Elə vəziyyətdə faciənin qarşısını almaq mümkün deyildi
1986-cı ilin iyulunda mən Leninqradda hərbi akademiyaya daxil oldum və ora getdim. 80-ci illərin sonlarında hamıya məlum olan hadisələr başladı və mən 1991-ci ildə yenidən Tbilisiyə dönərək, baş zabit rütbəsilə xidmətə başladım. Bizim şöbə birbaşa Moskvaya tabe idi və biz Zaqafqaziya Hərbi Dairəsinə daxil olan bütün hərbi hissələrdə texnika və hərbi sursatın yerdəyişməsinə nəzarət edirdik. Buna görə də Hərbi Dairə ərazisində baş verənlərin hamısı haqqında məlumatımız olurdu. Belə bir faktı diqqətinizə çatdırım ki, 1991-ci ildə artıq silah-sursatın və hərbi texnikanın müəyyən edilmiş kvotaya uyğun olaraq, müttəfiq respublikaların yerində qurulmuş milli dövlətlərə verilməsi barədə qərar çıxarılmışdı. Amma tezliklə bəlli oldu ki, yerdə qalan artıq texnikanı və silah-sursatı bu ölkələrin ərazisindən çıxarmaq ağır xərclər hesabına başa gəlir və ya onları çıxararkən müqavimət yaranır. O zaman belə bir qərar çıxarıldı ki, hər bir dövlətin ərazisində olan bu hərbi vasitələr həmin dövlətlərə təslim edilsin. Mən təhvil-təslim komissiyasının üzvlərindən biri idim. Amma həmin zaman milli dövlətlərin peşəkar kadrlarla bağlı problemləri vardı və üstəlik, Sovet ordusunun bir çox ixtisaslı kadrları milli dövlətlərin yeni yaranmış ordularında qalıb xidmət etmək istəmirdilər. Təbii, bunu istəyənlər də vardı…
İsa Sadıqov
Azərbaycan çox ciddi şansı qaçırdı
Bu ərəfədə Azərbaycan hökuməti çox ciddi bir şansı əldən qaçıraraq, Azərbaycanda yerləşən 4-cü ordunun silah və hərbi texnikasına sahib olmaq iddiasını göstərmədi. Əlbəttə, texnikanın bir hissəsi əldə edildi, amma onlardan istifadə edəcək mütəxəssislərin burada qalması və milli kadrların hazırlanmasında o mütəxəssislərdən yararlanmaq işi təşkil edilmədi. Bunlarla heç kim məşğul olmadı.
Nəyə görəsə Azərbaycanda ordunun yaradılmasına yerli hakimiyyət çox soyuq yanaşır, sanki kənardan hansısa göstəriş gözləyirdilər. Ermənistanda isə bunun əksinə, milli ordunun yaradılması işinə çox həssas və yüksək səviyyədə yanaşmağa başladılar.
Əlbəttə, kimlərsə mübahisə açmaq fikrinə düşə bilər, amma fakt faktlığında qalır ki, bizim hökumət ayağını sürüməklə məşğul olarkən, hələ 1991-ci ilin payızından başlayaraq, Ermənistan hərbi hissələrin formalaşdırılması, ordu üçün kadr hazırlığı işini açıq-aşkar şəkildə aparırdı.
Onlar elə başa düşürdülər ki, qarşıya qoyduqları məqsədə çatmaq üçün yalnız Qarabağ ermənilərinin minimal imkanları kifayət etməyəcək və buna görə də Ermənistan ermənilərinin də səfərbərliyə alınması lazım gələcək. Ermənistan ərazisindəki bütün hərbi hissələr beləcə, yenidən təşkil edildi və 1991-ci ildə bu hərbi hissələr gözlənilən müharibəyə mümkün olan ən yaxın səviyyədə hazırlıq vəziyyətinə gətirildi.
Erməni əsgərlərinə rus zabitləri təlim keçirdi
Bu hazırlıq təkcə Ermənistan ərazisində getmirdi. Gürcüstan ərazisindəki 171 saylı diviziyanın təlim bazasına da erməni çağırışçılar hərbi xidmətə gətirilirdilər. Bu gəncləri rus zabitləri 4-6 aylıq təlim kursları əsasında hazırlayırdılar. Bu təlim kurslarını keçdikdən sonra şəxsi heyət artıq Ermənistan və ya Dağlıq Qarabağ ərazisindəki nizami ordunun tərkibinə qatılmaq üçün göndərilirdi.
Erməni gənclər Qarabağda vuruşmaq istəmirdi
Diqqət yetirin, bu, 1992-ci il deyil, 1991-ci il – hələ Xocalı hadisəsi baş verməmişdən əvvəlki il idi. Yaxşı xatırlayıram, 1992-ci ilin əvvəllərində erməni gənclər başa düşəndə ki, onları Gürcüstanın təlim düşərgələrində Qarabağda döyüşmək üçün hazırlayırlar, artıq fərarilik tüğyan edirdi. Amma onları Ermənistan ərazisində tutub yenidən Gürcüstana gətirirdilər. Hərbi hissələrdə Ermənistandan olan nəzarətçilər təyin edilmişdi ki, fərariliyin qarşısını almaq mümkün olsun. Hazırlıq sürətlə və tam ciddiyyətlə gedirdi, gənclərə silahların bütün növlərindən atəş açmaq, tank və artilleriya qurğularından istifadə etməyi öyrədirdilər. Ümumiyyətlə, müharibə üçün lazım olan hər şeyi…
Biz hazırlıqsız idik…
Bəs, həmin zamanlarda Azərbaycanda nə baş verirdi? Heç nə. Və biz müharibəni hərbi hazırlığı olmadan toplanmış hərbi hissələrlə qarşıladıq. Kimsə etiraz edib deyə bilər ki, məsələn, Şıxovda batalyon vardı. Bəlkə də vardı, amma hərbi hissə və birləşmələr, mütəxəssislər yox idi. Biz bizi gözləyən o müdhiş hadisələrə, müharibəyə belə hazırlaşırdıq: entuziazmla və əksərən həmin azərbaycanlılarla ki, onlar 80- ci illərdə Sovet ordusunun inşaat briqadalarında qulluq etmişdilər, silah-sursatdan anlayışları yox idi. Belə olan halda, Xocalı faciəsi kimi dəhşətli bir olayı da istisna etmək, onun qarşısını almaq mümkün deyildi. Mən bunu azacıq da olsa, hərbi təcrübəsi olan bir adam kimi deyirəm.
Hərəkətsizliyimizdən, astagəlliyimizdən istifadə etdilər
Bütün bunlar Xocalı faciəsinə gətirib çıxaran səbəblər idi. Indi isə konkret olaraq, Xocalı hadisəsinin özü ilə bağlı…
Müharibələr tarixindən bizə bu cür hadisələr, düşmənin bu cür vəhşilikləri haqda nələrsə bəllidir. Bu cür hadisələri psixoloji üstünlüyü əldə etmək, düşməni mənəvi cəhətdən sındırmaq üçün törədirlər. Bu, çox vacib bir faktordur və bu faktor hansı tərəfdədirsə, həmin tərəfin qələbə qazanmaq, üstünlük əldə etmək imkanları daha artıq olur.
Doğrudur, müharibə edən hər bir tərəf özünə bu cür vəhşiliyi törətməyi rəva görməz, baxmayaraq ki, ermənilər bu cür hərəkətləri həmişə eləyiblər. Məsələn, 1915-18-ci illərdə Türkiyənin əli silah tutan bütün kişiləri müharibədə olanda ermənilər arxa cəbhədə bu vəhşilikləri törətmiş, qadınları və uşaqları hətta diri-diri yandırmışdılar.
Bu münaqişənin lap başlanğıcında da onlar mənəvi-psixoloji üstünlük əldə etmək, azərbaycanlıların gözünü qorxutmaq üçün belə əzazil vəhşilikləri etmişdilər. Təəssüf ki, onlar bizim hərəkətsizliyimizdən, astagəlliyimizdən istifadə edərək bunları etmişdilər. Bizim fəaliyyətsizliyimiz və kütləvi informasiya vasitələrimiz də buna şərait yaratmışdı.
1991-ci ilin dekabrında Dağlıq Qarabağdakı 366-cı alayın rus zabitlərindən və onların ailə üzvlərindən Hərbi Dairənin Qərargahına məktub daxil oldu…
Ardı var