Zabitlər Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır

  • PDF

Font Ölçüsü

Bu qurumun məhkəməyə verilməsi planı var

Bu gün “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi (EİZİB) tərəfindən 1991-2011-ci illər ərzində istifadə edilməyən məzuniyyət əvəzinə hərbi qulluqçulara pul kompensasiyasının verilməsi problemlərinə həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirdə eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hərbi qulluqçuların sosial-hüquq müdafiəsinin gücləndirilməsi sahəsində fəaliyyətinə ictimai birliyin münasibəti açıqlandı.


“MƏZUNİYYƏTDƏN İSTİFADƏ ETMƏYƏNLƏRƏ PUL VERİLMƏLİDİR”

EİZİB sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli bildirdi ki, 1992-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmiş “Hərbi qulluqçuların statusu” haqqında qanuna görə, il ərzində hər bir hərbi qulluqçuya - zabitlərə 45 sutka, gizirlərə 40 sutka məzuniyyət verilməlidir. Amma o zaman bunu reallaşdırmaq mümkün deyildi, hərbi əməliyyatlar buna imkan vermirdi. “Əgər hərbi qulluqçulara hətta növbəlilik əsasında məzuniyyət verilsəyidi idarə heyətinin ən azı 30 faizi daim məzuniyyətdə olacaqdı. Bu səbəbdən məzuniyyətlərin verilməsində problemlər vardı. Amma çox təəssüf ki, bu hal müharibədən sonra da davam etməyə başladı. Bunu qanunsuzluq halı kimi qiymətləndirirəm”, - deyə o bildirdi.

Y.Cəfərli bildirdi ki, 1998-ci ildən etibarən Azərbaycan ordusunda növbəti məzuniyyətin verilməsi halları özünü büruzə verdi. “Düzdür, atəşkəs dövrünün başlanğıc illərində arxa cəbhədə yerləşən hərbi hissələrdə məzuniyyət verilməsi hallarına başlanıldı. Amma bu prosesə kütləvi şəkildə eyni zamanda döyüş bölgəsində 1998-ci il ilin sonundan başladı. 2000-2001-ci illərdən sonra bu proses surətləndi, 2005-2006-cı illərdən bu yana demək olar ki, bütün hərtbi qulluqçulara – zabit və gizirlərə hamıya məzuniyyətlər verilir” deyən Y.Cəfərli qeyd etdi ki, istifadə edilməyən məzuniyyət əvəzinə hərbi qulluqçulara pul kompensasiyasının verilməsi zəruri məsələyə çevrilib.

“Kim məzuniyyətdən istifadə etməyibsə, ona pul kompensasiyası ödənilməlidir” deyən Y.Cəfərli xatırlatdı ki, 1993-94-cü illərdə Azərbaycanın müdafiə naziri Məmmədrəfi Məmmədov hamıya istifadə edilməyən məzuniyyətlər əvəzinə pul kompensasiyalarının ödənilməsi haqqında göstəriş vermişdi. “Hətta hazırkı müdafiə naziri Səfər Əbiyev də sənədə imza atıb bu pulu aldı. Amma S.Əbiyev müdafiə naziri olan zaman Məmmədrəfi Məmmədovun əmrini yazılı şəkildə ləğv etməsə də şifahi şəkildə göstəriş verdi ki bu pul verilməsin. Bu proses uzun müddət davam etdi. Ciddi narazılıqlar ortaya çıxdı”, - deyə Y.Cəfərli bildirib.

“NAZİRLƏR KABİNETİ PREZİDENTİN FƏRMANINI YERİNƏ YETİRMİR”

EİZİB sədri bildirdi ki, ictimai təpki nəticəsində qeyd edilən problemin həlli istiqamətində müəyyən addımların atılmasına başlanıldı. 2010-cu ilin əvvəllərində Müdafiə Nazirliyinin təşəbbüsü ilə Milli Məclisə təklif göndərdi. Milli Məclis “Hərbi qulluqçuların statusu haqqında” qanuna və “Hərbi xidmətkeçmə haqqında əsasnamə”yə əlavələr edərək hərbi qulluqçulara istifadə edilməyən məzuniyyətlərin ödənilməsinin hüquqi əsasını yaratdı. Prezident İlham Əliyev daha sonra bu əlavələri təsdiqlədi. Bütün fərmanlarda olduğu kimi Nazirlər Kabinetinə göstəriş verildi ki, 3 ay müddətinə problem araşdırlsın və kompensasiyaların ödənilməsinə başlanılsın.

“Artıq il yarıma yaxındır ki, Nazirlər Kabinetinin bu istiqamətdə hər hansı fəaliyyəti yoxdur, heç bir mexanizm hazırlanmayıb. EİZİB-ə bu istiqamətdə xeyli sayda müraciətlər daxil oldu. Biz kompensasiyaların ödənilməsi ilə bağlı məhkəmələrdə iddialar qaldırdıq və məhkəmələr də bizim iddiaları təmin etdilər. Amma təəssüf ki. bu iddialar yerinə yetirilmir. Əsas səbəb kimi, Nazirlər Kabinetinin bu istiqamətdə mexanizm hazırlamaması göstərilir”, - deyə Y.Cəfərli bildirdi.

Y.Cəfərli qeyd etdi ki, bir sıra məlumatlara görə, Nazirlər Kabineti istəmir ki, parlamentin qəbul etdiyi əlavələr və bu barədə prezidentin fərmanı ehtiyatda və istefada olan zabit və gizirlərə şamil olunsun.

“Biz bu istiqamətdə dəqiqləşdirmələr aparırıq. Aydındır ki, qanunun tələblərinin yerinə yetirilməməsində həm Nazirlər Kabinetinin rəhbərliyinin – baş nazirin, həm də Müdafiə Nazirliyinin rəhbərliyinin məsuliyyəti var. Müdafiə Nazirliyinin rəhbərliyi prezidentlə əlaqə saxlayıb onun fərmanının Nazirlər Kabineti tərəfindən yerinə yetirilmədiyini deməlidir”, - deyə Y.Cəfərli bildirdi.

“MÜDAFİƏ NAZİRLİYİNİN RƏHBƏRLİTYİ TABEÇİLİYİNDƏ OLANLARA LAQEYD MÜNASİBƏT BƏSLƏYİR”

Y.Cəfərli bildirdi ki, aşağıdakı səbəblərdən qeyd edilən istiqamətdə problemlər ortaya çıxıb:

- Bu qərarın yerinə yetirilməməsi bürokratiya əngəllərlə bağlıdır;
- Nazirlər Kabinetinin fəaliyyətində ciddi problemlər var;
- Nazirlər Kabinetinin üzvləri arasında münasibətlərdə problemlər mövcuddur;
- Müdafiə Nazirliyinin rəhbərliyinin öz tabeçiliyində olanlara qarşı laqeyd və hörmətsiz münasibəti var və s.

İctimai Maraqları Araşdırma Mərkəzinin sədri, ehtiyatda olan polkovnik-leytenant Pərviz Hacıyev bildirdi ki, prezidentin qeyd edilən fərmanının niyə həllini tapmadığı üçün ciddi araşdırmalar aparmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar. “Silahlı Qüvvələr veteranları” ictimai birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev bildirdi ki, ölkədə istirahət hüququ pozulur və bu, qanuna hörmətsizlik kimi qaiymətləndirilməliduir. “Hazırda Silahlı Qüvvələrin müxtəlif növlərində xidmət edən hərbi qulluqçuların istirahət hüququ, həftəlik 41 saatlıq iş rejimi pozulur”, - deyə D.Əliyev bildirdi. “Nazirlər Kabinetinin hərəkətsizliyindən şikayət etməyin vaxtı çatıb. Təklif edirəm ki, bu məsələ ilə bağlı prezidentə müraciət edilsin”, - deyə o qeyd etdi.

“NAZİRLƏR KABİNETİNİ MƏHKƏMƏ İDDİASI HƏRƏKƏTƏ GƏTİRƏCƏK”

“Orduya Dəstək” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Oqtay Kərimov səslənən fikirləri dəstəklədiyini bildirdi. “Bizim ordumuz döyüş şəraitində yaşayan ordudur. Bu kimi məsələlər orduda döyüş ruhunu aşağı salır”, - deyə o bildirdi.

Hərbçilərin Hüquqularını Müdafiə Mərkəzinin direktoru Telman Əbilov bildirdi ki, Nazirlər
Kabinetinin məhkəməyə verilməsi vacibdir. “Yalnız bununla da bu qurumu hərəkətə gətirmək mümkün olacaq”, - deyə o bildirdi. EİZİB sədri bu təklifin qəbul olunduğunu bildirdi. Eyni zamanda o qeyd etdi ki, fevral ayının 3-də müzakirə olunan problem üzrə Nazirlər Kabinetinin qarşısında piket keçirilməsi planlaşdırılır. Bununla bağlı bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndəriləcək.

NAZİRLƏR KABİNETİNİN MƏSULİYYƏT DAŞIDIĞI HALLAR

Y.Cəfərli qeyd etdi ki, ümumilikdə, EİZİB hesab edir ki, hərbi qulluqçuların və eyni zamanda ehtiyatda olan zabit, gizir və miçmanların aşağıdakı hüquqlarının pozulmasına görə hüquqi məsuliyyət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzərinə düşür:

- Məzuniyyət və istirahət hüququndan məhrum edilmiş zabit və gizirlərə istifadə edilməmiş məzuniyyət və istirahət günləri əvəzinə pul kompensasiyalarının ödənilməsinin gecikdirilməsi ("Hərbi qulluqçuların statusu haqqında" qanunun 11-ci maddəsinin 1-ci bəndi);

- Zabit və gizirlərə ərzaq üçün verilən pul kompensasiyası istehlak səbətinin dəyərinə uyğun olmaması ("Hərbi qulluqçuların statusu haqqında" qanunun 10-cu maddəsinin 5-ci bəndi);

- Zabit, gizir və miçmanlara mənzil kirayəsi üçün verilən pul kompensasiyalarının miqdarının gerçəklikdə tələb olunan məbləğdən qat-qat aşağı olması ("Hərbi qulluqçuların statusu haqqında" qanunun 12-ci maddəsinin 1-ci bəndi);

- Fərdi yaşayış evi tikən hərbçilərə əvəzsiz maliyyə yardımının göstərilməməsi; ("Hərbi qulluqçuların statusu haqqında" qanunun 12-ci maddəsinin 5-ci bəndi);

- Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının və hərbi tədris müəssisələrinin kursantlarının uşaqlarına ödənilən pul müavinətinin məbləğinın istehlak səbətinin dəyərinə uyğun olmaması ("Hərbi qulluqçuların statusu haqqında" qanunun 21-ci maddəsinin 3-ci bəndi);

- Ailədə adambaşına gəlirləri müəyyən edilmiş dolanacaq minimumundan az olan müddətli həqiqi hərbi xidmət qulluqçularının ailələrinə maddi yardımın göstərilməməsi ("Hərbi qulluqçuların statusu haqqında" qanunun 21-ci maddəsinin 2-ci bəndi);

- Hərbi qulluqçuların işləməyən arvadlarına öz ərlərinin xidmət yeri üzrə işə düzəlməsi mümkün olmamasına görə minimum əmək haqqı məbləğində aylıq pul müavinətlərinin ödənilməməsi ("Hərbi qulluqçuların statusu haqqında" qanunun 21-ci maddəsinin 1-ci hissəsinin J bəndi);

- Zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının vəzifə maaşlarının minimum məbləği dövlət qulluqçularının orta əmək haqqlarından az olması ("Hərbi qulluqçuların statusu haqqında" qanunun 11-ci maddəsinin 1-ci bəndi) və s.

Milaz.info










Yeni Xəbərlər:
Öncəki Xəbərlər:

Oxunub