Avropa ölkələrində hər şeydən öncə diqqətimi yollar, nəqliyyat infrastrukturu çəkir. Yox, mən Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisə etməyəcəm. Heç deməyəcəm ki, Hollandiyada asfalt döşəməyə rast gəlmədim, bütün küçələr xırda daşlarla döşənib, yollar betondandır. Desəm, mütləq kimsə tapılıb cavabımı verəcək ki, bəs biz gənc dövlətik, müharibə vəziyyətindəyik, iqtisadiyyatımız indi-indi çiçəklənir və s. Ona görə də mən Azərbaycanı bizdən də betər müharibə görmüş, Srebrenitsa kimi soyqırım yaşamış, şəhərləri-kəndləri viran qalmış, hazırda daxili istehsalı olmayan, yeni-yeni dirçəlməyə başlayan Bosniya və Herseqovina ilə müqayisə edəcəyəm.
Ölkənin paytaxtı Sarayevoda hələ sovet dönəmindən qalmış köhnə tramvaylar işləyir, heç avtobuslar da yeni deyil. Amma sözün əsl mənasında işləyir. Dayanacaqlarda saatlarla avtobus gözləmirsən, heç kim küçədə dayanıb avtobusa adam səsləmir, basıb sürücü döymür, pul yığmır. Nəqliyyatın intellektual idarəetmə sistemi dəqiqliklə işləyir. Yuqoslaviya dağılmamışdan öncə çəkilən yollar necə vardısa, elə də durur, bir çata, çökəyə rast gəlməzsən.
Bəli, bu ölkə də korrupsiya girdabındadır, amma önəmli olan odur ki, bu ölkənin Ziya Məmmədovu yoxdur.
Ölkə haqqında ilk təsəvvürlər gömrükdən və yollardan başlayır ki, bizdə də məhz bu iki sahə bərbad gündədir. Gömrüklə bağlı növbəti yazımda danışacam. Hələlik işim nəqliyyatla bağlıdır.
Sadəcə, mənə çox maraqlıdır, görəsən eyni yolun təmirinə hər il büdcədən pul ayrılanda Ziya müəllim utanmır? Yaxud, tikilən bu mənasız körpülərdən keçəndə düşünürmü ki, basıb yedikləri pulun müqabilində Bakı əhli üçün heç nə etməyiblər? 20 Yanvar, 3-cü mikrorayon dairələrinin üstündəki körpülərdən gün ərzində neçə maşın keçdiyini belə, asanca saymaq olar. Körpünün altı tıxac olsa da, üstündən yarım saat ərzində heç 10 maşın keçmir.
Hörmətli Ziya müəllim elə bir küçə göstərsin ki, yolları dincəlməyə getdiyi ölkələrdən birinin yolları ilə müqayisə olunacaq səviyyədədir. Elə bir avtobus göstərsin ki, içərisində sərinkeşi, kondisioneri var. Elə bir dayanacaq göstərsin ki, oradakı intellektual idarəetmə sistemi doğru işləyir və avtobus ekranda göstərilən zamanda orada olur.
Göstərə bilməz. Çünki yoxdur. Büdcədən silinən pulların nəyə və niyə xərcləndiyi bəlli deyil. Əgər bu intellektual idarəetmə sistemi varsa, o zaman hər dayanacaqda sürücülərin üstünə çığıran, onlardan pul qoparan adamlar nəyə lazımdır? Ziya müəllim getdiyi hansı ölkədə bu cür idarəetmə üsuluna rast gəlib?
Görünən odur ki, Ziya Məmmədov bu mədəni dilənçilərinin topladığı pulların xatirinə vəziyyəti dəyişmək istəmir. Nəticədə ailəsi lüks həyat yaşayır, qardaşı oğlanları avtoşluq edib maşınlarını min bir əziyyətlə evinə çörək aparanların gözünə soxur. Nə vaxta qədər nəqliyyat sistemi bu adamın əlində əsir qalacaq, bunu isə bu ölkədə bilən yoxdur. Deyəsən, axı heç bu ölkədə Ziya Məmmədova gücü çatan da yoxdur?!