Təbiətin əsrarəngiz möcüzəsi - şəlalələr...

  • PDF

Font Ölçüsü

Göz oxşayan canlı lövhələr

Azərbaycan təbiətinin gözəlliyinə gözəllik qatan möcüzələrdən biri də şəlalələrdir. Ölkəmizin dağlıq bölgələrində onlarla bir-birindən gözəl şəlaləyə rast gələ bilərsiniz. Böyük Qafqazın ən əzəmətli dağlarından biri olan Şahdağdakı dağ şəlalələri təkcə ölkəmizdə deyil, bütünlükdə Cənubi Qafqazda çox məşhurdur. Azərbaycandakı ən məşhur şəlalələrdən biri Quba rayonu ərazisində Vəlvələçay üzərindəki Afurca şəlaləsidir. Bu şəlalə ölkəmizin təbiət abidələrinin siyahısına daxil edilib və dövlət tərəfindən mühafizə olunur. Afurca şəlaləsi öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən təbiət hadisəsidir.
Qusarın dağ dərələrində də öz mənzərəsi ilə diqqəti çəkən şəlalələr var. Onların ən məşhuru Laza və Şahnabaz şəlalələridir ki, təbiətin bu füsunkar gözəlliyi turistləri və Qafqazın yabanı təbiətinə vurğun olanları bura cəlb edir. Ümumiyyətlə, Qusar rayonu ərazisindəki şəlalələr son illərdə qış fəslində buzlu dağlara dırmanmağı xoşlayan idmançıların yarış yerinə çevrilib. Qusarın Laza kəndindən Qubanın Xınalıq kəndinə olan məsafə boyunca qayalıqlardan müxtəlif ölçülü, hündürlüyü 150 m-ə çatan şəlalələr axır.
Yardımlı rayonunun Peştəsər və Ostayır kəndindəki göz oxşayan şəlalələr də təkcə yerli sakinlərin deyil, qonaqların və turistlərin diqqətindən yayınmır. Bu rayonnun ərazisindəki Təkdam şəlaləsinin yerləşdiyi zona bölgəyə istirahətə gələnlərin daha çox üz tutduğu məkandır.
Çox gözəl təbiəti olan Ismayıllı rayonu ərazisində də şəlalələr çoxdur. Hündürlüyü 50 metrə çatan Qalacıq və Burovdal, 30 metr yüksəklikdən tökülən Çayqovuşan, 25 metrlik hündürlükdən axan Istisu və Mədrəsə şəlalələrini buna nümunə göstərmək olar.
Unikal Pirbənövşə şəlaləsi də bu rayondadır. Bu şəlalənin suyu göz oxşayan təbii lövhələr yaradır. Belə təbiət möcüzələrindən biri də suyun təsiri ilə qayadan yonulub minarə forması almış fiqurdur.

Zaqatala qoruğunda 10 şəlalə var

Balakən rayonu ərazisindəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalə sayılır. Qeyd edək ki, bu şəlalə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu, Azərbaycanın ən bol sulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Katexçaya çatmaq üçün 500 metrlik çətin dolanbaclı və uçurumlu yolu piyada qət etmək gərəkdir. Şəlalənin yerləşdiyi ərazini görənlər əsrarəngiz mənzərədən zövq ala bilirlər. Bura da turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Mütəxəssislər bildirirlər ki, Katexçay şəlaləsinin təzyiqindən əldə edilə biləcək elektrik enerjisi bəlkə də bütöv bir rayonun işıqla təminatı üçün yetərli olar.
Kilsəçayın Katexçaya qarışdığı yerdə, suları 20 metr hündürlükdən qulaqbatırıcı gurultu ilə dar qayalıq dərəyə tökülən, çox əzəmətli, gözəl və kifayət qədər güclü şəlalə yaranıb. Bu şəlaləyə Qəbizdərə və yaxud Zaqatala şəlaləsi deyilir. Ümumiyyətlə, Zaqatala Dövlət Qoruğunun ərazisində 10 şəlalə var.
Dağ çayları, vadilər, qalın meşələr, qaynar çeşmələr, sərt qayalıqlara malik Oğuz rayonunda da çoxlu şəlalələr var. Rayondakı ən hündür şəlalə 22 metrlik hündürlükdən axır.  Oğuz-Qəbələ yolunun kənarında yerləşən “Yeddi Gözəl” şəlaləsi də təbiətə yaraşıq verən mənzərədir.
Qax rayonundakı Ilisu şəlaləsi isə tamam başqa bir aləmdir. Ona çatmaq üçün ən azı 40 dəqiqəlik yolu piyada qət etməlisən. Şəlalənin hündürlüyü təxminən 25 metrdir.ÿBu zona rayondakı çayların mənbə hissəsini təşkil edir.ÿQeyd olunan bölgədə əsas çaylar və onun qollarında iti axan, dib erroziyası nəticəsində dərin kanyonvari çay dərələrinin, astana və şəlalərin formalaşması xarakterikdir. Dəmiraparan çayının sol qolu olan Muçuqçay üzərindəki eyni adlı (Muçuq) şəlaləsi Quba rayonunun Vəlvələçay hövzəsindəki Afurca şəlaləsindən sonra hündürlüyünə görə (50 m hündürlükdən axır) Azərbaycanda 2-ci yeri tutur Vəndamçayın, Durcaçayın, Həmzəlli və Bum çaylarının yuxarı axarlarında diqqəti cəlb edən şəlalər öz füsunkarlığı ilə insanı valeh edir.
Masallı-Yardımlı yolunun tən yarısında Yardımlı rayonunun füsunkar yerlərindən olan məşhur şəlalə 50 metr yüksəklikdən, sal qayalardan aşağı tökülür. Elə burdan da göz oxşayan, könül açan meşələri ormanlar, çılpaq dağlar əvəz edir.
Bundan başqa, ölkəmizdəki şəlalələrə Astaradakı Sim şəlaləsini, Qubadakı Qonaqkənd şəlaləsini, Daşkəsənin Muşavaq kəndindəki Şır-şır şəlaləsini, Alaxançallı kənd şəlaləsini nümunə göstərə bilərik.

Buzadırmanma idman yarışları

Maraqlıdır ki, dəniz səviyyəsindən 3000 metr hündürlükdə yerləşən belə donmuş şəlalələrdən qışda idmanın buzadırmanma növünü həyata keçirmək üçün istifadə olunur.
Cənubi Qafqaz ölkələri arasında buz dırmanmaları üzrə yarışlar hələ ki, təkcə Azərbaycanda keçirilir. Bu, bizim ölkədə yeganə qış idmanı növüdür. Qışda dekabr ayının birinci ongünlüyündən başlayaraq faktiki marta qədər Yan və Baş Qafqaz silsiləsinin ətəyində Qusar rayonunda yerləşən dağ şəlalələri böyük buz sırsıralarına çevrilir. Buzadırmanma üçün ən əlverişli şəlalələr Qusar rayonunun yüksəkdağlı Laza kəndinin yaxınlığında yerləşir. Orada Suvar turistik yerə yaxın qışda dırmanmaq mümkün olan daha bir şəlalə var. Amma buzadırmanma üçün Şahdağ massivinin ətəyində yerləşən 3000 m hündürlükdə olan şəlalələr daha maraqlıdır. Azərbaycanlı buzadırmananlar üçün məşğələlər və yarışlar əsasən həmin yerlərdə keçirilir. Suvar turist mətəqəsindən yalnız piyada cığırla həmin yerə 7 saata getmək olur.
Dünyanın müxtəlif yerlərindən alpinistlər və dağ turistləri nəhəng buz sütunlarına çıxmaq, dağların sərt təbiəti ilə təmasda olmaq üçün buraya gəlirlər. Bu günlərdə Qusarın Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçirilib.
50 metr hündürlüyündə olan donmuş şəlaləyə dırmaşmaq üçün yarışa Azərbaycandan 40 idmançı olmaqla başqa ölkələr ilə birlikdə ümumilikdə 54 idmançı qatılıb. Ləzənin donmuş şəlaləri qonşu ölkələrdən olan qonaq idmançıları xüsusilə valeh edib. Türkiyəli idmançı Sönməz Erkaya bildirib ki, ölkəsində bu idman növü üzrə yarışlar çoxdan təşkil olunsa da, yalnız süni qurğulardan istifadə olunur: “Amma Azərbaycanda bu yarışlar üçün çox əlverişli iqlim şəraiti var. Məsələn, bu şəlalələr əsararəngsizdir. Burada hətta beynəlxalq yarışlar belə keçirmək olar. Əgər bu idman növü Azərbaycanda daha da təkmilləşərsə, ölkəniz bununla turizmdən xeyli mənfəət də əldə edə bilər. Biz öz ölkəmizdə hələ süni qurğularla buna nail oluruq”. Ukraynadan olan buzadırmanma üzrə mütəxəssis Viladimir Kaşday isə deyib ki, burada iştirak etməklə ölkəsinin idmançıları yüksək təcrübə əldə etmiş olurlar: “Mən peşəkar idmançı kimi dünyanın çox ölkəsində olmuşam və təcrübəmə əsasən deyə bilərəm ki, Azərbaycanda gördüyüm iqlim şəraiti buzadırmanma üçün böyük imkanlar verir”.
Martın əvvəlində yaz günəşinin şüaları altında buz kaskadları əriyərək yenidən suya dönür. Qeyd edək ki, Rusiyada, Mərkəzi Avropa və Şimali Amerika ölkələrində də buzadırmanma idman növü çox məşhurdur. Hətta hər il idmanın bu növü üzrə Dünya kuboku yarışları, hər iki ildən bir isə Dünya çempionatı keçirilir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir










Yeni Xəbərlər:
Öncəki Xəbərlər:

Oxunub

Son Yenilənmə Çərşənbə, 09 Mart 2011 11:54