Əli Kərimli: "Avropa Birliyi Azərbaycanı yanacaqdoldurma stansiyası kimi yox, tərəfdaş kimi görmək istəyir"
Avropa Parlamentinin son qətnaməsi İctimai Palatada müzakirə olundu
"Avropaya maddi-mənəvi hər şeyi təklif etməyə hazırdılar, təki, hakimiyyətlərini təhdid edən tələb qoyulmasın"
İctimai Palata Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsini iyunun 5-də Müsavat Partiyasının qərargahında keçirdiyi tədbirdə ictimai müzakirəyə çıxardı. Tədbirdə İP-in Koordinasiya Şurasının üzvləri, QHT rəhbərləri, politoloqlar və media nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Koordinasiya Şurasının üzvü Rahim Hacıyev bildirdi ki, əgər Avropa Birliyi Azərbaycana bu səviyyədə dəstək verirsə, insan haqları və demokratiya kimi mühüm dəyərlərin ölkəmizdə yayılmasında bu qədər maraqlıdırsa, Azərbaycan ictmaiyyətindən bu dəstəyə adekvat cavab olmalıdır. R.Hacıyev bildirdi ki, təşkil edilən ictimai müzakirə də bu istiqamətdə növbəti təşəbbüsdür.
İP-in Koordinasiya Şurasının üzvü Müsavat başqanı İsa Qəmbər qətnaməni Azərbaycan-Avropa münasibətlərində yeni mərhələ adlandırdı: "Bu sənədin önəmi "Eurovision" günlərində qəbul edilməsidir. Sənəddə də qeyd edilir ki, "Eurovision"un Azərbaycanda keçirilməsi ölkəyə demokratiya, insan haqları ilə bağlı seçim şansı yaradıb. Eyni gündə ABŞ Dövlət Departamenti Azərbaycanda insan haqlarının durumu ilə bağlı hesabatını açıqladı, daha bir neçə Avropa strukturu Azərbaycanla bağlı sənədlər qəbul etdi. Aydındır ki, sözügedən qurumların rəhbərləri dünyanın diqqətinin Azərbaycanda olduğu dönəmi təsadüfən seçməyiblər. Azərbaycanın demokratik düşərgəsini narahat edən elə bir məsələ yoxdur ki, müzakirə etdiyimiz sənəddə əksini tapmasın. Mülkiyyət haqlarının pozulması, siyasi məhbuslar məsələsi, jurnalistləri həbsi, onlara qarşı təqiblər bütün dəhşəti ilə bu sənəddə öz yerini alıb. Avropa Birliyi bu məsələləri çox sərt şəkildə qoyaraq hakimiyyətə təkliflərini verib".

Müsavat başqanının sözlərinə görə, qətnamənin özəllliyi həm də ondadır ki, burada indiyə qədər toxunulmayan məsələlərə toxunulub: "Birincisi, dövlət başçısının ailə üzvlərinin biznesi ilə bağlı müəmmalı məsələlərin araşdırıldığı və buna görə jurnalistlərin basqılarla üzləşməsidir. Azərbaycan hakimiyyətini qəzəbləndirən yeniliklərdən biri budur. İkincisi, Avropa Parlamenti Avropa Birliyinin rəhbərlərini, məsul quruluşlarını Azərbaycanda insan haqlarını pozan şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır. Hakimiyyət insan haqları, demokratiyanın durumu ilə bağlı tənqid olunan kimi bu məsələni ermənipərəst qüvvələrin gündəmə gətirməsi haqqında hay-küy yaradır. Bu, tamamilə cəfəngiyyatdır. Təbii, Ermənistanda Avropa strukturlarının Azərbaycanla bağlı belə sərt bəyanatları məmnunluqla qarşılana bilər. Ancaq bu durumu kim yaradıb? Təbii, hakimiyyət".
"Qətnamədə erməni işğalından bəhs edilirsə, qərəzdən söhbət gedə bilməz"

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli Avropa Parlamentinin son qətnaməsinin indiyədək qəbul olunan qətnamələrdən daha uğurlu olduğunu, Azərbaycan reallıqlarınının daha yaxşı əks etdirdiyini dedi. Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycan hökumətinin təmsiçiləri buna görə, Avropa Parlamentinə qarşı kampaniya aparsalar da ortaya arqument qoya bilmirlər: "Bu qətnamə qərəzlidir"dən savayı deməyə sözləri yoxdur. Hesab edirik ki, qətnamə Azərbaycan reallıqlarını olduğu kimi əks etdirir. Bu sənəddə Azərbaycan torpaqlarının ermənilərin işğalı altında saxlanıldığı yazılırsa, burada qərəzdən söhbət gedə bilməz".
AXCP sədrinin müavini Razi Hurullayev Avropa Parlamentinin bu qətnaməsinin Azərbaycan xalqı üçün çox böyük uduş olduğunu dedi: "Avropa sübut etdi ki, Azərbaycan hakimiyyətinin dediyi yalanlara inanmaq fikrində deyil. İndiyə qədər seçkilərdə, müxtəlif tədbirlərdə Azərbaycanda demokratiya ilə bağlı müəyyən addımların atıldığı qeyd olunurdusa, artıq bu eyforiya aradan qalxdı. Hökumətin məharətlə istifadə etdiyi enerji amili də aradan qalxmaqdadır. Avropa və ABŞ sübut etdi ki, enerji məsələsi demokratiyanın başında dura bilməyəcək. İranla bağlı məsələ buna bir sübut idi".
Koordinasiya Şurasının üzvü Mehriban Vəzir hesab edir ki, bu qətnamənin ortaya çıxmasında Azərbaycandakı müqavimət hərəkatının böyük rolu olub: "Çox müraciətlər, çox çabalar, fasiləsiz məktublaşmalar, vəziyyətin izah edilməsi bu qətnamənin qəbul edilməsinə çox ciddi təsir göstərib. Eyni zamanda dünyada gedən şüur dəyişikliyi də bu məsələdə rol oynayıb. Ortada gözəl bir fakt var. Bu faktın dərinləşməsi bizim fəaliyyətimizə, özümüzü ifadəmizə, vəziyyəti çatdırmağımıza, informasiyaları vaxtında və dəqiq verməyimizə bağlıdır. Ona görə bundan sonrakı dövr üçün fəaliyyət proqramı hazırlamalıyıq".
"Çıxış yolu Ankara, Brüssel və Vaşinqtondur"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Avropaya məlum hücum Azərbaycan hökumətinin ölkənin milli maraqlarını düşünmədiyini ortaya qoyur: "Artıq Avropa Birliyi də AŞPA kimi hakimiyyətə başağrısı yaradır. İndi enerjini iki yerə bölməli, Avropa Birliyi ilə də mübarizə aparmalıdılar. Enerjini müxtəlif istiqamətlərə xərcləyirlər və bəzən də özlərini itirib belə sərt açıqlamalar verirlər. Hakimiyyətin əsas tezislərindən biri odur ki, biz qurumlarla və bir çox dövlətlərlə münasibətlərdə əsas kimi onların Qarabağ münaqişəsinin həllinə baxışını götürürük. İki il ərzində iki qətnamə qəbul olunub. 2010-cu ilin mayında Avropa Parlamenti Cənubi Qafqazla bağlı qətnamə qəbul edib. Bu qətnamədə açıq-aşkar deyilir ki, erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. İkinci sənəd bu il aprelin 19-da qəbul olunub. Orada deyilir ki, qoşunlar işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Ermənistana aid bölmədə isə göstərilir ki, üçüncü ölkənin ərazisinin işğalı beynəlxalq hüququnun pozulması Avropa qonşuluq siyasətinin əsas prinsiplərinə ziddir. Daha sonra qeyd edilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərlərinin qanunsuz faəliyyəti Avropa Birliyinin ciddi narahatçılığına səbəb olur. Ermənistana çağırış edilir ki, Dağlıq Qarabağda xidmət etmək üçün ora əsgər göndərməsin. Heç bizim ikiəlli yapışdığımız BMT qətnamələrində belə fikirlər səslənməyib. Azərbaycanın ərazi bütövlüyü məsələsi bu cür qəti şəkildə qoyulmayıb. Avropa Parlamenti Qarabağla bağlı çox ciddi qətnamələr qəbul edərkən hökumətin bu qurumla münasibətləri zəiflətməsi Azərbaycanın təhlükəsizlik maraqlarına xidmət etmir. Məntiqlə biz Avropa Parlamenti, Avropa Birliyi ilə münasibətləri intensivləşdirməliyik ki, bu, Qarabağ məsələsinə də öz müsbət təsirini göstərsin. Amma nələr görürük? Əli Həsənovun məlum açıqlması, ondan əvvəl Novruz Məmmədovun "biz üzümüzü Qərbdən döndərə bilərik" fikri. Hara döndərəcəksiz? İranla savaşırıq, Rusiya ilə də problemlər yaşayırıq. Yeganə alternativ Avropa Birliyi, ABŞ və Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməkdir. Hökumətin addımları göstərir ki, bunlar təhlükəsizlik maraqlarını da nəzərə almırlar. Almaniya Bundestaqının da Qarabağla bağlı bu il qəbul olunmuş çox cəsarətli qətnamələri var. Amma Almaniyaya qarşı hansı kampaniyanın aparıldığını görürük. Avropa Birliyi ilə əməkdaşlıq bizə bir neçə baxımdan vacibdir. Birincisi, Qarabağa görə, ikincisi, Avropa Birliyinə inteqrasiya Azərbaycanda siyasi və iqtisadi islahatları sürətləndirə bilər və ən əsası İranın hədələrindən və Rusiyanın təsirindən qurtulmaq üçün. Çıxış yolu Ankara, Brüssel və Vaşinqtonla münasibətləri, siyasi və hərbi ittifaqı gücləndirməkdir".

Avropa Şurasında Azərbaycanla bağlı dinləmə təşkil olunacaq
İqtisadçı Rövşən Ağayev isə məlumat verdi ki, artıq Avropa Şurasında da Azərbaycanla bağlı yeni sənədin qəbulu gözlənilir: "Bu yaxınlarda AŞPA-nın bir neçə deputatı Azərbaycana səfər etmiş və ölkədə yerli özünüidarəetmənin vəziyyəti ilə bağlı monitorinq aparmışdı. Bizdə məlumat var ki, oktyabr ayında Azərbaycan hökumətinin yerli özünüidarəetmə sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə nə dərəcədə əməl etdiyi ilə bağlı hesabat olacaq. Biz onlara təklif etmişik ki, mümkünsə Strasburqda Azərbaycandakı vəziyyətlə bağlı dinləmə təşkil etsinlər. İlkin olaraq reaksiya müsbətdir. Bu proses başlayıb və Avropa institutlarının Azərbaycanla bağlı mövqeyi davamlı olacaq".
"Demokratiyanı öyrənmə" İctimai Birliyinin sədri Mirəli Hüseynov bu cür tədbirlərin regionlarda keçirilməsinin və baş verənlərin oradakı insanlara da çatdırılmasının vacibliyindən danışdı. Və təklifin gerçəkləşdirilməsi üçün İctimai Palatanın da səy göstərməli olduğunu bildirdi.
Koordinasiya Şurasının liderləri təklifi müsbət dəyərləndirsələr də, bu cür tədbirlərin müxalifətin təşkil etməsinin müşkül olduğunu bildirdilər: "Amma QHT-lər olaraq siz bu görüşlərin təşkilatçılığını üzərinizə götürsəniz, biz məmnuniyyətlə gəlib iştirak edərik".
"Bu mesaj Azərbaycan hökumətini özündən çıxartdı"
Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli Avropa Parlamentinin qətnaməsi ilə bağlı ictimai müzakirənin təşkilini bu istiqamətdə görüləcək işlərin başlanğıcı adlandırdı: "Əvvəla onu deyim ki, bu qətnamədə bizim illər uzunu irəli sürdüyümüz tələblərin demək olar ki, hamısı öz əksini tapıb. Sərbəst toplaşmaq azadlığı, siyasi məhbuslar, mülkiyyət hüquqları, müstəqil məhkəmə, azad seçki. Bütün bu tələblərin hamısı əlavə bir legitimlik qazanıb. İndi Avropa Parlamenti, bütövlükdə Avropa bizim bu tələblərimizə mənəvi-siyasi dəstək verib. Tələblərimizin təkrarlanması Azərbaycanda demokratik dəyişikliklər üçün çalışan bütün ictimai-siyasi qüvvələrə verilən dəstəkdir. Bütün sivilizasiyalı bəşəriyyət bizim kimi düşünür ki, Azərbaycan xalqının da sərbəst toplaşmaq azadlığı olmalıdır. Azərbaycanda da insanlar siyasi əqidələrinə görə məhbus həyatı yaşamamalıdır və s. İkincisi, təsdiq olundu ki, uzunmüddətli müşahidələrdən sonra Avropa Birliyi Azərbaycanla bağlı siyasətini konkretləşdirir. Artıq həm hökumətə, həm cəmiyyətə mesaj verirlər ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu mühüm olsa da, biz Azərbaycanda demokratiyanı ona qurban verməyəcəyik. Həqiqətən də Avropa Birliyi, Qərb öz siyasətini daha idealist qurmağa hazırlaşır və demokratiya və insan haqlarına ciddi dəstəyini ifadə etmiş olur. Ola bilsin, bu mesaj Azərbaycan hökumətini özündən çıxardıb. Bunlar elə bilirdi ki, Azərbaycan Avropa üçün ancaq yanacaqdoldurma stansiyası olacaq. Hökumət ölkəmizi Avropaya belə təqdim edirdi. Amma məlum olur ki, Avropa Birliyi bizim çağırışlarımızı eşidərək Azərbaycanı yanacaqdoldurma stansiyası kimi yox, tərəfdaş kimi, onunla eyni dəyərləri bölüşən sivil bir cəmiyyət görmək istəyir".
Ə.Kərimli bildirdi ki, önəmli məqamlardan biri də Avropa Birliyinin Azərbaycan hökumətinə mesajıdır: "Demək istəyirlər ki, əgər bu çağırışlar, bəyanatlar, diplomatik dialoq nəticə verməsə, Avropa Birliyi sanksiyalar barədə də düşünür. Artıq gələcəkdə tətbiq olunacaq sanksiyaların hüquqi çərçivəsi yaradıldı. Avropa Birliyinin xarici siyasət üzrə ali səlahiyyətli nümayəndəsinə tapşırıldı ki, "Eurovision"dan sonra Azərbaycandakı vəziyyəti monitorinq etmək üçün daimi müşahidə yaratsın. Bu, Azərbaycan hökumətinə mesajdır ki, hesab etməsinlər, "Eurovision" başa çatıb, Qərb jurnalistləri Azərbaycanı tərk edib və onlar istədiklərini edə bilərlər. Tələb qoyuldu ki, xüsusi monitorinq yaradılsın və ayrı-ayrı vəzifəli şəxslərə qarşı konkret sanksiyalar olsun. Artıq parlamentin yığışıb ayrıca qərar verməyinə ehtiyac yoxdur. Ketrin Eştonun idarəsi hesab etsə ki, artıq bu siyahılar hazırdır və müəyyən sanksiyalar tətbiq olunmalıdır, proses başlayacaq. Əvvəllər belə bir şey olmayıb. Bu, Azərbaycanla Avropa Birliyi münasibətlərində yeni məsələdir. İlk dəfədir ki, Azərbaycanla bağlı sanksiyaların hüquqi əsası yaradılıb.

Hökumət insanların məlumatsızlığından sui-istifadə edərək onların vətənpərvərlik hisslərini istismar edir. Bizə başqasının rəhbərliyi lazım deyil, bizə göstəriş verməsinlər, biz müstəqilik və s. Müstəqillik bunların nə zamam yadına düşür? Adamları döymək, həbs etmək, opponentlərini məhv etmək azadlığını bunlar müstəqillik kimi başa düşürlər.
"Avropa sizdən nə istəyir, bəlkə qızıl mədənlərinizə gözü düşüb?"
Yaxşı, Avropa Birliyi nəyə görə sənə deyir ki, bunları etməsən, sanksiyalara məruz qalarsan. Bəlkə neft-qaz istəyir, bəlkə sizə aid olan qızıl mədənlərinə gözü düşüb? Avropa Birliyi çox aydın şəkildə deyir ki, öz vətəndaşına insan kimi yanaş, vətəndaşlarının hüquqlarına hörmət elə. Tələb biz vətəndaşlarla bağlıdır. Özü üçün bir şey istəmir. Əksinə özü üçün bir şey istəsə, Azərbaycan hökumətinin verməyəcəyi şey yoxdur. Azərbaycan hökuməti maddi-mənəvi hər şeyi təklif etməyə hazırdır təki, onun hakimiyyətini təhdid edən tələb irəli sürülməsin".
"Hədəf Azərbaycan dövləti yox, məmurlarıdır"

Ə.Kərimli onu da xüsusi qeyd etdi ki, Avropa Birliyinin sanksiyaları Azərbaycanı dövlətini yox, məmurları hədəf götürüb: "Bizim də mövqeyimiz hər zaman belə olub ki, Azərbaycandakı bu yaramaz hakimiyyətə görə bütövlükdə dövləti hədəf seçmək olmaz. Sanksiyalar Azərbaycan respublikasına qarşı yox, xalqın var-dövlətini mənimsəməklə harınlamış, gözü ayağının altını görməyən, insan haqlarını saymayan o məmurlara qarşı olmalıdır. Əgər Azərbaycanda qanunsuz məhkəmə qərarı verən, qanunsuz cinayət işi başlayan, nümayişçiyə qarşı zor tətbiq edən, həbsxanalarda işgəncə tətbiq edən ayrı-ayrı vəzifəli şəxslərə qarşı sanksiyalar olacaqsa, bundan əməli düz adam niyə narahat olmalıdır? O adamlar narahat ola bilər ki, onlar hansısa formada bu cinayətlərdə iştirak ediblər. Ona görə hesab edirəm ki, çox prinsipial və düzgün addımdır. Azərbaycan cəmiyyəti də fəallaşıb bizə olan münasibətə adekvat mövqe ortaya qoymalıdır. Avropa Birliyi səsimizi eşidib bizə bərabərhüquqlu tərəfdaş kimi baxmağa hazır olduğunu göstərir. Biz də öz ictimai fəallığımızla sübut etməliyik ki, Azərbaycan cəmiyyəti hökumətdən fərqli olaraq Avropa dəyər və prinsiplərini bölüşməyə hazırdır. Burada irəli sürülən təkliflərin hamısı çox uğurlu idi və biz onların hamısı haqqında düşünəcəyik".
Gültəkin
- 27/06/2012 12:45 - Dana oğrularına da 3 il iş verirlər, günahsıza da
- 24/06/2012 09:42 - “London taksiləri”ndə qiymət qaldırılıb?
- 22/06/2012 09:12 - İctimai Palata 2013 seçkilərilə bağlı hərəkətə keçdi
- 16/06/2012 09:16 - Günahkar İlham Əliyevdir
- 15/06/2012 09:11 - 350 qaçqın ailəsinin yaşadığı bina müəmmalı şəkildə yandı
- 11/06/2012 13:23 - “Repressiya və təziyqlər bizi qələbəyə gedən yoldan saxlaya bilməyəcək"
- 09/06/2012 09:06 - Toydan qayıdıb şəhid olan zabit
- 03/06/2012 03:16 - İctimai Palata 4 iyun qiyamını müzakirə etdi (FOTO/VİDEO)
- 29/05/2012 21:20 - "Demokratik cümhuriyyəti bərpa edəcəyik"
- 25/05/2012 10:12 - İTV-nin qarşısında “vətəndaş savaşı” (VİDEO/FOTO)
- 22/05/2012 08:58 - İctimai Palata Bakının mərkəzində hakimiyyətə "yox" dedi
- 17/05/2012 08:36 - Bakıda beynəlxalq səviyyəli konfransda qalmaqal
- 15/05/2012 10:08 - İctimai Palata Bakının mərkəzini yenə silkələdi (FOTO/VİDEO)
- 12/05/2012 10:30 - İlham Əliyevin tapşırıqları Zaqatalada qulaqardına vuruldu