Eks-spikerin arxasınca göndərilən rəsmilər ona nə deyiblər?
Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyev «Bizim Yol» qəzetinə müsahibəsində maraqlı məqamlara toxunub. 2005-ci il parlament seçkisi ərəfəsində ölkəyə qayıtmaq istəyərkən Simferopol şəhərində üç gün saxlanılmasına aydınlıq gətirən R.Quliyev vurğulayıb ki, həmin üç günlük həbs zamanı Azərbaycan hakimiyyətinin nümayəndələri onu ölkəyə qaytarmaq niyyətində olmadıqlarını nümayiş etdiriblər: «Vəkilim Osman Kazımov Bakıdan gələn Respublika Prokurorluğunun rəsmilərinə dedi ki, buyurun, bu da Rəsul Quliyev, aparın da, arxasınca gəlməməsiniz?! Onlar and-aman edirdilər ki, yox, elə şey ola bilməz, bizə deyiblər, gedin nə edirsiniz edin, Rəsul Quliyev 40 gün orada qalsın». Həmin vaxt Semferopolda olan dövlət rəsmilərinin adlarını xatırlamayan R.Quliyev bildirib ki, Ukraynaya təşrif buyuran şəxslər Ruspublika Prokurorluğunun müavinlik səviyyəsində rəsmiləri olub. R.Quliyevin iddiasına görə, Azərbaycandan gedən şəxslər onun Simferopolda 40 gün saxlanması üçün 4-5 milyon dollar rüşvət də veriblər, amma səyləri nəticəsiz qalıb.
Vəkil Osman Kazımov qəzetimizə açıqlamasında bildirdi ki, həqiqətən də Rəsul Quliyev Simferopolda saxlanılarkən Azərbaycandan gələn dövlət nümayəndələrinə onu ölkəyə aparmağı təklif ediblər. Amma təklif qəbul edilməyib: «Bizə bildirdilər ki, Rəsul Quliyevin məhkəməsində iştiraka gələn şəxslər onu ölkəyə aparmaqla bağlı səlahiyyətlənməyiblər».
Azərbaycandan gedən nümayəndə heyətinin tərkibinə gəlincə, Osman Kazımov yalnız hazırda DİN-in Baş İstintaq İdarəsinin rəis müavini postunu tutan Habil Əlişanovun adını xatırladı. O zaman Alişanov DİN-də şöbə rəisi vəzifəsini icra edirmiş.
Xəyal