«IN Eksklüziv Servis» və «Safari-N» tikinti şirkətləri binadakı mənzillərin hər birini bir neçə adama satıblar
“IN Eksklüziv Servis” və “Safari-N” Məhdud Məsuliyyətli Cəmiyyətlər birləşərək 55 ailəyə 1 milyon 500 min manatlıq ziyan vurublar. Şirkətlər vətəndaşlardan mənzil almaq istədikləri binanın tikintisi üçün əvvəlcədən pulun müəyyən qismini alıblar. Onlara bildirilib ki, əvvəldən pulu ödəyənlərə müəyyən güzəştlər olacaq. Şirniklənən vətəndaşlar son nəticədə aldadılıblar. Indi onlar aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilmirlər – nə pulları qaytarılır, nə də mənzillə təmin olunurlar. Əksinə, aldıqları mənzilləri yenidən onlara satmaq istəyirlər.
Mənzillər necə satılıb?
2006-cı ildə “IN Eksklüziv Servis” “Safari-N” MMC ilə birlikdə Yeni Yasamal yaşayış massivində çoxmərtəbəli yaşayış binasının tikintisinə başlayır. Yeni yaşayış binası 12 mərtəbəli, 96 mənzilli olmalıydı. Bina tikilib başa çatmasa da, mənzillərin hər biri satılır. “IN Eksklüziv Servis” binada özünə məxsus mənzilləri satdıqdan sonra “Safari-N” onunla müqaviləni pozur və mənzilləri yenidən başqa şəxslərə satır.
Aldadılan payçı Ramil Rüstəmov deyir ki, 55 ailə “IN Eksklüziv Servis” MMC-nin rəhbəri Ələkbər Zeynalova müqavilə əsasında 1 milyon 500 min manatdan artıq pul ödəyərək sözügedən çoxmərtəbəli binadan mənzil alıb: “Mənzillərin dəyərinin 85 faizini ödəmişik. Əvəzində müqavilə, maliyyə arayışı və ödəniş qəbzləri almışıq. 2008-ci il noyabrın 2-də mənzillər bizə təhvil verilməli idi. 2008-ci ilin may ayına qədər binanın 5 mərtəbəsi tikilib. Həmin ildən tikinti dayanıb”.
Ələkbər Zeynalov bir neçə il əvvəl paytaxtda Zorge bağının yanında olan ofisini bağlayaraq, aradan çıxıb. Bundan əlavə o, bir mənzili eyni vaxtda bir neçə adama satıb: “Indi vaxtilə onun ətrafında fırlananları da tapa bilmirik. Məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına şikayət etsək də, nəticə yoxdur”.
Ələkbər Zeynalov 2007-ci ildə Səbirə Sadıqovaya satdığı 3 otaqlı mənzili 2009-cu ildə Süleyman Ağayevə də satıb.
Ramiz Məmmədova 43 min manata satdığı 1 otaqlı mənzili isə yenidən Hikmət Nəcəfəliyevə 17 min manata satıb. 3 otaqlı 548 saylı mənzili Vüqar Bayramova 53 min manata, Xəyalə Surxayevaya isə 20 min manata satıb…
Bu misalları davam etdirmək olar. Sadəcə, bir-birinə bənzər olduğundan onları sadalamağa ehtiyac yoxdur.
Bütün alış-verişlərdə də vətəndaşlara maliyyə arayışı və ödəniş qəbzləri təqdim olunub.
“IN Eksklüziv Servis” necə bina tikib?
“Safari N” MMC-nin rəhbəri isə məşhur iş adamı, tikinti sektorunda böyük nüfuza sahib olan, “Şərurlu Isfəndiyar” kimi tanınan Isfəndiyar Axundovdur. Onun zərərçəkənlərə cavabı belə olub: “Ya pulunuzu Ələkbərdən alın, ya da ödədiyiniz məbləğ qədər pul ödəyin, hazır binalardan sizə mənzil verim”. Bu təklifə zərərçəkmişlərdən yalnız üç-dörd nəfəri “hə” deyib.
Araşdırma zamanı o da məlum olub ki, “IN Eksklüziv Servis” MMC-nin çoxmərtəbəli yaşayış binası tikmək salahiyyəti yox imiş. Çünki sözügedən şirkət Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçərkən onun əsas fəaliyyəti kimi, “daşınmaz əmlakın alqı-satqısı və xırda məişət tullantılarının toplanması və emalı” göstərilib.
Yaranmış problemləri kökündən həll etmək üçün Şərurlu Isfəndiyar 2008-ci ildə “IN Eksklüziv Servis” MMC ilə bağladığı müqaviləni cıraraq, yenisini tərtib edib. Yeni müqavilədə isə “Safari N”in tikdirdiyi binada “IN Eksklüziv Servis”in 25 faiz paya sahib olduğu yazılıb.
“Istintaq qərəzli mövqe tutur”
Ötən ilin dekabrında uzun süründürməçilikdən sonra nəhayət, Baş Prokurorun qəbuluna düşən zərərçəkmişlər onları aldadanların barəsində Cinayət Məcəlləsinin 178.3-cü maddəsilə cinayət işinin başlanmasına nail ola bilirlər. Ancaq “Safari N” MMC-nin rəhbəri Imran Axundov həbs edilməyib: “Biz istintaq idarəsinə gedəndə bildirirlər ki, gedin Isfəndiyar Axundovun yanına, zərəriniz ödəniləcək. Isfəndiyarın qəbuluna gedirik, bizə kvadrat metri 550 manatdan öz evlərimizi təkrar satmaq istəyir. 2006-cı ildə kvadrat metri 325 manata aldığım mənzili 550 manata satır. Isfəndiyarın qardaşı Imran Axundovun həbs edilməməsi bizdə şübhə doğurur. Istintaq idarəsinin bu addımı qərəzli mövqe tutmalarına dəlalət edir”, – deyə zərərçəkmişlərdən Ramil Rüstəmov bildirir.
Ramin DEKO