildən ibarətdir. Kəndin Səngər, Bucaq, Dabaq, Qala, Tovla-tala, Bacar, Bəytabun, Qaradolaq (vaxtilə mövcud olmuş 2 məhəllə Sarılar obası və Cuhud oba məhəllələri indi digər məhəllələrlə birləşmişdir) adından göründüyü kimi tarixi bir zərurətlə formalaşmışdır. Bu nəsillərin 15-ə yaxını Dağıstan xalqlarından olan saxur və avarlarla bağlıdır. Yalnız 2 nəsil Qorqu(Georgi) uşağı və Zrablar (Zurab) ingiloy əsillidir. Digər nəsillərin soykökləri türk mənşəlidir.
Yurdum, yuvam, məskənimsən…
Ilisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1200 m yüksəklikdə, dağlıq və sıx meşəliklərlə əhatə olunmuş mənzərəli bir yerdə yerləşir. Elə burada da iki dağ çayı – Kürmükçay və Ağçay çayları birləşir. Ilisunu əhatə edən dağlıq meşələr, alp çəmənlikləri Ilisu dövlət təbiət qoruğuna daxildir. Kənd yaxınlığında zəngin müalicə əhəmiyyətli təbii mineral sular mövcuddur.
Kəndin mərkəzi “Beşbulaq” adlanan yerdən ibarətdir. Kənd yaxınlığında Füzuli bağı və şəlalə var. Qax turizmin inkişafı üçün geniş imkanları olan flora və faunası ilə yanaşı qədim yaşayış məskənlərindən olub, tarixi abidələri ilə mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, turistlərin əsas maraq obyekti olduğu ölkənin tarixi, məişəti, adət-ənənələri, gəzməli və görməli yerləridir. Abidələr bu sırada önəmli yerlərdə durur. Burada 68 tarix və mədəniyyət abidəsi qeydiyyata alınmışdır. Bunlardan 2-si dünya əhəmiyyətli, 48 isə yerli əhəmiyyətlidir. Ərazidə əfsanəvi Sumuq qala yerləşir. Məhz bu qalada “Qorxma – mən səninləyəm” filminin bir çox fraqmentləri çəkilib. Ilisu kəndində həmçinin XVI-XVII əsrlərə aid qala bürcləri, Ulu körpü, XVIII əsrə aid məscid və onun yaxınlığında qədim müsəlman qəbiristanlığı mövcuddur. Dağın başında Qalaça (Şamilqala) adı ilə məşhur olan qala var.
Belə abidələrdən biri, Cinli qala Ilisu kəndinə gedən şose yolun sağ tərəfində, Kürmükçayın sol sahilində, qayanın üstündə yerləşir. Ilisu kəndindən 5 kilometr aralıdakı qalanın yerləşdiyi dağın yaxınlığındakı dərəni yerli əhali Qala dərəsi adlandırmışdır. Qalanın inşa tarixi VII-IX əsrlərə aid edilir. Qaya çıxıntısı üzərində inşa olunmuş qala bütövlüyünü qoruyub saxlamışdır. Bu istehkam tipli tikili qala bürcləri və divarlardan ibarətdir.
Sumuq qala Ilisu kəndi ərazisindəki tarixi-memarlıq abidələrindən biri olub inşa tarixi 17-18-ci əsrlərə aid edilən müdafiə qülləsidir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunmuşdur. Qüllə dördkünc formalı olub, yuxarı qalxdıqca ensizləşir. Qüllə 4 mərtəbədən ibarətdir.
Buradakı qədim tarixi-memarlıq abidələrindən biri də Ulu körpüdür. Körpü Ilisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınmışdır. Yerli əhalinin körpünü Ulu adlandırması onun bu tipdə inşa edilən körpülərin ən böyüyü olmasından xəbər verir. Ulu körpünü təxminən XVII-XVIII əsrlərə aid etmək olar. Körpü Kürmük çayının axarının daraldığı yerdə, qaya çıxıntıları üzərində, çay daşından, əhəng məhlulundan və əsasən də bişmiş kərpicdən tikilmişdir. Körpünün tikintisində bütün kənd əhli iştirak etmişdir. Ulu körpünün tikintisində inşaat materialları ilə yanaşı duru məhlul kimi yumurta sarısından da istifadə edilmişdir. Adları hələlik naməlum qalan mahir Ilisu ustalarının inşa etdikləri körpüdən indi də istifadə olunur.
Ərazidəki unikal abidələr
Inşa tarixi XIX əsrin ortalarına aid edilən Qalaça (Şamil qalası) Ilisu kəndini əhatə edən dağlardan birinin, Yezlidağın üstündə tikilib. Dairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Qalaçada Ilisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça yerli əhali arasında həm də Şamil qalası kimi də tanınır və maraqlı tarixi-memarlıq abidəsi kimi qorunur.
Qax rayonunun unikal abidələri sırasında Qum məbədi də var. Bu abidə kiçik dağ çayının sahilində yerləşir. Məbəd 3 tərəfdən eyvanla əhatələnib, içərisində 3 zal var. Məbədin 3 qapısı olmuşdur. Qapı üstləri yarımqövs şəkilli tağlarla bəzədilmişdir. Qum məbədinin tikintisində əsasən yonulmuş çay daşından istifadə olunmuşdur. Son illər konservasiya edilmiş məbəd Alban abidələrinə aid edilir.
Ərazidəki Güllük məscidi və Axund Baba məqbərəsi də bölgənin gözəl abidələrindəndir. Güllük məscidinin üzərində kitabə olmasa da, bu binanın ötən əsrin əvvəllərində ilisulu usta Məhəmməd Eldaroğlu tərəfindən tikilməsi bəllidir. Binanın divarlarında üzərində 1728-ci ilə aid olan üstü yazılı daş da hörülmüşdür. Görünür, məscid nə vaxtsa tikilmiş məscidin yerində inşa edilib. Məscidin arxa tərəfində yerli əhalinin Axund Baba Piri kimi tanıdığı üstüaçıq məqbərə yerləşir. Yeli əhalinin Axund Baba kimi yad etdiyi məzar din xadimi və alim Abbas Əfəndinindir. Məzarın ərəb dilində yazılmış başdaşında Abbas Əfəndinin 1705-ci ildə vəfat etdyi göstərilmişdir. Məscid və məqbərədən təxminən yüz metr aralı qədim bir tikilinin qalıqları var. Abbas Əfəndinin vaxtilə bu evdə yaşadığı güman edilir.
Hacı Tapdıq və Şeyx Yunis Əmrə məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Haqqında söhbət açdığımız iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn Imam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir