Maşallah, ölkədə dirilərlə bir problem qalmadı. Hamı başını salıb aşağı şad-xürrəm yaşayır. Şanlı hökumətimiz narazı olanların yarısını sərhədin o tayına ötürdü, yarısını da Kürdəxanıya “dincəlməyə” göndərdi. Bununla da məsələ həll olundu. Düzdü, hərdən Obama kimi xalqımızı gözü götürməyənlər nəsə deyir, amma xeyri yoxdu. Arxamızda o boyda Rusiya durur. Cənab Jirinovskinin Bakıya gəlişi də göstərdi ki, qüdrətimiz hər kəsə bəllidir.
Jirinovski dedim, qoyunlar yadıma düşdü. Qarşıdan Qurban bayramı gəlir deyə qiymətləri yenə qalxıb. Amma qəti narazılıq yoxdu. Dedim axı, biz bir millət olaraq narazılıq ifadəsini unutmağa başlayırıq.
Qısası, indi hökumətimiz bekarçılıqdan bilmir nə etsin, başlayıb ölülərin “işinə” baxmağa. Yəni, gündəmdəki əsas məsələ vayxanaların təşkili, qəbirlərin nizamlanmasıdır.
Hörmətli Mubariz müəllim Dini Komitəyə sədr gələn gündən dayanmadan bu məsələnin üzərində çalışır. Ötən ayı “yaslarda israfçılığa yox deyək” kampaniyası ilə başa vurduq. Düzdür, dedilər ki, müəllimin özü qardaşının yas mərasimində 7 çadır qurdurub, ehsan verdirib, amma biz belə şeylərə inanmırıq. Adam israfçılıqla mübarizə aparırsa, niyə özü israfçılıq eləsin?
Onsuz da bəzəmək bizim millətin qanındadır. Bir zamanlar Əflatun Amaşov da reket jurnalistlərlə mübarizə aparırdı, ağzıgöyçəklər də deyirdi ki, bütün reketlərin cibində MŞ-nın vəsiqəsi var. Düzdü, bir neçəsini mən də görmüşdüm, amma inanmamışdım, düşünmüşdüm, saxtadır. İndi də Mübariz Qurbanlının əməllərində dediklərinin nişanəsini gəzirlər.
Hətta o gün daha bir ağzıgöyçək deyir ki, bəs Mubariz müəllim müsahibəsində bu mənasız adətlərin Zərdüştlükdən gəldiyini deyib və onu pisləyib. Guya Mübariz müəllim bununla kökümüzü bəyənmədiyinə işarə vurub. Təbii, inanmadım. Mübariz müəllim uzun illərdir YAP-ın əsas fiqurlarındandır. Zərdüştlüyü bəyənməsəydilər, çoxdan Atəşgahın yerində yaşayış binası ucaltmışdılar. Ta o da başqa mövzudur ki, kimdi o ərazidə ev alan?!
Söhbətin ucundan tutub yenə gedib çıxdım başqa tərəfə. Sözümün canı vardı. Mübariz müəllim indi də qəbirlərdən danışıb. Deyib ki, hazırda yeni layihə üzərində işləyirlər. Bu layihəyə əsasən bütün başdaşılar eyni ölçüdə olacaq. Yəni, məsələn, mənim qəbrim Vüqar Səfərovun qəbrindən seçilməyəcək. Heç kim də bilməyəcək ki, rəhmətlik necə səxavətli adam olub, oğluna məxsus qəzetlərə nə pullar ayırıb, dövlət büdcəsindən necə şəxsi cibi kimi istifadə edib. Eləcə də mənim qəbrimə baxan ac gəlib, ac getdiyimdən xəbər tutmayacaq və s.
Mübariz müəllim onu da deyir ki, qanunun geriyə qüvvəsi yoxdur. Yəni, indi məzar alanlar, yer tutanlara şamil olunmayacaq. Bu da o deməkdir ki, kim istəsə indidən özünə heykəl-qəbir düzəltdirə bilər.
Elə bilirsiz edən olmaz? Əlbəttə, olar. Biz hər məsələdə unikalıq axı…