Daşkəsəndəki yataqların güzəştlə verildiyi şirkətlər də prezidentin qızlarına məxsus imiş (VİDEO)
“Azadlıq” radiosunun əməkdaşları Xədicə İsmayıl və Nüşabə Fətullayeva yeni səs-küylü araşdırma yazısı ilə çıxış ediblər. Radionun saytında yerləşdirilən araşdırma Azərbaycanın qızıl mədənlərində hakim Əliyevlər ailəsinin paya malik olması haqdadır.
Quruca adı olan şirkətə 2,5 milyard dollarlıq müqavilə
Həmkarlarımız bu araşdırmanı “Organized Crime and Corruption Reporting Procect” (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) “Azadlıq” radiosu ilə əməkdaşlıqda hazırlayıblar. Araşdırma zamanı məlum olub ki, bu ilin sonu Azərbaycanın qərbindəki Çovdar yatağından qızıl çıxarılmasına başlanmalıdır. Bu mədənin işlənməsi üçün müqavilə (dəyəri 2,5 milyard dollardır) 2007-ci ildəki qeyri-şəffaf prosedurla AİMROC adlanan konsorsiuma verilib, hökumət bu şirkəti Britaniya-Yaponiya-Panama konsorsiumu kimi təqdim edib. Həmin konsorsium 2007-ci ildə tələm-tələsik məhz sözügedən layihə üçün yaradılıb. Ortaya çıxarılan sənədlərsə göstərir ki, AİMROC əslində Panamada qeydiyyatdan keçmiş və prezident İlham Əliyevin qızlarıyla bağlı olan şirkətlərin nəzarətindədir. AİMROC bir “shell”-şirkətdir (yəni quruca adı olan).
Son ümid yeri…
Araşdırma çərçivəsində jurnalistlər Daşkəsən rayonunun Çovdar kəndində olublar və yerli sakinlərlə söhbət ediblər.
Sakinlərdən 40 yaşlı Novruz Allahverdiyev Çovdar kəndində kasıb bir daxmada yaşayır. O, müharibə nəticəsində öz yurdundan didərgin düşmüş 800 min məcburi köçkündən biridir. H.Allahverdiyev və daha 60 məcburi köçkün ailəsi Çovdar kəndində sığınacaq tapıblar. H.Allahverdiyev İlham Əliyevin bir gün bu kəndin sakinlərinin güzəranından xəbər tutacağını, onlara gün ağlayacağını gözləyir. Novruz kişinin problemlərindən biri də, özü dediyi kimi, ingilis şirkətinin kəndin yaxınlığında mədən salması ilə bağlıdır. Deyir ki, mədən şirkəti onun torpaqlarının bir hissəsini ələ keçirib, üstəlik də kəndə gələn iki su mənbəyindən birinin qabağını kəsib, əsəs kənd yolunu dağıdıb.
Baiskar ingilislər deyil…
Amma H.Allahverdiyevin bilmədikləri var. Bilmədiyi isə odur ki, problemlərinin səbəbkarı saydığı mədən şirkətində ingilislərin payı yoxdur, amma prezidentin ailəsinin payı var. 2006-2007-ci illərdə prezident sərəncam verib Çovdar qızıl mədəni və beş başqa yatağının işlənməsi hüququ ilə bağlı danışıqların aparılmasını, sonra isə AİMROC adlanan şirkətlə (“Azerbaican International Mineral Resources Operating Company, Ltd.”, azərbaycanca “Azərbaycan Beynəlxalq Mineral Ehtiyatların İdarə Edilməsi üzrə Məhdud Məsuliyyətli Şirkət) müqavilə bağlanmasını Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinə tapşırıb.
2007-ci il iyunun 5-də İlham Əliyevin başçılıq etdiyi Yeni Azərbaycan Partiyasının nəzarətində olan parlament növbədənkənar iclas keçirib, bu müqaviləni təsdiqləyib.
Azərbaycan büdcəsinin bu Hasilatın Pay Bölgüsü Sazişində cəmi 30 faiz payı var. 70 faiz AİMROC-a məxsusdur. Bu sazişlə hökumət mədənlərin istismarı üçün torpaq, lazımi lisenziya və vergi güzəştlərini də AİMROC-a verib. Sənəd parlamentdə müzakirə olunanda bir neçə deputat bu şirkətə niyə bu qədər imtiyaz verildiyini soruşub, amma tək-tük etirazlar çoxluğun sükutunda batıb. Deputatlar bu şirkətlərin sahibləri haqqında məlumat ala bilməyiblər.
AİMROC-un strukturundan baş çıxarmaq doğrudan da müşkül işdir. Çovdar camaatı problemlərinə bais kimi “ingilisləri” görür. Amma ingilislərin də, yaponların da ortada ancaq adı var. Əslində AİMROC-u 4 şirkət yaradıb: Londex Resources, S.A., Willy and Meyris S.A., Fargate Mining Corporation və Globex İnternational LLP. Yaponiya şirkəti Mindeco isə layihəyə ümumi nəzarətçidir və konsorsiumda heç bir payı yoxdur.
AİMROC-un sahibi olan şirkətlərdən yalnız biri Britaniyada mənzillənir. Bu, müqavilədə 11 faiz payı olan “Globex İnternational” şirkətidir. Amma əslində “Globex” Panamada qeydiyyatdan keçmiş 3 şirkətə məxsusdur: Hising Management SA, Lynden Management Group, İnc., və Arblos Management Corporation. Panamanın dövlət qeydiyyatı reyestrinə görə, hər üç şirkəti idarə edənlər arasında prezident Əliyevin iki qızı Leyla və Arzu Əliyevaların, eləcə də isveçrəli biznesmen Oliver Mestelanın adı var.
Mestelan kimdir?
Mestelanın Əliyevlər ailəsi ilə uzun müddətdir davam edən əlaqələri var. O, Əliyevlərlə birlikdə incəsənət tədbirləri təşkil edib. Bundan başqa, onun adı Azərbaycanda bir sıra biznes layihələri, o cümlədən “Azərfon” mobil rabitə provayderinin təsisçisi rolunda çıxış edən Panama şirkətlərinin qeydiyyat sənədlərində keçir. Mestelan müsahibə verməkdən imtina edir. Prezident Administrasiyasına göndərilən sorğular da, zənglər də cavabsız qalır.
Ekologiya Nazirliyində isə nə yataqların qızıl ehtiyatı, nə də şirkətlərin sahibləri haqda danışmaq istəyiblər. İndiyədək ancaq Çovdar yatağının potensialı haqda məlumat verilib.
“Çovdar çörəyi”
Çovdar özü də gəlirli yataqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə bu yataqda 44 tondan artıq qızıl, 164 tondan artıq gümüş var. Bu da ümumilikdə 2.5 milyard dollar dəyərində sərvət deməkdir.
Parlamentdə qısa müzakirə zamanı Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin rəhbəri Valeh Ələsgərov 30 il müddətinə bağlanan sazişi müdafiə edib. Elə ofşor şirkətlər məsələsinə də izah verib: “Bu şirkətlər xüsusi təyinatla yaradılmışdır. Dünya təcrübəsi belədir, hər layihə üçün xüsusi təyinatlı şirkət yaradılır. Bu şirkətlər ya Kayman adalarında, ya da Panamada qeydiyyatdan keçirlər. Elə ofşor zonaları var ki, tanınmış banklar, maliyyə qurumları orada bir əməliyyat da keçirmir. Qanunvericiliyin dürüstlüyünə görə ofşor zonalarını hamı tanıyır. Bu şirkətlər də belə ofşor zonalarda qeydiyyatdan keçmişlər. Biri də Britaniya Krallığında qeydiyyatdan keçib. Bunlar xüsusi təyinatlı şirkətlərdir və bu işlər üçün yaradılıbdır”.
V.Ələsgərovun sözlərinə görə, tenderin keçirilməməsi isə həmin yataqda nə qədər ehtiyatın olması barədə dəqiq məlumatın olmamasına görədir. O əlavə edib ki, tenderin əvəzinə hökumət potensial sərmayəçilərin özləri ilə birbaşa danışıqlar aparıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Baş geoloqu Ağamahmud Səmədov “Azadlıq” radiosuna deyib ki, yataqlardakı ehtiyatlar barədə məlumat var, amma bunu açıqlaya bilməz.
“Ayıb olsun sizə!”
AİMROC-un sahibinin kim olması barədə radionun sualına Valeh Ələsgərov belə cavab verir: “Siz fikirləşirsiz ki, Azərbaycan hökuməti kimliyi bəlli olmayan, küçədən keçən biri ilə müqavilə bağlaya bilər?”. Əliyev ailəsinin bu layihədə hər hansı marağının olması barədə suala cavabında isə Valeh Ələsgərov yalnız bunu deyərək telefon danışığını kəsib: “Ayıb olsun sizə”.
AİMROC-un strukturunun digər hissələri daha mürəkkəb sxem üzrə qeydiyyatdan keçib. Panamanın Şirkətlərin Qeydiyyatı idarəsinin sənədlərinə görə, adı çəkilən şirkətlər də rəhbərləri səviyyəsində mürəkkəb formada bir-birinə bağlıdır. Onların hamısı da kiçik Karib adası Nevisdə eyni ünvanda qeydiyyatda olan Casal Management və Tagiva Management şirkətlərinin qurumlarıdır.
Casal və Tagiva isə Böyük Britaniya, ABŞ və Panamada azı 20 şirkətə sahib olub. Böyük ehtimalla bunlar yalnız şirkətlərin real sahiblərinin gizlədilməsi üçün yaradılan qurumlardır.
Azərbaycanın Vergilər Nazirliyinin qeydiyyatına görə Willy and Meyris S.A.-nı çex geoloq, Praqada çap olunan “The Cournal Of Geosciences” jurnalının Baş redaktoru Mirko Vanecek təmsil edir.
“Prezidentə nə xeyri var ki..”
Çovdarda isə yerli sakinlər prezident İlham Əliyevin həmin müəssisənin açılışına gələcəyi barədə xəbəri eşidib, seviniblər. Sakinlərdən biri – Pənah Hüseynov deyir ki, onlar dərdlərini dövlət başçısına çatdırmağa çalışacaqlar.
“Biz eşitdiyimizə görə prezident bu zavodun açılışına gələcək. Çox xahiş edirik bizim prezidentimizə çatdırın ki, burada 100 ailənin yaşadığı bu iki kəndə də baş çəksin. Biz onun bütün siyasətlərini bəyənirik. Bizi onun yanına buraxmayacaqlar. Artıq dərəcədə xahiş edirik gəlib bizim vəziyyətimizlə maraqlansın. Bu kənddəki vəziyyəti, nələr çəkdiyimizi görsün.”
Oradakı qızıl yatağının işlənməsində prezident ailəsinin də payının olmasından kənd sakinlərinin xəbəri yoxdur. Bu barədə ehtimala belə inanmırlar: “Prezidentə nə xeyri var ki? Mən inanmıram ki, xarici şirkətlər burada qızılı çıxara və aparıb prezidentə verə. İnanmıram. Bilirik ki, buranı işlədənlər xaricilərdir “ingilis işlədir”.
Kənd müəllimi Nurəddin Ramazanov deyir ki, bunların heç birindən prezidentin xəbəri yoxdur: “Prezidentin də bunlardan xəbəri yoxdur. Prezident Somaliyə yardım edən adamdı. Amma bizim öz məmurlarımız bizi Somalidən pis vəziyyətə salıblar”.
N.Ramazanov da AİMROC-ya görə torpağının bir hissəsini itirib. Deyir, 110 manat maaşla ailəsini güclə dolandırır: “11 saat məktəbdə dərs deyirəm. Bununla nə dolanışıq olur? Yeganə gəlir yerimiz o otlaq sahəsi, torpağımız idi Onu da məcburi şəkildə əlimizdən aldılar. Hektarına da cəmi 2 min manat ödədilər. Dövlət hesabınadır. 5-6 malımız var idi. O da örüşümüzü əlimizdən aldılar. Qalmışıq belə. Qızıl zavoduna görə yolumuzu dağıtdılar. Kəndə gələn bulağımız var idi onun da dağıtdılar. Daha burada yaşamağa şərait yoxdur”.
Kənddə yaşayan Qarabağlı məcburi köçkün Allahverdiyev ümid edir ki, o da həmin qızıl emalı zavodunda iş tapa biləcək. Yerli sakinlərin dediklərinə görə, orada günü 10 manata iş var. Amma hələlik müəssisədə kənd sakinlərindən çox az adama iş verilib.