Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Bu, bizim başqa korpusdan idxal edilmiş “koptorq”çumuz idi. Pisdi, yaxşıdı – bu idi və biz onu qəbul etməli idik. Zatən, qəbul etmişdik də! Uşaqlar qısa müddətdə bu idxal materialı ilə razılaşdılar, onunla münasibətlər axarına düşdü. Amma bu münasibətlərin axarla davam etməsinə Ilhamizin özü imkan vermədi. O, daha artıq istədi…
Axşam saat 9 olardı. Dustaqların çoxu şam yeməyini istemal etməklə məşğul idi. Hərə bir tərəfə çəkilib iki-bir, üç-bir və ya daha böyük qruplarla yemək yeyirdi. Bütün gün ərzində və hələ də hava isti olduğundan, yemək salonu kimi nəzərdə tutulan yerdə şam etmək sərfəli deyildi. Kim haranı sərin hesab edirdisə, orada da otururdu. Korpusda yerləşdiyimiz ay yarım-iki ay ərzində həyətdə çoxlu stollar düzəltdirmişdik. Divar boyu, səliqə ilə düzəldilən bu dəmir stollar, əlbəttə, yerə bərkidilmiş və təbii ki, yaşıl rənglənmişdi (Həyətdə bitki örtüyü olmadığından bu dəmir-dümür qurğuları yaşıl rəngləmək daha məqsədəuyğun idi). Mən də öz “xlebnik”lərimlə birgə həyətdəki stolların birinin ətrafında əyləşib paxla qovurması yeyirdim. Stolun üstündə, hətta kəsilib-doğranmış qarpız da vardı: paxlanı yeyib qurtarandan sonra onun kələyini kəsəcəkdik. Amma elə indi də, yemək yeyə-yeyə arabir qarpızın balaca dilimlərindən birini içəri ötürürdük. Paxla qovurması yeyəndə, onu qarpızla ötürməyə siz də cəhd edin, çox ləzzətli alınır…
Şeytan nə təhər hərləyib-fırladısa, əlində bir kauçuk stəkan tutmuş Ilhamiz yemək yediyim stolun iki addımlığında dayandı. Amma üzü biz tərəfə deyildi, onu kimsə çağırırdı və buna görə də 45-50 dərəcə başqa səmtə baxırdı. Onu şəmkirli Natiq çağırırmış. Natiq ona yaxınlaşdı və “koptorq”dakı çantası ilə bağlı nəsə soruşdu. Deyəsən, maraqlanırdı ki, onun çantasının yanındakı yeni qoyulan çanta kimindir. Natiq imkanlı dustaqlardan sayıldığı üçün onun çantasının məhz, hansı rəfdə olduğunu Ilhamiz bilirdi. Bu “çanta” mövzusunda zarafatyana söhbət (söhbət, həqiqətən, çox xoş ovqatda gedirdi və heç bir aqressiya çaları hiss olunmurdu), Ilhamizin zarafatı Ələt yolunda eləyirmiş kimi başa düşməsi üzündən tədricən aqressivləşdi. Ilhamiz bu zarafatyana söhbətin axarı boyu öz “mast”ını unutmamalı və əndazəsini bilməliydi. Söhbət necə fırlandısa, Natiq Ilhamizə “kazyol…” – dedi. Ilhamiz əlbəttə, “mast” etibarilə “kazyol” idi və burada təhqiramiz heç nə yox idi. Əgər “kazyol” ranqının məziyyətlərinə uyğun olaraq özünə yaşayış qurub maddi nemətlər əldə edirsənsə, o zaman bu müraciəti də həzm eləmək lazım gəlir. Amma Ilhamiz korpus uşaqlarının qırımını düzgün qiymətləndirməmişdi və burada olduğu bir neçə həftədə özünü çox dəyərli və əhəmiyyətli adam saymışdı. Bu əhaval-ruhiyyə ilə də Natiqə “kazyol özünsən” cavabını qaytardı və bu “özünsən” sözünün sonuncu hecası Natiqin silləsinin şappıltısı ilə eşidilməz oldu… “Xlebnik”lərim də ayağa qalxdı. Başqa stollardan da hamı durdu, həyətdə “tasovka”layanlar da tökülüşdü. Mən oturduğum yerdə qaldım və təmkinlə izdihamdan xahiş etdim ki, onu (Ilhamizi) bir qədər o tərəfə sürüsünlər, çünki burada yemək yeyirəm. Taleh onun şalvarının kəmərindən yapışıb həyətin o biri küncünə, təqribən 10 metr aralı apardı və orada yerə buraxdı.
Düşünürəm ki, 10-15 dəqiqə ərzində Ilhamizin fizionomiyasına 200-ə qədər təpik dəydi. Bu çaxnaşma yeməyi bir qədər tez bitirməyimi təhrik etdi. Qarpızın cəmi bir dilimini yeyib ayağa qalxdım və izdihama yaxınlaşdım. Orada sanki hamı növbədənkənar qaydada irəli dürtülüb Ilhamizin tünd qəhvəyi köynəyinə tərəf daha bir təpik atmağa can atırdı. Səsimin tonunu qaldırıb izdihamın mərkəzində olan Talehi səslədim:
– Olmaz belə! Birincisi, burada bir sahman yaratmalı idiniz. Ikincisi, bu adamın boyu 1 metr 60 santimetrdən artıq deyil və bu boyda bədənin qəbul edə biləcəyi təpik normativləri var. Bundan artığına yol vermək olmaz.
Hamı duruxdu. Düşünürəm ki, heç kim mənimlə mübahisə etmək fikrinə düşməzdi. Çünki düz deyirdim. Izdiham Ilhamizin yerdə qıvrılan cəmdəyindən aralanmağa başlayan anda həyət qapısı taqqıltı ilə açıldı, içəri bir dəstə “ment” axışdı. Beş-altı serjant, üç-dörd leytenant, bir-iki mayor… Ümumi həyətin baş tərəfində olan mərkəzi nəzarət məntəqəsinə nəzarət monitorları qoyulmuşdu, görünür, oradan kiminsə diqqətini çəkmişdi ki, 2-ci korpusun həyətində izdiham yırğalanır. Amma biçarə Ilhamizin bəxtindən orada adam olmayıb və bu mənzərə gec nəzərə çarpıb. Əslində, o monitorların qarşısında həmişə adam olmalıdır.
“Ment” dəstəsi Ilhamizi və ələ keçən bir neçə başqa dustağı götürüb apardı. Sonra bir-bir, iki-bir başqa adamların adları səsləndi: “Idarəyə!”
Ilk növbədə Idarə ilə səmimi əməkdaşlıq etməkdə şübhəli bilinməyən adamların, daha sonra isə insidentin fəallarının adları çəkilməyə başladı. Taleh mənə yaxınlaşdı:
– Bu, kütləvi döymədir. Uşaqları incidəcəklər. Neyləyək?
– Heç nə. Ilhamizi təpikləmək üçün növbəyə duranların yarısını səfərbər eləyə bilsən, bəsdir.
Amma bir neçə dəqiqə sonra Talehin özünü də çağırıb apardılar. Artıq saat 10 idi və korpusun divarına bərkidilmiş elektrik zınqrovu “Yat!” əmrini zingildəyirdi. Amma kimsə bu zınqrova əhəmiyyət vermədi. Hamı həyətə tökülüşmüşdü. Hətta yenidən “koptorq”a qayıtmaq ehtimalını gün kimi aydın təsəvvür edən Kəmaləddin də irəli atılıb, “özünü tanıyan yatmağa getməsin!” – deyə bağırmışdı. Bu, bütün hadisə boyu ən çox güldüyüm epizod idi. Deməli, iş qiyama doğru gedəndə, hətta bütün kəmfürsətlər də öz qisaslarını almaq barədə ayıq düşünürlərmiş. Korpus yatmaqdan imtina edirdi. Serjantlar bir neçə dəfə gəlib-getdilər, bağırdılar, xeyri olmadı. Hamı daş kimi səssiz durmuşdu.
“Sıraya!” əmri verildi. Hamı sıraya düzüldü. Rəis müavini Samir müəllim gəldi. Bu vaxt onun burada olması gözlənilmirdi, görünür, növbə rəisi olaraq qalmışdı. Samir müəllim həyəcanlı idi. Aşkar görünürdü ki, narahatdır: zarafat deyil, korpusda qiyam ovqatına bənzər ovqat vardı! Amma həyəcanını boğub sıranın qabağında hədələyici, balaca bir çıxış etdi. “Asarıq, kəsərik, məhv edərik…” kimi normal bir çıxış idi.
Mən söz istədim. Arxadan kimsə də söz demək üçün mıqqıldandı, amma onu tezcənə susdurdular: “Sus! Hacı nə demək lazım olduğunu özü bilir!”
Samir müəllimə izah etməyə çalışdım ki, bu qədər də aşağılayıcı münasibət olmaz. Hamı bilir ki, bu “sanitar”lar (üzdəniraqlar), “kazyol”lar, Idarəyə işləməyə istiqamətləndirilmiş başqaları kimdir, onların hansı missiyaları var. Amma belələrinə bu qədər imtiyazlar vermək yaramaz. Onlar özlərini Idarə əməkdaşlarından daha səlahiyyətli hesab edirlər və bu, dustaqların haqlı narazılığını yaradır: “Bir müddət sonra onlar sizin özünüzü də rəisə satmaqla daha yüksək imtiyazlar qazanmaq iddiasına düşəcəklər…”
Qəsdən, kifayət qədər mürəkkəb danışdım, həm də çalışdım ki, situasiyanın həddən artıq dramatik olduğunu təsvir edim. Samir müəllim yumşaldı: “Sizə söz verirəm ki, heç kim ədalətsiz şəkildə cəzalandırılmayacaq. Gedin yatmağa…”
Dustaqlar korpusa keçdi. Mən qapının ağzında gözlədim və içəri keçmədim. Amma Samir müəllim həqiqətən dediyini elədi. 10 dəqiqə sonra Idarəyə aparılan dustaqların hamısı qaytarıldı. Ilhamizdən başqa. Gələnlər danışdılar ki, Ilhamizi orada “çiləyiblər” – korpusda narahatlıq yaratdığı üçün.
Bu qalmaqal 2-ci korpusun daxili atmosferini pozitiv şəkildə möhkəmləndirdi, sementləşdirdi. Etiraf edirəm ki, bu hadisədən sonra mənim reytinqim də bir balaca qalxdı və orada olduğum müddətin axırına qədər bu reytinq üzüyuxarı şkalalara doğru hərəkət etdi.
Əlavə edim ki, burada mərkəzi fiqur olmaq kimi bir istəyin sahibi deyildim, amma neyləyim, problemi olan adamların yanında susmamaq və onlara yardım etmək adi qəzetçilik işidir…
Kəmaləddini isə “koptorq”a qaytardılar. “Qiyam” onu qabağa saldı – amma müvəqqəti olaraq. Bir müddət orada sülənəndən sonra Əli onu yenidən uzaqlaşdırdı və ora özünün seçdiyi başqa birisinin təyin edilməsinə nail oldu. Bu, ağdamlı dustaq Nahid idi…
ardı var