“Riyad-Farm” dərman bazarında “at oynadır”

  • PDF

Font Ölçüsü

Şirkət yerli firmalara olan borcunu ödəmək istəmir

Aqil Əliyevin oğlu Ilqar Əliyevin nəzarətində olan “Riyad-Farm” dərman satışı ilə məşğul olan yerli firma və şirkətlərə yığılıb-qalmış borcunu ödəməkdən imtina edir. Şirkətin borclandığı müəssisələrin bildirdiyinə görə, buna qədər “Riyad-Farm”la əməkdaşlıqlarında ciddi problem olmayıb. Şirkət borclarını vaxtı-vaxtında olmasa da, ödəyib.
Lakin bir neçə aydır ki, “Riyad-Farm” borcunu pul şəklində ödəməkdən imtina edir və bunun əvəzində firmalara özünün xaricdən gətirdiyi dərman preparatlarını təklif edir. Firmalar isə borcun bu formada ödənişinin onlara qətiyyən sərfəli olmadığını bildirərək pullarını tələb edirlər. Belə olanda isə “Riyad-Farm” borc sahiblərini ya “pul yoxdur” deyib aylarla gözlədir, ya da şantaj edir ki, qoyulan şərtlə razılaşmasalar, onların yerli bazara təqdim etdikləri dərman preparatanın eyni adlı, lakin başqa ölkə istehsalı olanını Azərbaycana idxal edəcəklər. Tutalım, Avropa istehsalı olan “X” adlı dərmanın Rusiya variantını Azərbaycana gətirəcəklər və bu yolla da həmin şirkətin “bazarını öldürəcəklər”.
Hazırda “Riyad-Farm”ın həmin firmaların bəzisinə on mindən, bəzisinə isə hətta bir milyondan artıq borcu var. Maraqlısı odur ki, böyük miqdarda borcunun olmasına baxmayaraq “Riyad-Farm” həmin müəssisələrdən mal alışını uzun müddət davam etdirib. Malın pulunu vermək məqamı gələndə isə bundan boyun qaçırıb. Narazılıq edənlərə “Gedin, kimə istəyirsiz şikayət edin” deyən “Riyad-Farm” rəhbərliyi görünür, bu yolla “yuxarılara” arxalandığını nümayiş etdirməyə çalışır.
Şirkətin dərman depoları ilə əməkdaşlıqda da oxşar metodlardan istifadə etdiyi bildirilir. Artıq iki depo - “Lider-Farm” və “Trust-Med” təzyiqlərə davam gətirə bilməyərək məcburən “Riyad-Farm”ın nəzarətinə keçib.  
1998-ci ildə təsis edilən “Riyad-Farm” MMC-nin Azərbaycan üzrə 20-dən çox filialı və 40 aptek şəbəkəsi fəaliyyət göstərir. Müəssisə əsasən topdansatış əczaçılıq fəaliyyəti ilə məşğuldur.

Informasiya şöbəsi






Yeni Xəbərlər:
Öncəki Xəbərlər:

Oxunub