Spekulyasiya imkanlarının qalmaması və beynəlxalq izolyasiya rəsmi Bakını təhqiramiz addımlara vadar edib
Hakimiyyət cidd-cəhdlə çalışır ki, “Eurovision” prosesi unudulsun, baş verənlər yaddan çıxsın. Bu məqsədlə ortaya kökündə heç bir ciddi əsas dayanmayan xəbərlər, mövzular atırlar və cəmiyyəti də uzun-uzadı onun müzakirəsinə cəlb etməyə çalışırlar. Amma bizim insanımız o qədər savadsız deyil ki, belə primitiv texnolojilərə uysun. Elə dünən cəbhə xəttində baş vermiş hadisə ilə bağlı xəbərlər də təsdiq edir ki, texnoloqlar çətin vəziyyətdədir. Gündəmi dəyişməyin ən axırıncı yolu gənc insanların həyatı bahasına bir olay çıxarmaqdır. Bu, həm də dünyaya və Azərbaycan xalqına bir mesajdır. İlham Əliyev öz hakimiyyətini qorumaq üçün isterik davranışlara yol verə, bu isə çox təhlükəli və arzuolunmaz nəticələr doğura bilər. Bəzi “sürətli düşünən”lər elə hesab etməsinlər ki, biz ümumiyyətlə ordumuzun uğur qazanmasını istəmirik. Fikrimizcə, müharibə etmək istəyən bir hakimiyyətin görəcəyi ən son iş, bu cür xırda provakasiyalar, danışacağı ən son söz müharibə hədəsi olmalıdır. Bu, ciddi hazırlıq tələb edən ağır məsuliyyətli bir işdir. Ona görə də insanların vətənpərvərlik hisslərini istismar etməyə cəhd, sadəcə, cılız hisslərin yaratdığı böyük fəlakətləri gizləmək cəhdidir.
Baş vermiş hadisənin real nəticələrini təhlil etmək bu günün əsas işidir. Söhbət təkcə “Eurovision”un yekunlarını müzakirə etməkdən də getmir. Söhbət həm də bu nəticələri gizləmək üçün yeni fəsadların təşkilindən gedir. Məsələ burasındadır ki, bu proses bir başlanğıcdır. Davamı isə olacaq. Təbii ki, Azərbaycan dünyanın diqqətində olmaqda davam edəcək. Qərbin ən böyük mədəniyyət yarışmasının keçirildiyi Bakıdan verilmiş reportajların tam əksəriyyəti demək olar ki, insan hüquq və azadlıqlarının təmin olunmamasıyla bağlı idi. Bu, dünyanın əsas gündəmi idi. Xəbərlər də məhz belə idi: azadlıq olmayan ölkədə musiqi yarışması gedir.
İlham Əliyev üçün bu tədbir həm də ona görə ciddi zərbə oldu ki, o, bu yarışmaya ciddi ümid yeri kimi baxırdı və gözləntiləri özünü doğrultmadı. Amma birbaşa siyasi vəziyyəti də daha pis olduğundan Azərbaycanın dövlət başçısı sözün həqiqi mənasında uğursuzluq zolağındadır.
Təhqir olunmuş Avropa nə edəcək?
Əli Həsənovun Avropa Birliyinə xitabən “başınıza dəysin” ifadəsi barədə qurumun Bakı təmsilçisi Roland Kobia “qeyd etdik”, – deyə reaksiya verdi. Bu, mədəni yolla barmaq silkələməyin ən son həddi idi. Amma söhbətin təkcə bu “qeydiyyat”ın hansı nəticəni verəcəyində olmadığını hamı bilir. Avropa Birliyi heç kimə birdən-birə ən sərt qərarları tətbiq etmir. Elə ona görə də hələlik İlham Əliyevə və bir çox məmurlara sanksiyalar barədə çağırışlar eşidirik. Bundan əvvəl isə diplomatik bəyanatlar yolu ilə hakimiyyətə nəyi isə izah etməyə çalışırdılar. Olmadı, sərtləşdilər.
Bu arada, maraqlı olaylardan biri budur ki, Avropa Birliyinin prezidenti Herman van Rompey Azərbaycana səfər edəcək. Onun səfəri zamanı qurumun genişlənməsi üzrə məsələlər müzakirə mövzusu olacaq. Azərbaycan rəsmən Şərqi Avropa ölkəsi olandan sonra bu quruma qarşı sərt mövqe tutması da sözsüz ki, gözdən keçiriləcək. Azərbaycan hökuməti isə necə davranacağını bəri başdan göstərib. Daha doğrusu, Avropa Birliyindən heç bir güzəştin olmayacağını anladığı üçün hücum mövqeyinə keçib. Bu, bir üsyandır, sadəcə, bütün müdafiəyə hesablanmış üsyanlar kimi məğlubiyyətə məhkumdur.
Klinton özü gəlməmiş…
ABŞ-ın dövlət katibi Hillari Klinton da Bakıya gəlir. Bu səfər barədə xəbər yayılandan bəri ən müxtəlif kateqoriyalardan olan insanlar – ziyalılar, siyasilər, hüquq müdafiəçiləri ona müraciətlər ünvanlamağa başlayıblar. İlham Əliyevin Azərbaycanda qorxunc bir sistem yaratdığını və bu sistemin insanların azadlığını və gələcəyini məhv etdiyini, insan haqlarını özünün prioritetləri sırasına qoymuş ABŞ kimi dövlətin buna göz yummamalı olduğunu yazırlar. Bunu bir növ ictimai təzyiq saysaq, o zaman xanım Klintonun, eləcə də bir müddət əvvəl Birləşmiş Ştatların prezidentinin verdiyi açıqlamaları da xatırlamalı oluruq. Bu açıqlamalar insan haqlarının ən ümdə məsələ kimi gündəmdə olduğundan xəbər verir. 28 May – Respublika Günündə isə Klintonun ünvanladığı təbrik məktubunda Azərbaycan xalqına xitabən “sizinlə birlikdəyik” ifadəsi diqqətdən qaçmır. Klintonun Bakıda hansı görüşləri keçirəcəyi tam dəqiqləşməsə də, onun sözügedən mövzularda prinsipial həssaslıq göstərəcəyi heç kimdə şübhə yaratmır.
Rusiya təzyiq altındadır…
İlham Əliyevin Putinlə münasibətləri də bir o qədər yerində deyil. Buna baxmayaraq, nəsli kəsilməkdə olan eyni tipli rejimlərin bir-birini belə dəstəkləməsi məntiqilə Kremlin Əliyevə əl uzadacağını düşünmək olardı. Amma Suriya məsələsində Almaniya və Fransanın açıq təzyiqi qarşısında qalan Putin geri çəkilməyin formalarını axtarır.
Bundan başqa, onun ABŞ-la bir sıra mühüm məsələlərdə anlaşmaq istəkləri şübhəsizdir. Yaddaşlı oxucularımız xatırlayır ki, Obama ilə Medvedevin məşhur söhbəti zamanı mikrofon açıq qalmışdı. Bu zaman Obama söz verirdi ki, seçkilərdən sonra Rusiya ilə məşğul olacaq. Bunu təsadüfi bir olay kimi qiymətləndirən analitiklər nədənsə, ona diqqət çəkmədilər ki, bu olayda ən mühüm mesaj Obamanın Putinə göz tikənlərə “göz dağı” verməsi idi. Anlatmaq istəyirdi ki, sizin güvənərək mənə qarşı gəldiyiniz adamın özü məndən aman gözləyir. Mən isə ona hələ də “baxarıq” deyirəm. Bu mənada Əliyevin Putindən bir kömək gözləməsi nə qədər yersizdirsə, Putinin də ona kömək etməsi artıq bir o qədər inandırıcı deyil. Çünki Kreml indi sadəcə, silkələnən ulduzlarının hayındadır.
Əliyev nə etməlidir?
Azərbaycan rəhbəri sözün həqiqi mənasında dəyərləndirilməsi özünün imkanları xaricində olan prosesə qədəm qoyub. Onun bu andan sonra seçəcəyi tək yol çox sürətli islahatlara başlamaqdır. Və bu islahatların sonunda seçkilərin keçiriləcəyini, özünün isə namizəd olmayacağını elan etmək… Bu elan birinci ağızdan və beynəlxalq qurumların iştirakıyla keçirilən böyük siyasi dialoqda olmalıdır. Əks təqdirdə, Azərbaycanda hadisələrin qədəm qoyacağı sonrakı mərhələ daha mürəkkəb və daha geridönməz, barışıq körpüsündən daha uzaq olacaq.
Seymur Həzi